Bakı 14˚C Intermittent clouds

Bu gün Azərbaycanın Əməkdar artisti Məmməd Salmanovun doğum günüdür

Gündəm 17:44 05 dek, 2021

Bu gün Azərbaycan Respublikasının və SSRİ-nin Əməkdar artisti Məmməd Salmanovun doğum günüdür

Bu gün Azərbaycanın Əməkdar artisti <span style="color:red">Məmməd Salmanov</span>un doğum günüdür

Bu gün Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının və SSRİ-nin Əməkdar artisti Məmməd Salmanovun 91 yaşı tamam olur.

Sağdakı - Məmməd Salmanov

Azərbaycan Respublikasının  Əməkdar artisti  Məmməd Hüseyn oğlu Salmanov 1930-cu il dekabr ayının 5-də Bakı şəhərində anadan olub. O, Bakı musiqi texnikumunun vokal şöbəsində təhsil alıb və daha sonra  Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Milli Konservatoriyasında dahi Bülbülün sinfində oxuyub, vokal fakultəsini bitirib.

Qazet.az xəbər verir ki, əmək fəaliyyətinə 1947-ci ildə başlayan Məmməd Salmanov, uzun illər Azərbaycan Dövlət “Mahnı və Rəqs” ansamblının əsas aparıcı solisti olub,  son zamanlar isə “Azərkonsert” birliyində çalışıb. O, istedadı və zəhmətsevərliyi sayəsində xalq musiqisinin incilərini dərindən öyrənib və 50 il ərzində öz gözəl səsi ilə milli musiqimizi zənginləşdirib.

Məmməd Salmanov  öz istedadını və milli musiqimizi dünyanın müxtəlif ölkələrində - Almaniya, Fransa, Çin, Misir, Əlcəzair, Tunis, Mərakeş, Macarıstan, Bolqarıstan, Polşa, Çexoslovakiya, o cümlədən SSRİ məkanında məharətlə təqdim etməklə, onu ayrı-ayrı  xalqların nümayyəndələrinə sevdirə bilib və musiqimizin təbliğində özünəməxsus xidmətlər göstərib.

1957-ci ildə Rusiyanın Moskva şəhərində keçirilən VI – Ümumdünya Tələbə və Gənclər Festivalının iştirakçısı olub.
Məmməd Salmanov 1962-ci ildə milli mədəniyyətimizin inkişafında uğurlarına görə Azərbaycan Respublikasının “Əməkdar artisti” fəxri adına layiq görülüb və Prezident təqaüdçüsü olub.

Məmməd Hüseyn oğlu Salmanov 2005-ci il, avqust ayının 21-də ömrünün 75-ci ilində dünyasını dəyişib.
Əməkdar artistin nəvəsi  Fərəc Salmanov babası haqqında maraqlı hekayələri redaksiyamızla bölüşüb:

“Onun üçün birinci növbədə xalqı, milli musiqimiz və millətin firəvanlığı olub. Babam heç bir zaman pul arxasınca qaçmayıb, xeyirxah adam olub. Bir dəfə bir məclisdə təsadüfən onun haqqında eşitmişdim: babamı sevən bir ailə toyunda onu görmək istəyib, amma maddi cəhətdən imkanları olmadığı üçün çağıra bilməyiblərmiş. Bunu eşidən Məmməd Salmanov, yetər ki, məclis yiyəsi məmnun olsun, şad günündə sevinsin deyib o məclisə pulsuz gedib oxuyub, təbrik etmişdir.  Bu qədər böyük qəlbə sahib idi. Çünki xalqa yaxın insan idi Məmməd Salmanov.  Mənim də indi ümdə borcum soyadımızı layiqincə daşımaq, bir  musiqiçi ailəsinin davamçısı olaraq onun kimi bir şəxsiyyət  olmaqdır. Təəssüf ki, indi o, yanımızda deyil”.

Dönməz Hüseyin