Bakı 10˚C Sunny

"Bizim teatrda aktyor səhnədə qaçanda onun küləyini, nəfəsini hiss edə bilirsən" - Elman Rəfiyev

Maraqlı 18:05 16 may, 2022

Pantomima teatrının aktyoru və direktoru əməkdar artist Elman Rəfiyevdən açıqlama

"Bizim teatrda aktyor səhnədə qaçanda onun küləyini, nəfəsini hiss edə bilirsən" - <span style="color:red">Elman Rəfiyev</span>

Bu gün 16 may 2022-ci il Azərbaycanda ilk Pantomima Teatrının 28 yaşı tamam olur. Azərbaycan Dövlət Pantomima Teatrının aktyoru və direktoru əməkdar artist Elman Rəfiyevdən Qazet.az-a açıqlama.

Yaxın gələcəkdə Pantomima Teatrı Azərbaycana nə kimi töhfələr verəcək?

Pantomima teatrı hər zaman fərqli teatr olub və onun açıqlamaları da fərqli olur. Qabaqcadan heç kimə heç nə demirik. Çünki, Pantomima tamaşaçıları heyrətləndirməyi sevir. Pantomima teatrının kollektivi surprizləri çox sevir. Bu teatrımızın ustadı, yaradıcısı Azərbaycan Respublikasının xalq artisti Bəxtiyar Xanızadədən irəli gəlir. Çünki, nə qədər teatr qapalı olsa, tamaşaçını heyrətləndirsə onda daha gözəl olar. 
Hal-hazırda teatrımızda çox maraqlı işlər gedir. Bunu etiraf edə bilərəm ki, hətta iki iş üzərində gərgin çalışmalar var. Amma cəmiyyətimizə təqdim ediləndə qiyməti onlar verəcək. Görəsən bu müddət ərzində bizim çalışdığımız onları heyrətləndirə bildi yoxsa yox. 

 

Daha genis tamaşaçı auditoriyasi üçün yeni bina nəzərdə tutulurmu?

Əslində, dünyadakı bütün pantomima teatrlarına nəzər salsaq görərik ki, teatrlar studio şəklindədir. Pantomima janrı kompakt üsul tələb edir. Pantomima teatrı 500-1000 nəfərlik tamaşaçı qarşısında çıxış etsə, o effekti verməyəcək. Pantomima teatrı kamerni teatrdı. Biz çox xoşbəxtik ki, bizə bu cür gözəl bina verilib. 2005-ci ildə nazirimiz Polad Bülbüloğlu tərəfindən verilən binada məskunlaşdıq. 
Hal-hazırda sizin tamaşaçı kimi oturduğunuz zal gələcəkdə foye olacaq. Amma bugünkü gündə bu cür teatr zalı olan ikinci bir zal görmürəm. Çünki teatrın səhnəsi 3D, 4D, 5D, 6D effekti verir. Elə bil film izləyirsən. Həmçinin aktyor səhnədə qaçanda küləyini hiss edirsən, aktyorun nəfəsini hiss edirsən.
Bəxtiyar Xanızadə qarşımıza belə bir məqsəd qoydu ki, yaxın məsafədə sən o qədər professional olmalısan ki, tamaşaçı sənə inanmalıdır. Yaxşı mənada sən tamaşaçını oynadığın rol ilə aldatmalısan. Çünki, yaxın məsafədə tamaşaçını inandırmaq çox çətin məsələdir. Və yaxın məsafə bizim işimizə olan məsuliyyəti birə on artırdı. Ona görə də biz öz binamızdan narazı deyilik. Bu yaxınlarda bir nənə tamaşadan sonra yaxınlaşaraq dedi ki, “Tamaşanızdan çox zövq aldım amma yeriniz balacadır və havasızlıq hiss etdim”. Mən də dedim ki, xanım biz 1994-cü ildən 2005-ci ilə kimi binasız olmuşuq. 11 il Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərmişik. Sağ olsun ki, o vaxtki direktor Kamal Əzizov bizə şərait yaratdı. Biz 11 il orada kirayədə qaldıq. Artıq 2005-ci ildən bəri bizim öz binamız var. Binamızın ikinci mərtəbəsi təmir olunacaq. Layihəmiz də hazırdır. Amma hamı kimi biz də öz növbəmizi gözləyirik. Mən həmin xanıma dedim ki, şükür Tanrıya ki, Şuşa qayıtdı, Qarabağ qayıtdı. Bu dəqiqə bütün dünyanın gözü Qarabağdadır. Biz gözləyərik, əsas odur ki, Şuşa, Ağdam, Zəngilan, Qubadlı, Füzuli, Kəlbəcər yenidən qurulsun. Çünki bunun üçün böyük vəsait tələb olunur. 
 

Teatr truppanız Polşaya səfərə yollanmışdı. Orada hansı tamaşa ilə çıxış etdiniz? Polşa cəmiyyəti sizi necə qarşıladı?
 

Polşaya getməyimizin tarixcəsi çox maraqlıdır. Çünki biz ora Xocalı Soyqırımının 30-cu ildönümü anmağa getmişdik. 2019-cu ildə səfir olan Nərgiz xanım bizi Bolqarıstana dəvət etmişdi. Polşaya səfir gələn kimi Xocalının 30-cu ildönümündə bizi yenidən dəvət etdi. Mədəniyyət Nazirliyinin və səfirliyin dəstəyi ilə biz ora getdik. Zala ziyalı insanlar, əcnəbilər, azərbaycanlılar toplanmışdı. Bizə böyük və gözəl səhnə ayırmışdılar. Biz orada da müsahibə zamanı qeyd etdik ki, Xocalı faciəsi bitmədi, torpaqları qaytarsaq da Xocalı hər zaman bizim ağrılı yerimiz olaraq qalacaq. Orada Bəxtiyar Xanızadənin yazdığı “Xocalı bu olub” tamaşasını təqdim etdik. Xocalı faciəsinin 20-ci ildönümündə “Unutmayaq” adlı tamaşanı Berlində və Parisdə anmışdıq. İllər keçəcək, biz bu ağrını unutnayacağıq. Pandemiyadan sonra Polşaya ilk səfərimiz idi. 

Pantomima teatrı elə bir janrdır ki, onun sərhəddi yoxdur. Və sonda qeyd etmək istəyirəm ki, Pantomima teatrında əməyi olan bütün insanların bayramını təbrik edirəm. Pantomima teatrının ilk aktyorlarından Rövşən İsax, Səyavuş Hüseynli, Əsəd İsmayılovun adını çəkmək olar. Ondan sonra gələn məktəb xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artis Qurban Məsimov Azər Şabanov, (Axşam) əməkdar artist Nicat Kazımovun adını çəkmək olar. Biz mərhələ-mərhələ bir komanda şəklində olduq. Bu gün mən Azərbaycan incəsənətinə baxanda görürəm ki, incəsənətimizdə öz sözünü deyən insanların keçmişinə, vikipediyasına baxanda Pantomima teatrının, Bəxtiyar Xanızadənin yetirməsi yazılıb. Və onlar Azərbaycan incəsənətinə gözəl töhfələr verdi. Mən bu gün çox xoşbəxtəm ki, 28 ildir ki, bu teatrda çalışıram. Özülü qoyulan bu teatrda 34 ildir ki, mənim də əməyim var. Özümü bu teatrın yaradıcılarından görmək mənim üçün çox xoşdur. Bir daha bütün həmkarlarımın bayramını təbrik edirəm. Bayramımız mübarək.