Dövlət başçısı Ermənistanın Türkiyəyə qarşı iddiaları barədə: “Bu, psixoloji xəstəliyə bənzər bir şeydir”
Xarici siyasət14:2527 sentyabr, 2021

Yəni ağa qara, qaraya ağ demək onların xarakteridir

Dövlət başçısı Ermənistanın Türkiyəyə qarşı iddiaları barədə: “Bu, psixoloji xəstəliyə bənzər bir şeydir”
Bizi-da oxuyun

“Müharibədən əvvəl və müharibə dövründə Ermənistan rəhbərləri tərəfindən o qədər təzadlı, yanlış və yalan bəyanatlar oldu ki, həddi-hesabı yoxdur. Bu cür nümunələri saatlarla göstərə bilərik. Biz şəhərləri, kəndləri azad edərkən, onlar isə bizim şəhərlərimizi yenidən işğal etdiklərini bildirirdilər. Biz azad edilən şəhərlərimizdə bayraqlarımızı qaldıranda onlar bunu inkar edirdilər. Yəni ağa qara, qaraya ağ demək onların xarakteridir. Odur ki, onlar hər hansı bir açıqlama verəndə düzünü desək, biz bunu ciddi qəbul etmirik”.

Qazet.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Anadolu” Agentliyinə müsahibəsi zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyə ilə danışıqlar barədə sözlərinə münasibət bildirərkən deyib.

“Təhlil etmək, dəqiqləşdirmək gərəkdir. Çünki burada yalanın, reallaşmayan xəyalların, xülyaların və təxribatların sintezindən söhbət gedir. Bugünkü Ermənistan, bax budur. Biz Ermənistan uğursuz dövlətdir deyəndə bunu demək istəyirdik. Beynəlxalq müstəvidə buna “failed state” deyirlər. Hər dövlətin dövlətçilik simvollarından biri də məsuliyyətli olmaqdır. Lakin biz bunu görmürük.

Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına gəlincə, biz əlbəttə, bütün regionda sülh olmasını istəyirik. Cənab Prezident Rəcəb Tayyib Ərdoğanın tövsiyə etdiyi 3+3 platformasının bunun ən yaxşı yolu olacağını düşünürəm. Ancaq Ermənistan hələ bunu qəbul etmir. İndi Türkiyə Prezidenti tərəfindən də bu səsləndirilir. Ermənistana şans verilir. Lakin Azərbaycan, Rusiya, İran bunu dəstəklədiyi halda, Ermənistan qarşı çıxır. Buna qarşı çıxan Ermənistan indi Türkiyə ilə münasibətlərini normallaşdırmaq istədiyini bəyan edir. Əgər normallaşdırmaq istəyirsənsə ilk növbədə bu təklifə müsbət cavab ver. Əks təqdirdə burada yenə təzad yaranır, anlaşmazlıq olur. Əlbəttə, əgər nə vaxtsa Ermənistan tərəfindən səslənən rəsmi açıqlama həqiqi siyasətlə uyğun gəlsə, o zaman təhlil etmək daha asan olacaq. Siz də yaxşı bilirsiniz ki, Ermənistanın konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiası var. Bundan imtina etməlidirlər. Əvvəlcə konstitusiyasını yenidən hazırlayıb qəbul etməlidirlər. Ermənistan kimi gücsüz və tamamilə darmadağın edilmiş ölkə Türkiyə kimi nəhəng ölkəyə qarşı necə ərazi iddiası irəli sürə bilər?!

Bu, psixoloji xəstəliyə bənzər bir şeydir. Odur ki, bundan imtina etməlidirlər. Azərbaycana qarşı iddialarından imtina etməlirdilər. Azərbaycanla münasibətlərini normallaşdırmalıdırlar.

Türkiyə tərəfinin hər zaman bölgədə sülh və genişmiqyaslı əməkdaşlığın tərəfdarı olduğuna əminəm. Bu gün də belədir. Türkiyədən çox müsbət siqnallar gəlir, lakin Ermənistanda bunu düzgün qiymətləndirilməsi lazımdır. Lakin təəssüf ki, İkinci Qarabağ müharibəsindən əvvəlki iki illik dövrdə Azərbaycan tərəfindən verilmiş müsbət siqnallar orada yanlış anlaşıldı. Zəiflik, gücsüzlük kimi qəbul edildi. Halbuki biz qan tökülməsini istəmirdik. Biz gücümüzü bilirdik. Problemi güc yolu ilə həll edə biləcəyimizi bilirdik. Ermənistan isə buna inanmırdı. İndi də gec deyil. Yeni yaranmış reallığı düzgün qavrasın, bu reallığa uyğun addımlar atsın, xəritəyə baxaraq öz yerini orada tapsın, əgər tapa bilərsə, bir nöqtədir. Buna uyğun addımlar atsın. Belə olanda halda regionda genişmiqyaslı əməkdaşlıq mümkün ola bilər”, - deyə dövlət başçısı bildirib.

Fikriniz