Bakı 25˚C Partly sunny

Ekspert: Qaz mübadiləsi üzrə üçtərəfli memorandum regional münasibətlərdə güclü əlaqə yaradır

Gündəm 12:05 03 dek, 2021

Türkmənistan-İran-Azərbaycan qaz mübadiləsinə dair üçtərəfli saziş faktiki olaraq regional münasibətlərdə iqtisadi səmərə yaradır. 

Ekspert: Qaz mübadiləsi üzrə üçtərəfli memorandum regional münasibətlərdə güclü əlaqə yaradır

Bu da firavanlığa və sabitliyə, siyasi münasibətlərin möhkəmlənməsinə səbəb olacaq.

Qazet.az xəbər verir ki, Qafqaz və Mərkəzi Asiya üzrə iranlı ekspert Bəhrəm Əmir Əhmədiyan Türkmənistan-İran-Azərbaycan üçtərəfli qaz mübadiləsi memorandumu ilə bağlı fikirlərini bölüşüb.

Memorandumun faydalarına gəlincə, o deyib ki, “İqtisadi infrastrukturu gücləndirən və ölkələri, xüsusən də regional əlaqələr vasitəsilə birləşdirən istənilən anlaşma rifah və firavanlığa gətirib çıxaracaq”. 

Regional münasibətlərdə iqtisadi maraqlar yarandıqda, münasibətlərin sabitliyi və möhkəmliyində siyasi mülahizələr mühüm rol oynayır. 

Bəhrəm Əmir Əhmədiyana görə, İran qaz kəməri ilə Türkmənistandan Azərbaycana qaz nəqli və üç ölkənin maraqlarının bir-biri ilə əlaqələndirilməsi xüsusi vurğulanmalıdır.

Ekspert Türkmənistanın maraqlarına toxunaraq, Aşqabad qazının əsas ixracının Rusiya və Çinə olunduğunu və bu iki ölkənin Türkmənistanın əsas bazarları olduğunu bildirib. Türkmənistanın ixrac istiqamətlərində qaz tədarükünü şaxələndirməyə imkan verən bu addımın geosiyasi əhəmiyyəti olacaq. Türkmənistan həm də bu yolla İranla münasibətlərini yaxşılaşdıracaq.

Qafqaz və Mərkəzi Asiya regionu üzrə analitik və ekspert daha sonra İranın bu memorandumda maraqlarına işarə edərək bildirib: “Öz növbəsində Tehran aldığı tranzit hüququ ilə 5 şimal əyalətinə qaz nəqli xərclərini təmin edə və artan əhalinin qaz təchizatı ilə bağlı problemlərini aradan qaldıra bilər. Bu memorandum İran və Türkmənistan üçün çox faydalıdır.

Bəhrəm Əmir Əhmədiyan üçtərəfli qaz mübadiləsi memorandumunun Transxəzər layihəsinə təsirinə işarə edib: “Transxəzər layihəsi dənizin dibindən birbaşa Türkmənistandan Azərbaycana qaz nəql etmək istəyən Türkiyənin iddialı layihəsidir. Çox mürəkkəb və bahalı layihədir. Bu proyekt həm də Türkiyənin ambisiyasını nümayiş etdirir. Azərbaycanla Türkiyə arasında münasibətlərin yaxşı olduğunu nəzərə alsaq, Azərbaycan təbii ki, Türkiyənin maraqlarına xələl gətirəcək heç bir addım atmayacaq. Digər tərəfdən, dörd ölkə  İƏT-in üzvüdür və bu məsələnin bütün aspektləri öyrənilib, hazırda dövlət başçıları tərəfindən imzalanma mərhələsinə çatıb və icra öhdəliyinə çevrilib.

O, əlavə edib: Qazın Azərbaycan ərazisindən nəqli də Türkiyə üçün faydalıdır və onun maraqlarına cavab verir. Türkmənistan qazının İrandan Türkiyəyə nəqli mövcud infrastrukturun qeyri-adekvat olması səbəbindən baha başa gələcək, çünki bu marşrut texniki cəhətdən korroziyaya məruz qalıb və xətlərin dəyişdirilməsini və yenidən qurulmasını tələb edir.