Bakı 15˚C Mostly sunny

Çin də narahat olmağa başladı – “Müharibə uzansa...”

Siyasət 17:21 06 apr, 2022

Bunu politoloq Elxan Şahinoğlu deyib

Çin də narahat olmağa başladı – “Müharibə uzansa...”

“Moskvanın strateji tərəfdaşı olan Pekin Ukraynada müharibənin uzanmasından narahatlığını bir daha ortaya qoyub”.

Qazet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Rusiya-Ukrayna müharibəsi ətrafındakı geosiyasi gəlişmələrə diqqət çəkib:

“Ukrayna Xarici İşlər naziri Dmitri Kuleba çinli həmkarı Van Yi ilə telefon danışığında Rusiya işğalı və Buça qətliamı barədə müfəssəl məlumat verib. Van Yi Buçada ölənlərlə bağlı Kulebaya başsağlığı verib. Çinli nazir Kulebaya bildirib ki, müharibənin davamı beynəlxalq ticarətə və qida təhlükəsizliyinə zərbə vurur.

Müharibəyə qədər Çinin Ukraynadan qida məhsullarının idxalıyla bağlı böyük planları var idi. Hazırda bunları reallaşdırmaq mümkün deyil.

Nazirlərin telefon danışığıyla bağlı Çin Xarici İşlər Nazirliyi də açıqlama yayımlayıb. Açıqlamada müharibənin dayandırılmasının Avropa təhlükəsizliyi üçün vacib olduğu vurğulanıb: “Müharibə bütün hallarda bitəcək. Əsas məsələ bundan sonra bölgədə təhlükəsizliyin təminatıdır. Pekin Moskva ilə Kiyev arasında dialoqun davamını dəstəkləyir. Çin müharibənin dayandırılmasıyla bağlı hansısa maraqları güdmür”.

Beləliklə, Moskvanın strateji tərəfdaşı olan Pekin Ukraynada müharibənin uzanmasından narahatlığını bir daha ortaya qoyub. Ukrayna və Çin xarici işlər nazirləri müharibə başlayandan bəri ikinci dəfədir ki, telefonla danışırlar. Kiyevin Pekindən iki gözləntisi var. Birincisi, Kiyev istəyir ki, Pekin Rusiyanın işğalçı müharibəsindən məsafə saxlasın, bunu dəstəkləməsin. İkincisi, Pekin müharibənin dayandırılması üçün Kremlə təsir etsin”.

Elxan Şahinoğlu Çinin prosesdən zərərsiz çıxmaq üçün axtarışda olduğunu bildirib:

“Pekin ehtiyatlıdır. Çin nə Kremlin işğalçı müharibəsini pisləyir, nə də müharibəyə haqq qazandırır. Pekin üçün Rusiya-Ukrayna müharibəsində qızıl ortanı tapmaq çətindir. Çünki bir tərəfdə işğalçı, digər tərəfdə işğala məruz qalan dövlət dayanıb. Bu ikisi arasında bərabərlik işarəsi qoymaq problematikdir”.