Dostları ondan üz döndərdi, oğlunun dəfninə gedə bilmədi... - Canəli Əkbərov haqqında maraqlı faktlar - FOTO
Xalq artisti Canəli Əkbərov oktyabrın 22-də dünyasını dəyişib

Xəbər verdiyimiz kimi, beyin insultu keçirən Xalq artisti Canəli Əkbərov oktyabrın 22-də dünyasını dəyişib.
Qazet.az kulis.az-a istinadən mərhum sənətçi haqqında maraqlı faktları təqdim edir.
Əkbərov Canəli Xanəli oğlu 10 mart 1940-cı ildə Lənkəran rayonunun Tükəvilə kəndində anadan olub. Atası Xanəli Əkbərov tanınmış xanəndə olub, çox nüfuzlu muğamatçı Kərbəlayi Ağaməhəmmədin oğludur. Onun üç qardaşı da estrada müğənnisi kimi fəaliyyət göstərib. Canəli Əkbərov da erkən yaşlarından ilk müəllimi olan atası ilə toylara oxumağa gedir.
Ancaq nədənsə Canəli Əkbərov ilk təhsilini musiqi üzrə yox, tibb sahəsində alır. Məzun olandan sonra çox savadlı həkimlərlə birlikdə işləyir. Günlərin birində həmin həkimlərdən biri Bakıdakı müşavirədə eşidir ki, Azərbaycan komsomol MK-sı xəttilə III Respublika Gənc İfaçılar Müsabiqəsi keçiriləcək. Bu barədə Canəlinin atasın məlumat veriləndə o, oğlunu müsabiqədə iştirak etmək üçün Bakıya gətirir.
Müsabiqənin münsifləri heyətində Mütəllim Mütəllimov, Seyid Şuşinski, Qurban Primov, Xan Şuşinski, Bəhram Mansurov kimi respublikanın görkəmli incəsənət ustaları olurlar. Münsiflərin sədri də Səid Rüstəmov imiş. Canəli muğam ifaçılığı nominasiyasında iştirak edir. Finalda sıradankənar bir "Zərb muğam" oxuyub səs çoxluğu ilə qızıl medala və qalib diplomuna layiq görülür.
Bundan sonra 23 yaşlı Canəli sənədlərini Asəf Zeynallı adına Musiqi Məktəbinə verir. Qəbul imtahanı zamanı Seyid Şuşinski, Mütəllim Mütəllimov və Əhməd Bakıxanov tərəfindən dinlənilir. Xanəndə həmin illəri belə xatırlayır:
"Seyid Şuşinski respublikanın ilk peşəkar muğam müəllimi olub, tələbələr ona öz aralarında ehtiramla "ağa" deyirdilər. Bütün imtahanlardan "əla" alıb muğam ifaçılığı bölməsinə qəbul olundum. Tələbəlik illərində bir gün Əhməd Bakıxanov məni dinləmək üçün evlərinə çağırmışdı. Yadımdadır, bir neçə muğam oxuyandan sonra kədərlə "Təəsüf, min təəssüf ki, Cabbar Qaryağdıoğlu səni eşitmir. Razı qalardı".
O, 1969-cu ildən Xan Şuşinskinin rəhbərlik etdiyi Bakı Muğam Studiyasına gedir. Elə həmin dövrdə "Melodiya" ümumittifaq qramofon yazısı şirkətində maestro Niyazi ilə dərviş və aşıq Səlim partiyalarını ifa edir. Zülfüqar Hacıbəyovun "Aşıq Qərib" operasını yazdırır.
Canəli Əkbərov 1975-ci ilə qədər işləyir. 1975-ci ildə onu köçürmə ilə Azərbaycan Dövlət Opera və Balet Teatrına göndərirlər. Burada o, "Leyli və Məcnun" operasında İbn Salam roluna təsdiq edilir. Sonralar Müslüm Maqomayevin "Şah İsmayıl" operasında şah İsmayıl, Üzeyir bəyin "Əsli və Kərəm" operasında Kərəm, Zülfüqar Hacıbəyovun "Aşıq Qərib" operasında Qərib, Şəfiqə Axundovanın "Gəlin qayası" operasında Camal, bir də "Leyli və Məcnun"da Məcnun partiyalarını ifa edir.
Xanəndə 1992-ci ildən Bakı Musiqi Kollejində muğam ifaçılığından dərs deməyə başlayır. 20 il ərzində neçə nəsil muğamatçı yetişdirir. Gülyaz və Gülyanaq Məmmədova, Gülhar Həsənova, Mələkxanım Əyyubova, Bəsti Sevdiyeva, Zabit Nəbizadə, Mənsum İbrahimov, Babək Niftəliyev, Sahib İbrahimov, Ehtiram Hüseynov onun tələbələri hesab olunurlar.