Bakı 16˚C Sunny

Buğda sürətlə bahalaşır - Ekspertdən bədbin proqnoz

Biznes 14:55 18 may, 2022

Dünyada buğdanın qiyməti 2021-ci ildən pandemiyanın nəticələri və logistik problemlərin meydana gəlməsindən sonra artmağa başlayıb

Buğda sürətlə bahalaşır <span style="color:red">- Ekspertdən bədbin proqnoz</span>

Təəssüf ki, buğdanın bahalaşması digər ərzaq məhsullarının qiymətinin artmasına da təkan verir.

Qazet.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Ukrayna müharibəsi və əsas buğda istehsalçısı olan ölkələrin ixraca qoyduğu məhdudiyyət səbəbindən hazırda müşahidə olunan bahalaşmanı şərh edərkən deyib.

Ekspert qeyd edib ki, dünyada buğdanın qiyməti 2021-ci ildən pandemiyanın nəticələri və logistik problemlərin meydana gəlməsindən sonra artmağa başlayıb:

“2019-cu ildə 180-190 dollara satılan bir ton buğdanın qiyməti keçən ildən artıq 230-250 dollara qədər yüksəlmişdi. Rusiyanın Ukraynaya müdaxiləsi isə bu bahalaşma daha da sürətləndi və ərzaqlıq buğda bazarında ciddi ajiotaj yarandı. Çünki hər iki ölkənin birlikdə dünya bazarındakı buğda payı təqribən 30%-dir.
Hazırda Ukraynadan buğda idxalı ümumiyyətlə mümkün deyil. Rusiyada isə sentyabra qədər buğdanın satışına qadağa qoyulub və yalnız Nazirlər Kabinetinin xüsusi icazəsi ilə taxılın ixracatı həyata keçirilir. Bu hadisələrin ardınca Hindistanda da ixracata qadağa qoyulması buğdanın bütün dünyada bahalaşmasına səbəb olub”.

N.Cəfərli onu da bildirib ki, qiymətlərin aşağı düşməsi yaxın perspektivdə gözlənilmir:

“Müharibənin nə zaman bitəcəyi məlum deyil. Hətta müharibədən sonra da sanksiyalar və digər logistik çətinliklərin tez bir vaxtda aradan qalxması mümkün görünmür. Ona görə də bahalaşma ən azı bu ilin sonuna kimi davam edəcək”.

Qeyd edək ki, hazırda Avropada buğdanın tonu 438 dollara çatıb.