Bakı 15˚C Mostly sunny

DİM tərəfindən növbəti imtahanlar keçirilib -Yenilənib

Cəmiyyət 15:24 08 may, 2022

Cari il imtahan iştirakçılarının toplaya biləcəkləri maksimum bal 100 baldır

DİM tərəfindən növbəti imtahanlar keçirilib -Yenilənib

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin cari ilin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə test imtahanı keçirilib.

Bu barədə Qazet.az-a DİM-dən məlumat verilib.

İmtahan ümumilikdə 21 şəhər və rayonda, 95 binada təşkil olunub. İmtahanda xüsusi təyinatlı təhsil müəssisələrinin – cəzaçəkmə müəssisələrində yerləşən məktəblərin, internat məktəblərinin şagirdləri də iştirak ediblər.

İmtahanda 13 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli və digər) şagird iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayıb və 1 saat 30 dəqiqə davam edib.

Cari il imtahan iştirakçılarının toplaya biləcəkləri maksimum bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.

Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Bu gündən başlayaraq DİM-də imtahan materiallarının emalı aparılacaq. Yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün nəticələrin 3 həftə ərzində elan edilməsi nəzərdə tutulur. 

*** 

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün cari ilin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin əvvəlki illərin məzunları üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanı, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan və peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün imtahanın I mərhələsini keçirir.

Bu barədə Qazet.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, Azərbaycan dili imtahanı 21 şəhər və rayonda, 95 binada aparılır. İmtahanın müddəti 1 saat 30 dəqiqədir. İmtahanda 20 min 555 şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulub.

İmtahanın idarə olunması üçün 95 ümumi imtahan rəhbəri, 248 imtahan rəhbəri, 1913 nəzarətçi-müəllim ayrılıb, 193 buraxılış rejimi əməkdaşı (mühafizə), 95 bina nümayəndəsi ayrılıb.

BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı kağız daşıyıcılar vasitəsilə Bakı şəhərində keçirilir. İmtahan 2 saat 30 dəqiqə davam edəcək. AB, AC, BA vəzifə qrupları üzrə olan imtahanlar isə DİM-in binasında kompüter vasitəsilə keçirilir.

İmtahanda iştirak etmək üçün AB qrupu üzrə 3, AC qrupu üzrə 9, BA qrupu üzrə 79, BB qrupu üzrə 207 olmaqla, ümumilikdə 298 namizəd qeydiyyatdan keçib. İmtahanların keçirilməsi üçün 3 imtahan rəhbəri, 26 nəzarətçi müəllim ayrılıb.

Peşəkar mühasib sertifikatı imtahanının I mərhələsinə (mühasibat uçotu üzrə) qeydiyyat DİM-in internet səhifəsi vasitəsilə aparılıb və imtahanda iştirak etmək üçün 420 (KOSS-114, MHBS-144, İSMHBS-162) nəfər müraciət edib. İmtahanın davametmə müddəti 3 saatdır. İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 2 binada təşkil olunub. İmtahanının keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 4 imtahan rəhbəri, 41 nəzarətçi müəllim, 4 mühafizə (buraxılış rejimi) əməkdaşı cəlb olunub.