Bakı 12˚C Sunny

Dünya ölkələrində Yeni il süfrələri necə açılır?

Maraqlı 19:21 30 dek, 2021

  Yeni ilə sayılı saatlar qalıb…

Dünya ölkələrində Yeni il süfrələri necə açılır?

Bayram süfrəsi hazırlayarkən Yeni il ab-havasına uyğun olaraq, rəng seçiminə və süfrənin rəngarəng görüntüsünə diqqət yetirin. Qızılı, qırmızı və əlvan rəngli dekorasiyalarla süfrəyə bəzək verərək əhvalınızı qaldırın. Bayram süfrəsinə şamları və Yeni il aksesuarlarını da qoymağı unutmayın.  

Hər bir xalqın öz mətbəx ənənələri var. Xalqların ənənələrində oxşar cəhətlər var və süfrədə olan nemətlərin hər birinin öz anlamı olur.

Azərbaycan mətbəxi hər zaman öz ləzzəti və bolluğu ilə seçilir. Və biz də bayramlarda növbənöv salatlar, isti və soyuq yeməklər, şirniyyatlar, meyvə və digər təamlardan çox dadırıq ki, bu da fiziki narahatçılığa səbəb olur. Ona görə də, həkimlər məsləhət görürlər ki, həddindən çox çeşidi bir arada yeməyin və az porsiyalarla qidalanmağa çalışın. Xüsusən də yüngül salatlar, balıq, soyutma yeməklər və meyvələrə üstünlük vermək məsləhətdir.
Azərbaycanda Yeni il süfrəsində hansı qidaların olması ilə bağlı inanclar yoxdur. 

Finlandiyada Yeni il süfrəsi gavalı kiseli və düyü sıyığı olmadan təsəvvür edilmir.
Rusiyada Yeni il gecəsi süfrəyə mütləq müxtəlif yeməklər, salatlar, içkilər, piroqlar qoyulur. İnanca görə, süfrə nə qədər dolu və gözəl olarsa, qarşıdan gələn il bol və xoş keçəcək. Xəmirdən müxtəlif heyvan fiqurları bişirilib gələn qonaqlara paylanır. Süfrənin ortasına mütləq odda qızardılmış donuz balası qoyulur. Çünki donuz ruslarda bolluq və var-dövlət simvolu kimi tanınır. Süfrəyə quş ətindən heç nə qoyulmur, hesab edilir ki, evdən xoşbəxtlik uça bilər.
İngilislərin masasında ənənəvi yeməklərdən hind quşu və desert üçün pudinq olur. Pudinqi çörək qırıqlarından, sala, kişmiş, yumurta və müxtəlif ədviyyatlardan hazırlayırlar. Süfrəyə verməzdən öncə üzərinə rom əlavə edirlər. 

 


Macarıstanda da Yeni il süfrəsinə qaz, ördək, toyuq qoymurlar. Guya yeni ildə quş əti yeyənin səadəti uçub gedə bilər. Subay qızlar bu adətə daha çox riayət edirlər ki, yeni ildə ərə gedə bilsinlər. 

Hollandların əsas Yeni il yeməyi – üzərinə şəkər tozu səpilmiş ponçiklərdir. Bayram süfrəsini bəzəyən başqa milli holland yeməyi isə duzlanmış paxladır.
Almaniyada isə süfrəyə 12 ədəd soğan qoyurlar, amma yemək üçün yox, gələn ilin hava proqnozunu müəyyənləşdirmək üçün. Onlar gələcək ilin aylarının timsalında on iki ədəd baş soğanı götürüb alt tərəflərini kəsir və ora duz səpərək süfrəyə düzürlər. Saat 12-ni vuran kimi soğanlara baxırlar. Hansı soğan duzu əridib udubsa, o aylar yağmurlu, qalanları isə quraqlıq keçəcək.
Kubada Yeni il axşamı hamının süfrəsində mütləq üzüm olmalıdır. Hər kəs saatın zəngləri gecəyarısını vurduqda on iki gilə üzüm yeməlidir. Bu, o deməkdir ki, ilin on iki ayında sənin həyatın üzüm kimi şirin olacaq.
Rumıniyada Yeni il süfrəsi üçün içərisi sürprizlərlə dolu kökə bişirmək dəbdir. Yağlı kökənin içərisinə daha çox pul, gümüş üzük, acı istiot qoyurlar. Kimin bəxtinə nə çıxdı. Bəxtinə istiot çıxan adam il boyu ehtiyatla dolanmalıdır ki, acı günlər ondan uzaq olsun. Kökəsindən pul və üzük çıxanları isə xoşbəxtlik gözləyir.
 

 

Danimarkalılar ənənəvi olaraq masaya içi quru meyvələrlə doldurulmuş qızardılmış qaz, kartof və ya qırmızı kələmlə doldurulmuş donuz qoyurlar. Desertə qatı giləmeyvə kiseli və qovrulmuş badamla düyüdən hazırlanmış sıyıq olur. Qlyoq və pivə içirlər.  

Bir çox Avropa ölkələrində ailəvi yeməklər Milada düşür. Yeni ili isə daha çox səs-küylü yığıncaqlarda qeyd edirlər. İtaliyada donuz ətindən olan kotekino adlanan kolbasa ev sahibləri tərəfindən hazırlanır. Süfrəyə isə uzunömürlülük və ruzi rəmzi olan mərci ilə birgə verilir.  

 

 

Fransız süfrəsi, təbii ki, dəniz məhsulları, fua-qra ilə buterbrod, pendir və əlbəttə ki, fransız şərabı olmadan qurula bilməz. 

Yaponlar şabalıdın uğur gətirdiyinə inanırlar. Ona görə də onu müxtəlif yeməklərdə qarnir kimi əlavə edirlər. Bayram süfrəsində həmçinin dəniz kələmi, noxud və kürü olur.  

Bir çox qərb ölkələrində olduğu kimi, burada da ənənəvi yemək içi doldurulmuş hind quşudur. Amma burada hind quşunun içinə soyuducuda olan hər şey, çörək, pendir, sarımsaq, lobya, göbələk, alma, kələm doldurulur.  

Çexiyada Yeni il süfrəsinin bəzəyi fəxri zərif almalı ştrudeldir. Onu dondurma, qaymaq və ya mürəbbə ilə verirlər. Masada qalan şeylər sadə, amma doyumlu olur. Bura şorba, balıq və sıyıq daxildir.  

Portuqaliyada süfrədə üzüm mütləq olmalıdır. Belə ki, portuqaliyalılar onu bolluq və xoşbəxt ailə ocağının rəmzi hesab edirlər. Gecə saat 12-ni vurduqda onlar arzu tutaraq 12 üzüm dənəsi yeyirlər. 

Polşa ənənəsi Yeni il masasında 12 müxtəlif yeməyin olmasından ibarətdir - şorbalar, sıyıqlar, bişmələr və s. Süfrənin əsas bəzəyi isə balıqdır. Burada balıq ailə rifahının rəmzi hesab edilir.