Bakı 26˚C Mostly sunny

Cəlilabadda “Kartofçuluq üzrə toxum, texnika sərgi-satış yarmarkası” keçirilib

Biznes 19:29 14 okt, 2021

 Avadanlıqlarının sərgi-satış yarmarkası keçirilib

Cəlilabadda “Kartofçuluq üzrə toxum, texnika sərgi-satış yarmarkası” keçirilib

Kənd Təsərrüfatı Nazirliyi fermerlərin istək və ehtiyaclarını nəzərə alaraq Cəlilabad rayonunda kartofçuluq sahəsində istifadə olunan toxum, kənd təsərrüfatı texnika və avadanlıqlarının sərgi-satış yarmarkası keçirib.

Bu barədə Qazet.az-a nazirlikdən bildirilib.

Məlumata görə, yarmarkada nazirliyin müvafiq qurumları, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu, “Aqroservis” ASC, müxtəlif bölgələrdən kartof toxumçuluğu ilə məşğul olan fiziki və hüquqi şəxslər, aqrokimyəvi maddələr və pestisidlərin satışı ilə məşğul olan müəssisələr, əsasən isə texnika satışı ilə məşğul olan şirkətlər, eləcə də fermerlər və torpaq mülkiyyətçiləri iştirak ediblər.

Tədbirdə sahənin inkişafına lazım olan bütün texnikalar, gübrəsəpənlər, frezlər, dərmansəpənlər və digər avadanlıqlar, həmçinin kartofun müxtəlif sortları fermerlər üçün nümayiş olunub. Tərəvəzçilik Elmi-tədqiqat İnstitutu tərəfindən “in vitro” üsulu ilə əldə olunmuş kartof toxum materialları təqdim edilib.

Yarmarkanın keçirilməsində əsas məqsəd kartof sahələrində məhsulun kütləvi yığımının vaxtında və itkisiz aparılması üçün istehsalçılara lazım olan və mövcud yeni innovativ texnikalarla tanışlıq, ticarət şəbəkəsinin yaradılması, rəqabət mühitinin formalaşdırılması, istehsalçı ilə istehlakçı arasında birbaşa münasibətlər qurulması, işgüzar və səmərəli görüşlərin keçirilməsi, yeni innovativ texnologiyaları tətbiq etməklə məhsuldarlığın artırılmasıdır.

Sərgi-satış yarmarkasında iştirak edən fermerlərə bu sahəyə dair yeni məlumatlar verilib, sahənin inkişafında istifadə olunan metodlar barədə ətraflı maarifləndirmə aparılıb.