Bakı 7˚C Sunny

"Biz müharibədə ənənəvi medianın gücünü gördük" - Emin Musəvi

Eksklüziv 18:20 19 okt, 2021

"Hər kəs öz bacarığı ilə mübarizəyə qatıldı"

"Biz müharibədə ənənəvi medianın gücünü gördük" - <span style="color:red">Emin Musəvi</span>

Ordusu, xalqı, siyasi rəhbərliyi ilə birgə bütün Azərbaycan Vətən Müharibəsi zamanı vəhdət göstərdi. 

Azərbaycan işğalçı düşmənə qarşı birlik göstərərək 30 illik həsrət son qoydu. Bu qələbə bütün xalqın əzmkarlıq nümunəsinə çevrildi və əsrlər boyu yaddaşlara həkk olunacaq. 

Qazet.az “44 GÜN” adlı yeni layihəsində şanlı savaş tariximizin hər bir günü Azərbaycan ziyalılarının yaşantılarını parça-parça, damcı-damcı bir bütövə toplayır. Bu gün 22-ci gündür.

44 GÜN LAYİHƏSİ
 

 

Azərbaycanın tanınmış jurnalisti, “Asan Radio”nun direktoru Emin Musəvi İkinci Qarabağ müharibəsinin cəmiyyətə təsiri və informasiya strategiyası ilə bağlı Qazet.az-a müsahibə verib

 

–  Çox maraqlıdır ki, Emin Musavi Vətən müharibəsinin ilk dəqiqələrini necə xatırlayır? Sizin ilk addımınız, ilk sözünüz, həmin anda keçirdiyiniz hisslər…

–  Müharibənin necə başladığı anbaan yadımdadır. Heç vaxt unutmaram. Səhər oyandım ki, internet yoxdur. Cəbhədən ardı-arası kəsilmədən xəbərlər gəlirdi. Bizim ASAN radioda whatsapp-da qrupumuz var. Bütün heyət oradadır. Dərhal yazdım ki, bəs, hamımız işdə olaq… Amma əməkdaşlar cümləni bitirməyə macal vermədi. Hamı artıq öz yerində idi. Bilirdik ki, vəziyyət gərgindir, lakin əsl mahiyyət növbəti saatlarda məlum oldu. Xəbər gəldi ki, Azərbaycan ordusu əks-hücuma keçib. 27 sentyabr, bazar günü idi. 
Soruşsanız ki, niyə bütün bunlar belə dəqiq yadımda qalıb, belə cavab verərdim: həmin dəqiqələrdə keçirdiyim hisslər unudulmazdır. Bir tərəfdən, cəbhədən gələn xəbərlərin həyəcanı, digər tərəfdən, sözlə təsvir edə bilməyəcəyim qürur hissi. Hər şey bir-birinə qarışmışdı. Belə anlarda üzərimizə düşən yeganə missiya odur ki, vətən qarşısında jurnalist kimi borcumuzu layiqli şəkildə yerinə yetirək. Və əminəm ki, biz bunu bacardıq.
Sözün düzü, 2016-cı ilin aprel və 2020-cı ilin Tovuz döyüşləri zamanı mən çox ümidliydim ki, bu dəfə biz mütləq işğalda olan ərazilərimizi geri qaytaracayıq. Bu səbəbdən 27 sentyabr tarixində, həmin o ilk anlarda kimsə desəydi ki, Qarabağı azad edəcəyik, buna tam əminiydik, yəqin ki, bir çoxları bu sözləri, ən azından, ciddi qəbul etməzdi. Lakin xəbər gəldi ki, bir neçə dəqiqədən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı xalqa müraciət edəcək. Bu müraciətdən sonra artıq özüm üçün təsdiqlədim ki, müharibə başlayıb. Cənab Prezidentin imzaladığı “Hərbi vəziyyətin elan olunması haqda” fərmanı bir neçə saatdan sonra elan olunanda başa düşdüm ki, bu, məsələnin bir dəfəlik həllidir.
Təbii ki, müharibə zamanı itkilər olur. Allah şəhidlərimizin ruhunu şad eləsin, qazilərimizə, döyüşlərdən sağ-salamat qayıdan igidlərimizə can sağlığı, uğurlar nəsib etsin. Bu qələbəni Azərbaycan xalqına yaşadan Ali Baş Komandan başda olmaqla, bu qəhrəmanlara əbədi minnətdarıq, qarşılarında baş əyirik.

Emin Musəvi Cəbrayılda

–  Şuşanın azad edilməsi xəbəri sizə necə təsir etdi?

– Yalnız Şuşa yox, elə Cəbrayıl, Hadrut, Zəngilan, Qubadlı azad ediləndə sevincdən özümə yer tapa bilmirdim. Əlbəttə, Şuşa mənim üçün fantastik bir xəbər idi. Yadımdadır, Ali Baş Komandan bu şad xəbəri elan edəndən dərhal sonra mən də maşınla çıxdım şəhərə və qələbəni qeyd edən xalqımızın oğul və qızlarına qoşuldum. Bu, çox böyük bir qələbə idi. Xatırlayıram ki, həmin gün facebook hesabımızda şəhərdən canlı yayım edirdim. Saysız-hesabsız maşın və insan var idi. Əllərində bayraqlarla, fərqli şüarlarla gənclər, uşaqlar, böyüklər, yaşlı insanlar şəhərin küçələrinə axışmışdılar. Gözlərim yaşarırdı bu mənzərələri gördükcə… 
Mən ilk dəfə Şuşaya gedəndə də qarışıq hisslər keçirdirdim. Çünki Birinci Qarabağ müharibəsində məhz Şuşanın işğaldan azad edilməsi üçün nə qədər şəhidlər vermişdik. Belə məqamlar insana hər baxımdan təsir edir.

 

–  Sizcə, müharibə Azərbaycan cəmiyyətinin milli dəyərlərinə və ruh yüksəkliyinə necə təsir etdi?

–  Məncə, Azərbaycan cəmiyyətini çox dəyişdi. Ümumiyyətlə, o ruhu mən Aprel döyüşlərində hiss etdim və gördüm. Çünki biz radiolar arasında bütün məsələlərə ilk reaksiya verirdik. 2016-cı ilin aprel ayında nələrin baş verdiyini əvvəlcə başa düşmədik, amma sonra dərhal formatı dəyişdik. Ondan sonra isə başladıq məlumatlar toplamağa. Rəsmi qaydada, eyni zamanda, bizim peşəkar jurnalistlərimiz var ki, cəbhə bölgəsindən onları birbaşa efirə qoşurduq. Elə onda gördüm ki, bu artıq başqa ruhdur. Bilirsiniz, xarici ölkələrdə, məsələn, Avropa İttifaqında, postsovet məkanında jurnalistlər üçün təşkil olunan müxtəlif beynəlxalq görüşlərdə iştirak edəndə istər-istəməz qonşu ölkənin nümayəndələrilə qarşılaşırdıq. Bəzən söhbətlərimiz də olurdu. Mən öz adıma sivil qaydada deyirdim ki, “siz istəsəz də, istəməsəz də torpaqlarımızı işğaldan azad edəcəyik. Sülh yolu ilə olmasa, müharibə yolu ilə olacaq”. Orada bir jurnalist var idi, hətta Azərbaycanda səfərdə olmuşdu, “ASAN Xidmət”ə gəlmişdi. Xüsusi proqramla orada idi. Onlar bəzən çox asta, özlərinə məxsus tərzdə deyirdilər ki, “düzdür, bu məsələ həll olunmalıdır, amma müasir dünya və böyük ölkələr imkan verməz ki, bu məsələ müharibə yolu ilə həll olunsun”. Düzdür, 2020-ci il pandemiya ilə ən çətin il oldu, amma bizim üçün şərəfli qələbəylə yaddaşlara həkk oldu. Ona görə mən hesab edirəm ki, biz ruhən, qəlbən dəyişmişik. Tam başqa mərhələdəyik. Ali Baş Komandanın rəhbərliyilə və igidlərimizin gücü ilə biz bu qələbəni qazandıq.

 

–  Qələbə qazanmaq vacibdir, lakin dünyanı ona inandırmaq, onu təbliğ etmək də çox əhəmiyyətlidir. Bu istiqamətdə ziyalılarımızın və gəncliyimizin üzərinə hansı vəzifələr düşür?

–  Həqiqət Azərbaycanın tərəfindədir. Bütün hüquq normalarına əsasən, bu belədir və bunu hamı bilir. Dünyada heç bir dövlət yaxud beynəlxalq təşkilat onların saxta “arsax” kriminal rejimini tanımadı. Heç Ermənistanın özü də bunu etmədi. Buna baxmayaraq elə saxta, yalan, əsassız məlumatlar yayırdılar ki, bəzi ölkələr, bəzi insanlar bunları həqiqət kimi qəbul edirdi. Əlbəttə, müharibə zamanı və ondan sonra bizlərin, gənclərimizin rolu çox böyük oldu. Jurnalistlər, ictimai xadimlər sosial şəbəkələrdə fəal olmaqla çox uğurlu şəkildə haqqı müdafiə edirdi və bu proses davam edir.
Ali Baş Komandanın müharibə zamanı əməliyyatlara nəzarət etməklə yanaşı, informasiya müharibəsinə rəhbərlik etməsi Azərbaycan üçün mühüm istiqamət vermiş oldu. Əsl lider statusunu öz üzərinə götürən dövlət başçısı dünyanın aparıcı medialarına verdiyi açıqlamalarla haqqımızda yayılan yalan xəbərlərin qarşısını alırdı. Bu prosesdə də Azərbaycan böyük irəliləyişə nail olub.

Emin Musəvi “Asan Radio”da

–  Azərbaycan jurnalistikasının müharibə zamanı fəaliyyətini necə dəyərləndirirsiniz? Bundan sonra informasiya strategiyamızı necə qurmalıyıq?

– Azərbaycan jurnalistikasının rolu çox böyükdür: həm daxili, həm də xarici auditoriya üçün çox çalışdılar. Jurnalistlərimiz isə birinci Qarabağ müharibəsində də, Vətən müharibəsində də böyük qəhrəmanlıq göstəriblər. Biz 2020-ci ilin payızında ənənəvi medianın, radioların, televizyanın gücünü gördük. Məlum səbəblərdən, internetə çıxışa məhdudiyyətlər tətbiq edilmişdir. Azərbaycan televizyası, İctimai kanal, özəl kanallar, elə bizim öz radiomuz informasiya müharibəsində fəal iştirak edirdilər. Bizim radiomuz işğaldan azad olunmuş ərazilərə ilk gedən radio oldu. ASAN Radio ən birinci cəbhə məlumatlarını çatdırdı, canlı yayımlar təşkil etdi. Biz hər zaman arzulamışdıq ki, Şuşadan səsimiz gəlsin, qələbə xəbərlərini çatdıraq və bunu etdik. Biz müharibədə ənənəvi medianın gücünü gördük. Əlbəttə, fədakar jurnalistlərimiz də çoxdur. Allah şəhidlik zirvəsinə ucalan gənc jurnalistlərimizə rəhmət eləsin. Jurnalistlərimizin rolu müharibədə çox böyük oldu.
Adətən biz çəkilişlər üçün gedirdik cəbhə bölgəsinə, üstümüzdə hərbi geyim çəkiliş edib, xəbər hazırlayırdıq və düşünürdük ki, həmişə belə olacaq. Əslində, müəyyən təlimlər keçdikdən sonra jurnalistə press yazısı olan zirehli jilet verilir və o, cəbhə bölgəsinə göndərilir. Hərbi jurnalistika dünyanın aparıcı ölkələrində tam ayrıca bir sahədir. Hesab edirəm ki, kifayət qədər çətin, amma çox şərəfli və riskli peşədir. Bu sahəyə özlərini həsr edən jurnalistlər daha mükəmməl işləməlidirlər. Döyüşlər zamanı bir çox müxbirlər öz həyatını gözə alıb döyüş meydanına atılırdı. Hər kəs öz bacarığı ilə mübarizəyə qatıldı -  jurnalistlərimiz də eləcə. Mən qəhrəman jurnalistlərimizin qarşısında baş əyirəm. Bir daha Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, onların ruhu qarşısında baş əyirəm, qazilərimizə də can sağlığı arzulayıram.
 

Dönməz Hüseyin


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.