Minsk qrupu: Dünya tarixində uzun müddət fəaliyyət göstərən ən uğursuz qurum - TƏHLİL
Eksklüziv12:069 iyun, 2021

Azərbaycanın "Dəmir Yumruğu" Ermənistan ordusu ilə yanaşı Minsk qrupunu da "əzdi"

title
Bizi-da oxuyun

Minsk qrupu (ATƏM) - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsilə həlli üçün yaradılmış qurumdur.

Qazet.az xatırladır ki, qurumun tarixi ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündən başlayır. Həmin görüşdə Dağlıq Qarabağda vəziyyət müzakirə olunur, ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilir.

1994-cü il dekabrın 5-6-da ATƏM-in Budapeştdə keçirilən Zirvə toplantısında həmsədrlik institutu təsis edilir. Minsk konfransına iki həmsədrin təyin olunması və Minsk qrupunun iclaslarının onların birgə həmsədrliyi ilə keçiriləcəyi barədə qərar təsdiqlənir. Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəlcə Finlandiya ilə Rusiya, daha sonra isə 1995-1996-cı illər ərzində İsveç və Rusiya başçılıq edir. 1 yanvar 1997-ci ildən bu günə qədər isə ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər.

Qrupun əsas vəzifəsi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll edilməsinə bilavasitə kömək etməkdir.

Yuxarıda sadalanan prinsiplərlə real fəaliyyət arasında ziddiyyətlərin olması isə heç kimə sirr deyil. 

44 günlük Vətən müharibəsi onu deməyə əsas verir ki, Azərbaycan Respublikası beynəlxalq səviyyədə tanınan dövlət sərhədini öz gücü hesabına bərpa etdi. 

Bəs 30 ilə yaxındır "fəaliyyət göstərən" Minsk qrupu hansı işləri gördü?

1997-1998-ci illərdə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən üç təklif tərtib edir. Lakin ilk iki təklif Ermənistan tərəfindən, son təklif isə Azərbaycan tərəfindən qəbul edilmir.

Birinci təklif
Onların 1997-ci ilin iyununda təqdim etdikləri ilk təklif münaqişənin "paket" həlli idi. Bu təklif Dağlıq Qarabağın statusu da daxil olmaqla bütün məsələlərə eyni vaxtda razılıq verilməsini nəzərdə tuturdu.

İkinci təklif
1997-ci ilin sentyabrında irəli sürülən ikinci təklif münaqişənin "mərhələli" həllindən ibarət idi. Bu təklif münaqişənin mərhələlərlə nizama salınmasını nəzərdə tuturdu.

Üçüncü təklif
1998-ci il noyabrın 9-da həmsədrlərin beynəlxalq hüquq normalarına zidd, həmçinin Azərbaycan üçün qəbul edilməsi mümkün olmayan üçüncü təklifi dünya praktikasında mövcud olmayan "ümumi dövlət" ideyasına əsaslanırdı. Azərbaycanın ümummili lideri Heydər Əliyev tərəfindən qətiyyətlə rədd edilən "ümumi dövlət" təklifi Azərbaycanın mənafeyinə zidd olmaqla yanaşı, ATƏT-in Budapeşt və Lissabon Zirvə toplantılarında qəbul edilən sənədlərə də etinasız yanaşmanın göstəricisi kimi qəbul olunurdu. 

Maraq doğuran məqam ondan ibarətdir ki, yaradılan gündən uğursuz fəaliyyəti ilə sülhə yönəlməyən cılız təkliflərin carçısı olan Minsk qrupu hazırda da fəaliyyətini davam etdirir. 

Vətən müharibəsindən sonra Azərbaycana səfər edən həmsədrlərə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cavabı da sərt olur:

"Mən həmsədr dövlətlərin başçılarından olan Prezident Putinin dedikləri ilə razılaşıram ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Mən də həmin fikirdəyəm. Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir".

(Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, 12 dekabr 2020-ci il).

Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib  YENİLƏNİB VİDEO - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

 

Bu gün sözügedən qurumun fəaliyyəti Azərbaycana lazımdırmı? 

Mövzunu yalnız öz pəncərəmizdən araşdırmamaq üçün xarici politoloqlarla da söhbət etdik. 

ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, beynəlxalq ekspert Metyu Brayza Qazet.az-a açıqlamasında bildirib ki, Minsk qrupu fəaliyyətini davam etdirməlidir.

"Əlbəttə, Minsk qrupu fəaliyyətini davam etdirməlidir. Hazırda Azərbaycan və Ermənistan arasında münaqişə yoxdur demək düzgün deyil. Əlbəttə, münaqişə var. 44 günlük müharibə Azərbaycan üçün zəfərlə yekunlaşdı və sülh müqaviləsinin əsas prinsiplərini tətbiq edən atəşkəs bəyanatı ilə nəticələndi, lakin beynəlxalq razılaşma səviyyəsində sülh müqaviləsi mövcud deyil. Bu, 10 noyabr bəyanatının əsas prinsipləri əsasında müzakirə olunmalıdır və ATƏT-in Minsk qrupu belə bir sülh razılaşmasının təmin olunmasında əsas rol oynaya bilər və oynamalıdır".

Beynəlxalq ekspert Fransanın Minsk qrupundakı mövqeyinə toxunaraq qeyd edib ki, bu ölkə bir vasitəçi kimi öz obyektivliyini itirib:


"Prezident Makron, xarici işlər naziri və Fransa Senatının 44 günlük müharibə müddətində və sonrasında Ermənistana göstərdiyi güclü dəstəyi nəzərə alaraq hesab edirəm ki, Fransa özünün qərəzsiz və obyektiv bir vasitəçi kimi görünməsini mümkünsüz edib. Təbii ki, Minsk qrupu ləğv edilməməlidir. Bu ancaq Rusiyanın maraqlarına xidmət edər, çünki indiyə qədər Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyən edilməsi prosesi baş tutmayıb. İndi demarkasiya prosesi başlana bilər və görünən odur ki, Rusiya burada birtərəfli qaydada vasitəçi rolunu oynamağa çalışır. Rusiya ilə tək qalmaq isə qətiyyən Azərbaycanın maraqlarına uyğun deyil. Buna görə ATƏT-in Minsk qrupunun sərhəd demarkasiyası prosesinin mərkəzində olmalı olduğunu düşünürəm".

- Metyu Brayza


Minsk qrupunun ləğvinin yalnız Rusiyaya sərf etdiyini bildirən keçmiş həmsədrdən fərqli olaraq rusiyalı politoloq Sergey Markov hesab edir ki, sülhə nail olmaq üçün real addımlar atan yeganə ölkə məhz Kazan prinsiplərini hazırlayan Rusiyadır.

Politoloq Qazet.az-a müsahibəsi zamanı ATƏT-in Minsk qrupunun missiyasını uğursuz hesab etdiyini bildirib.

"Azərbaycanla Ermənistan arasında 44 günlük genişmiqyaslı hərbi əməliyyatlar sona çatdı. Bu müharibə zamanı məlum oldu ki, ATƏT-in Minsk qrupu 30 ildir qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gələ bilmir", - deyə S.Markov deyib.

Onun sözlərinə görə, Minsk qrupunun fəaliyyəti uğursuz oldu, çünki onun vəzifəsi Azərbaycanla Ermənistanı barışdırmaq, eləcə də Dağlıq Qarabağ problemini həll etmək idi.


“ATƏT-in Minsk qrupu missiyasının uğursuz olmasının səbəblərindən biri də bu qrupun həmsədrlərinin işinin azalması idi. Üstəlik, həmsədrlər erməni icmasının ən güclü nüfuza sahib olduğu ölkələr idi. Əslində Minsk qrupunun həmsədrləri münaqişənin həll olunmasının qarşısını aldılar. Sülhə nail olmaq üçün real addımlar atan yeganə ölkə Kazan prinsiplərini hazırlayan Rusiyadır. Buna əsasən, Ermənistan müvəqqəti status-kvo müqabilində Dağlıq Qarabağ ətrafındakı 7 bölgəni Azərbaycana təhvil verməli və sülhməramlılar sərhədə yerləşdirilməli idi. 44 günlük müharibə Fransanın ATƏT-in Minsk qrupunun ermənipərəst mövqeyində lider olduğunu göstərdi, lakin ABŞ da Minsk qrupunun işinə mane olmaq üçün çox şey etdi".

- Sergey Markov


S. Markovun sözlərinə görə, məhz Minsk qrupunun uğursuzluğundan sonra müharibə baş verdi, Rusiya sülhməramlı kimi çıxış etdi və ortaya belə bir sual çıxdı - təşkilatın bundan sonrakı vəzifəsi nədir?

“Bir versiyaya görə, ATƏT-in Minsk qrupu qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gələ bilmədiyi üçün ləğv edilməlidir. Ancaq “siyasi qurumların ətaləti” deyə bir fenomen var. Bununla yanaşı, həm Rusiya, həm də Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmanı BMT Təhlükəsizlik Şurasında təsdiq edərək onun qanuniliyinin gücləndirilməsində maraqlıdır. Fransa və ABŞ Təhlükəsizlik Şurasının daimi üzvləridir, bu səbəbdən BMT-nin səs verməsi və 10 noyabr razılaşmalarını dəstəkləməsi üçün təcili olaraq onların köməyinə ehtiyac var.

Azərbaycan Prezidentinin təklif etdiyi ikinci variant həmsədrlərin tərkibini yeniləyərək ATƏT-in Minsk qrupunu toplamaq və işini yenidən bərpa etməkdir. Minsk qrupunda Fransa kimi Ermənistanın maraqlarına xidmət edən lobbiçinin olduğunu nəzərə alsaq, Azərbaycanın tərəfdarı olacaq hər hansı bir İslam ölkəsini, məsələn, Türkiyəni də daxil etmək məntiqli olar.

Üçüncü variant ATƏT-in Minsk qrupunu yenidən formalaşdırmaq deyil, mümkün olduğu qədər işini gücləndirməkdir. Məsələn, həmsədrlər xüsusilə minalardan təmizlənmə işləri ilə əlaqədar olaraq 10 noyabr razılaşmasının həyata keçirilməsi prosesinə BMT-ni cəlb edə bilərlər. BMT regional münaqişələrin bitməsindən sonra oxşar məsələlərdə müxtəlif ölkələrə yardım etməkdə böyük təcrübəyə malikdir", - politoloq qeyd edib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi də ATƏT-in Minsk qrupunun Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və bütün dünyanın gözü qarşısında baş verən bu qanlı hadisələrə seyrçi mövqedən yanaşdığını qeyd edib.

Ermənistanın bu çoxsaylı beynəlxalq cinayətlərinin qarşılığında biz nəyin şahidi olduq? Otuz ildən artıqdır ki, erməni vandalizmi davam edir. Təcavüzkara qarşı heç bir təzyiq olmadı, dünya birliyi, xüsusilə münaqişənin nizama salınması üçün yaradılmış ATƏT-in Minsk qrupu Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətini bütün dünyanın gözü qarşısında baş verən bu qanlı terror hadisələrinə seyrçi mövqedən yanaşdı.

Qeyd etmək lazımdır ki, 1992-ci il martın 24-də ATƏT çərçivəsində yaradılan Minsk qrupu və bu qrupun 1997-ci ildən həmsədrləri (ABŞ, Fransa və Rusiya) münaqişənin ədalətli həlli üçün təcavüzkara qarşı heç bir təzyiq göstərmək niyyətində olmayıb. ATƏT-in Minsk qrupuna həmsədrlik edən böyük dövlətlər münaqişədə kimin haqlı olduğunu gözəl başa düşürlər. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum 4 qətnamədə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilir. Lakin tərəfsiz vasitəçilik missiyasını üzərinə götürmüş həmsədrlər Ermənistanın Azərbaycana təcavüzündən birbaşa danışmadan, Minsk qrupunun qəbul etdiyi sənədlərdə bu barədə heç nə demədən münaqişənin ədalətli həlli yolunda müsbət irəliləyişə nail olmaq çətindir. Bundan əlavə, əgər münaqişə tərəfləri öz aralarında razılığa gələ bilirdilərsə, onda Minsk qrupunun yaradılması nə məqsəd daşıyırdı və bu qurumun keçən dövr ərzində apardığı çoxsaylı danışıqların mənası nə idi?

Eyni zamanda, təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT-in nüfuzuna ciddi xələl gətirməklə bərabər, onun tərkibində yaradılan Minsk qrupuna olan ümidləri də artıq heçə endirib. Bu səbəbdən, beynəlxalq birlik təcavüzkarı öz adı ilə çağırmalı, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun hüdudlarından kənarda yerləşən ətraf 7 rayondan etnik təmizləməyə məruz qalmış və öz doğma yurdlarından məcburən köçkün düşmüş azərbaycanlıların hüquqlarının bərpa olunmasına çalışmalıdır.

Ancaq Minsk qrupu yarandığı vaxtdan indiyədək qəbul etdiyi sənədlərdə bir dəfə də olsun Ermənistanın işğalçılıq siyasətindən nəinki danışılmır, əksinə, müxtəlif vaxtlarda digər beynəlxalq təşkilatların da işğal faktının əks olunduğu sənədlərin qəbul edilməsinə etiraz edərək məsələnin yalnız Minsk qrupu çərçivəsində həll edilməsinə üstünlük verib, daha doğrusu, Azərbaycanın işğal edilmiş əraziləri terminini qəbul etməyiblər. Bu cür mövqe Ermənistanı daha da şirnikləndirməklə yanaşı, açıq formada olmasa da, mövcud işğal rejiminin qorunub saxlanılmasına yönəlmiş dəstək kimi qəbul edilməlidir.
— Azərbaycan XİN, 16 dekabr 2020-ci il bəyanatı

Heç kimə sirr deyil ki, müxtəlif vaxtlarda ATƏT-in Minsk qrupu həmsədrləri münaqişə ilə bağlı digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən sənədlərə yersiz müdaxilə edərək bu məsələni yalnız öz inhisarında saxlamağa çalışırdı. Bu, müxtəlif vaxtlarda açıq-aşkar özünü göstərirdi. 

Məsələn, Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən növbəti sənədlərin - yəni, AŞPA-nın 2016-cı ilin qış sessiyasında Robert Volterin müəllifi olduğu “Azərbaycanın Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərində zorakılığın artmasına dair” və Militsa Markoviçin müəllifi olduğu “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi” adlı sənədlərin qəbul olunacağı gözlənilirdi. Ancaq ATƏT-in Minsk qrupu həmsədrlərinin 2016-cı il yanvarın 22-də verdikləri bəyanatda deyilirdi: “Biz AŞPA və digər beynəlxalq təşkilatlara xatırladırıq ki, Minsk qrupu danışıqlar üçün qəbul olunmuş yeganə formatdır. Biz AŞPA üzvləri tərəfindən göstərilən marağı qiymətləndiririk. Lakin bildiririk ki, ATƏT-in Minsk qrupunun mandatına xələl gətirəcək və davam edən danışıqlar prosesini çətinləşdirəcək addımlar atıla bilməz".

Bütün bunlar uzun müddətdir vasitəçilik missiyasında heç bir irəliləyişə nail ola bilməyən ATƏT-in Minsk qrupunun münaqişənin aradan qaldırılmasında maraqlı olmadığını bir daha göstərdi. Eyni zamanda, bu bəyanatın əsl mahiyyəti ondan ibarətdir ki, ATƏT-in Minsk qrupu həmsədrləri işğal faktını qəbul etmək istəmirlər! 

OSCE Minsk Group: Upcoming summit between Armenian, Azerbaijani presidents  discussed in NYC - Panorama | Armenian news
ATƏT-in Minsk qrupunun həmsədrləri - Soldan sağa: İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ)

 

Onların mövqeyi Ermənistanın status-kvonu qoruyub saxlamaq siyasəti ilə üst-üstə düşürdü. 2020-ci il oktyabrın 19-da BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar keçirilmiş qapalı iclasında ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin mövqeyi açıq-aşkar təsdiqini tapdı.

Sözügedən qurumun fəaliyyəti (və ya fəaliyyətsizliyi) bu gün də "sülhə nail olmaq istəkləri" fonunda belə bir təşkilatın sadəcə adının qalması təəssüf doğurur.

Hazırda ATƏT-in Minsk qrupunun mövcudluğu yalnız Ermənistanı sevindirir ki, bu da qəbulediləndir. 
Qurumun fəaliyyətinin bitməsinə sayılı günlərin qaldığı istisna edilmir. Ermənistanda keçiriləcək seçkilərdən sonra Ermənistan-Azərbaycan sərhədində delimitasiya və demarkasiya prosesi sürətlənəcək və yaxın aylarda sərhədlər tam təsdiqini tapacaq. 

Sərhədlərin tam müəyyənləşdirilməsi isə bu qurumun sonunu gətirəcək. 

Fəaliyyətsiz ATƏT-in Minsk qrupu da dünya tarixində uzun müddət mövcud olmuş ən uğursuz qurum kimi qalacaq. 

Azərbaycanın "Dəmir Yumruğu" Ermənistan ordusu ilə yanaşı Minsk qrupunu da "əzdi"!

Tehran Orucoğlu

Fikriniz

  • 0
  • 1
  • 0
  • 0
  • 0
  • 0

Eksklüziv

Hamısına bax