Bakı 17˚C Sunny

Çin-Tayvan gərginliyi və ABŞ-ın müdaxiləsi - Siyasi şərhçidən AÇIQLAMA

Eksklüziv 12:27 03 avq, 2022

Bu mövzu ətrafında politoloq Nicat İsmayılov Qazet.az-a açıqlamasında öz fikirlərini bildirib

Çin-Tayvan gərginliyi və ABŞ-ın müdaxiləsi - Siyasi şərhçidən AÇIQLAMA

Son günlərdə Çin-Tayvan münasibətlərinin gərginləşməsi fonunda ABŞ hadisələrə müdaxilə edilməsi baxımından Çinə təzyiqlərini davam etdirir. Siyasi sferada bu hal müsbət qarşılanmasa da siyasi ekspertlər sözügedən hadisəyə birmənalı yanaşmır. 

Bu mövzu ətrafında politoloq Nicat İsmayılov Qazet.az-a açıqlamasında öz fikirlərini bildirib:

“Əvvəlcə onu deyim ki, Tayvan həm beynəlxalq hüquq, həm də tarixi baxımdan Çin ərazisidir. Azərbaycan da daxil olmaqla, bir çox ölkələr Tayvanı Çinin ərazisi hesab edir. ÇXR-in ölkə olaraq şüarı “Vahid və bütöv Çindir”.  Bütöv Çinin tərkibində Tayvan onun bir vilayəti olaraq yer alır və bu ölkənin tərkib hissəsi olaraq göstərilir. Lakin, Tayvan seperatçı bir fəaliyyətlə, vətəndaş müharibəsi ilə Çindən ayrılaraq öz müstəqilliyini elan edib. "Soyuq müharibə" dövründə ABŞ başda olmaqla bütün Qərb bloku tərəfindən Tayvanın müstəqilliyi tanınıb. Seperatçı bir rejimin müstəqilliyinin tanınması beynəlxalq hüquq baxımından nə qədər doğru bir qərar olması sual doğuran məsələdir. 

Bəs Tayvan  Çin və ABŞ üçün niyə bu qədər önəmlidir? 

Tayvan böyük bir hərbi strateji ərazidə, Cənubi Çin dənizinin qərbində, Qərbi Sakit okean regionunda yerləşir. Bu baxımdan Tayvan sahillərinə çıxışın əldə edilməsi hər iki dövlət üçün xüsusi əhəmiyyətə malikdir. Nəzərə alsaq ki, Çin və ABŞ hərbi donanmaları Pasifik regionunda bir-birilərinə rəqibdirlər, burada qırılma nöqtələrindən biri Tayvan boğazıdır. Qeyd edim ki, ABŞ-ın Quam və Havai adalarındakı hərbi bazalarının taleyi də Tayvan məsələsindən asılıdır. Əgər, Çin Tayvana hərbi müdaxilə edərsə, ABŞ-ın Havai adalarındakı taleyi sual altında qalacaq. Çünki o ərazidən həmin adalara çıxmaq və birbaşa nəzarət etmək mümkündür. Tayvanın müstəqillik tarixi elə də geniş deyil.

 Tayvan münaqişəsi necə yarandı? 

17-ci əsrdə Qanq xanədanı dövründə Çin Tayvanı ələ keçirmişdi. Lakin 1895-ci ildə Yaponiya Tayvanı işğal edir. Bundan sonra Çin yalnız II dünya müharibəsindən sonra Yaponiyanın məğlubiyyəti nəticəsində Tayvanı yenidən öz ərazisinə daxil edir. Ancaq bu dəfə də Çində vətəndaş müharibəsi başlayır. Millətçi Çan Kayşi və kommunist Mao Tszedun arasında hökumət qurmaq uğrunda mübarizə başlayır. Vətəndaş müharibəsi uzun müddət davam edir və nəticədə 1949-cu ildə Mao Tszedun kommunist partiyası bu mübarizəni qazanır. Millətçilər Çan Kayşı başda olmaqla qonşu adaya – Tayvana qaçırlar. Orada bir müstəqil dövlət yaradırlar. Çində kommunist rejimi yarandığına görə Qərb alliansı Çin dövlətinin alternativi adı ilə tanıyır və BMT-də Tayvan Çin adı ilə iştirak edir. Belə bir situasiya yaranmışdı. 1971-ci ilə Tayvan BMT-nin 5 daimi üzvündən biri idi, Çin yox. Tayvan Çin olmaqda iddialı idi. Tayvanlılar və BMT başda olmaqla beynəlxalq təşkilatlar Tayvanı Çin adı ilə tanıyırdılar. Tayvan höküməti  isə bütün Çin ərazisini öz ətrafında birləşdirib kommunist rejimini məhv etməkdə iddialı idi. Hər iki rejim arzu edirdi ki, Çin və Tayvan birləşsin. 1971-ci ildən sonra bütün dünya başa düşdü ki, yarım milyard əhalisi olan Çini dünya siyasətindən kənar saxlamaq olmaz. 1978-ci ildə Den Syaopin “Açıq bazar” siyasəti adı altında dünya ölkələri ilə iqtisadi əlaqələrə başladı. Bu dövrdən Çin öz varlığını bütün dünyaya sübut və diktə etdirdi. Bununla da Çin BMT-nin daimi üzvlüyünə qayıtdı. Hələ də Çin Tayvanı öz ərazisi kimi qəbul edir. Hazırda vəziyyət bir qədər dəyişib. Tayvan özünü ötən illərdəki kimi kommunist rejimini məhv edəcək gücdə hiss etmir. 1965-1970-ci illərlə indiki dövrü müqayisə edəndə beynəlxalq güclərin hazırda Tayvana dəstəyi xeyli azalıb. 

Niyə ABŞ-ın nümayəndə heyəti Pelosinin başçılığı altında Tayvana səfər etdi? 

Açıq demək lazımdır ki, ABŞ bu addımla Çinin bir növ səbrini sınadı və sübut etmək istədi ki, Çin bu məsələdə hansı addımları ata bilər. Bununla, həm də Tayvana müəyyən qədər dəstəyini göstərdilər. Amma ABŞ-ın bu addımının arxasında Çinlə müharibə durmur. O, Çinə müharibə etmək, sanksiya tətbiq etmək iqtidarında deyil. Bu hal digər tərəfdən ABŞ-ın və onun qərbdəki müttəfiqlərinin tənəzzülü deməkdir. Qeyd etmək lazımdır ki, ABŞ seperatçı Tayvan hökumətini Çinə qarşı həmişə müdafiə edib. Çin son 30 ildə ABŞ-ın bütün addımlarına baxmayaraq Tayvanı özünə birləşdirmək baxımından inamlı addımlar atıb. 1991-ci ildə rəsmi Pekin “bir dövlət, iki sistem” anlayışını ortaya qoyub və o dövrdə Honq Konq modeli formalaşdırılıb. Bu gün Honq Konqda yüksək səviyyəli siyasi muxtariyyət var. Kapitalist sistem hakimdir. Çin dəfələrlə bu modeli Tayvanda tətbiq etmək baxımından ölkə hökumətinə hazır olduğunu dəfələrlə bəyan edib. Amma Tayvan hökuməti buna razılıq vermir. Bununla belə, son 10 ildə iqtisadi baxımdan Çin-Tayvan münasibətlərində Tayvanın ən böyük tərəfdaşının elə Çin olduğunu görürük. Çin “iqtisadi hörümçək toru”nu artıq Tayvana salıb. Yəni, bu gün də olmasa belə, gələcəkdə mütləq Tayvan Çinə birləşəcək. ABŞ-ın bu müdaxilələri, etdiyi səfərlər, Tayvana dəstək mesajları, Sakit okeanda yerləşən hərbi donanmasını aktivləşdirməsi Tayvanın ələ keçirilməməsi üçündür. Tayvanın tutulması ABŞ-ın Sakit Okean hövzəsindəki hegemonluğunun sona çatması deməkdir. ABŞ-a mövcud status-kvonun qorunub saxlanılması sərf edir”.

Azad Nuriyev