Erkan Özoral - Səfirlə müsahibə
Layihələr20:0007 fevral, 2020

İlk qonağımız Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla söhbət

title
Bizi-da oxuyun

Qazet.azın yeni layihəsi:  “Səfirlə müsahibə

İlk qonağımız Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla söhbət.

Səfirlərlə müsahibə layihəsini düşünərkən ilk müsahibə alacağım adamın Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri olacağı birmənalı idi. İlk düşündüyümsə səfirin sözçüsü Hüseyin bəy Altınalanla əlaqə saxlamaq oldu. Və neçənçi dəfə əmin oldum ki, çağdaş türk toplumunun dəyərlərindən əsası münasibətlərin məsuliyyət və qarşılıqlı hörmət üzərində qurulmasıdır. Özü də keçmişdə Anadolu Agentliyinin jurnalisti olan Hüseyin bəy böyük bir entuziazmla görüşlə bağlı bütün rəsmi mərhələləri bizə sezdirmədən həll etdi.

Və biz böyük bir çəkiliş komandası ilə səfirin iş otağına daxil olduq. Çox balanslı, ziyalı və səbrli bir insan təsiri bağışladı Erkan bəy. Kabinetindəki bütün dizaynı pozaraq  çəkiliş meydançamızı hazırladığımız müddətdə bizə öz doğma şəhərindən, Ərzincan türkülərindən danışdı, hətta gözəl bir disk də hədiyyə etdi “Ərzincanlı türkülər 100 yıl” adlı, dinləyin deyə.

Biz Qazet.az-ın təqvimini hədiyyə etdik və mən təqvimdəki şəxsləri tanıdaraq, bu Hüseyn Caviddir, bu Mikayıl Müşfiqdir dedim. Hamısını bir-bir tanıdı və nə yalan deyim, çox xoş oldu. Söhbət yüz il bir-birini tanıyan adamların söhbəti kimi axıcı və rahat keçdi.

  • Sizə dəvətimizi qəbul etdiyiniz və ofisinizdə qonaq kimi qəbul etdiyiniz üçün dərin təşəkkürümüzü bildiririk. Çox sağ olun. Hörmətli böyük elçi, bu gün biz sizin siyasi baxışlarınızdan, siyasi fəaliyyətinizdən yox, daha çox sizdən danışmaq istəyirik. Varmısınız buna?

Əlbəttə, əlbəttə

  • Bəzi sirləri aça biləcəksinizmi?

Təbii (gülümsünür)

  • Öncə, ola bilsin bu sualım gözlənilməz olacaq, futbolla maraqlanırsınız?

Futbolla çox maraqlanmıram, amma uzaqdan seyr edirəm futbolu, uzaqdan izləyirəm

  • Amma yəqin ki, sizin sevdiyiniz komanda var?

Var təbii

  • Bir açıqlama, bu hansı komandadır?

Mən özümü tanıyandan Qalatasaraylıyam (red. Türkiyənin Avropa Kuboku alan ilk və yeganə futbol komandası). Qalatasaraya nə vaxtdan azarkeşlik etdiyimi xatırlamıram belə.

  • Ən sevdiyiniz oyunu? Yəni həzz alaraq izlədiyiniz oyunu?

Vallah, Qalatasarayın ən gözəl oyunları 1980-lərdə, bizim tələbəlik illərimizdə idi. İndi o zamankı kimi gözəl oyunlar yoxdu. Qalatasarayın Avropa Kuboklarında qalib olduğu dönəmlər üçün darıxıram. O zaman izləyəndə, çox böyük zövq alırdım. Amma indi ancaq Qalatasaray - Fenerbahçe oyunlarına baxa bilirəm ki, bir az həyəcan hiss edim. Əvvəlkilərdəki kimi deyil.

  • Futbol oyunu və siyasət- bunların arasında bir paralel apara bilərsinizmi, futbol oyunu nə qədər diplomatikdir sizin fikrinizcə?

Baxın, tək futbol deyil, başqa idman növləri də bəzən diplomatiyanın vasitələrindən birinə çevrilə bilir əslində. Amerika ilə Çin soyuq müharibə dönəmində bir-biriləri ilə barışmağa pinq-ponq diplomatiyası ilə başladılar. Dolayısı ilə, idmanın yaşamın hər sahəsinə təsiri olduğu kimi, diplomatiyaya da təsiri ola bilər. İdman, həm də insanın özünü yeniləməyi, rahatlanmağı üçün lazım olan bir fəaliyyədir. Bu üzdən, diplomatların böyük əksəriyyəti idman edirlər. Məsələn, işi ilə bağlı tennis matçında görüşən diplomat dostlarım var. İdman digər adamlar üçün nə qədər vacibdirsə, bizim üçün də eynidir.

  • İdman edirsiniz, hansı idmanla məşğul olursunuz?

Bir az yeriməyə çalışıram arabir, yürüşçüyəm.

  • Mən də yürüşçüyəm, yarım marafonçuyam. Mənə elə gəlir idmanların ən gözəli qaçışdır, ola bilsin mənə etiraz edəcəklər.

Ən gözəli, ən sağlamı və bədənin ən çox ehtiyac duyduğu qaçışdır. İnsan qaçarkən onun bədənindəki bütün əzələlər işləyir. Ona görə də çox sağlam bir idman növüdür qaçış.

  • Demək diplomatiya ilə idman arasında paralel- hər ikisi insanlara lazımdır, hər ikisi sağlam fəaliyyətdir. Mən sizin bioqrafiyanıza baxdım. Gözəl bir şəhərdə doğulmusunuz, Ərzincan. Ərzincanı bizə anlada bilərsiniz?

Ərzincan əslində mənim uşaqlığımın bir hissəsinin keçdiyi şəhərdir. Mən 1972-ci ilə qədər Ərzincanda yaşamışam. O zamanın Ərzincanı ilə bu zamanın Ərzincanı arasında böyük bir fərq var. Amma Ərzincanla bağlı dəyişməyən bir şey var - onun həyatının ən vacib parçası zəlzələdir. Mən uşaqlığımda da bir neçə dəfə zəlzələ olduğunu, tələsik bayıra qaçmağımızı xatırlayıram. Atam bütün ailəsini 1930-da böyük Ərzincan zəlzələsində itirib. Və Ərzincan Türkiyədə adamların ən çox köçüb getdiyi şəhərlərdən biridir. Bunun əsas səbəbi də zəlzələ qorxusu, zəlzələ gerçəyidir. Amma Ərzincan indi Türkiyədə zəlzələ ilə yaşamağa ən çox alışmış şəhərdir. Və şəhərin planlaması, yeni tikilən evlər, hər şey zəlzələni nəzərə alaraq edilib. Bu an sizə deyə bilərəm ki, zəlzələ baxımından Türkiyənin ən güvəniləcək şəhəridir. Bu baxımdan çox səliqəli bir infrastruktur var. Hündür yox , alçaq binalardı, hər tərəfi yaşıllıqdır. Bizdə bir söz var- ətrafı dağlıq, ortası bağlıq Ərzincan, gerçəkdən də elədir.

Və özəl bir həyat tərzinə alışıb, hər an zəlzələ gözləyir. Mən Google etdim və Ərzincan haqqında xeyli məlumat topladım. Tulum pendiri deyilən nədir, çox məşhurdur, nə ilə fərqlənir?

Bəli Ərzinzanın tulum pendiri sizin motala bənzəyir, xüsusi tuluqlarda düzəldilir, dadı fərqlidir, edilməsi fərqlidir.

  • Ərzincan kiçik şəhərdir, siz bu kiçik şəhərdən böyük bir dünyaya necə açıldınız, böyük səfir fəaliyyətinə necə keçdiniz, necə baş verdi bu?

Dediyim kimi, mən Ərzincanda uşaqlığımın kiçik bir hissəsini keçirmişəm, sonradan ailəmizlə Ankaraya köçdük biz. Tədris həyatımın böyük hissəsi Ankarada keçdi. Ankara o zaman daha çox məmurların və tələbələrin yaşadığı şəhər idi. Sonradan daha böyüdü və sənaye- ticarət şəhəri halına gəldi. Mənə görə Ankara hələ də insanın yaşaya biləcəyi ən gözəl şəhərlərdən biridir.

  • Ankaranın bağları deyilən bir ifadə var? Qalıb o bağlar?

Əvvəlki qədər qalmayıb. Rayonların adları Seyran bağı, Kavaklı dərə, Keçiören bağları, Etlik bağları deyə yerlər vardı, bağlar çox imiş, amma indi təbii şəhər böyüdükcə içəridə bu qədər bağ qalmadı.

  • Ankara Universiteti. Təhsilinizə, professional təhsilinizə orada başladınız, Ankara siyasi elmlər bölümü. Belə bir deyim var ki, İstanbul siyasi elmləri bitirən məzunlar siyasətçi, Ankara siyasi elmləri bitirənlərsə diplomat olurlar, bu stereotipdir, ya düzdür?

Bir məmurun eləməli olduğu işlər, gözləməli olduğu əxlaq qaydaları, bütün bunlar orada öyrədilir, ona görə də Ankara siyasət elmləri bölümü dövlətə məmur yetişdirir.

  • Orada oxumaq, təhsil prosesi, tədris prosesi kifayət qədər çətindir, amma kifayət qədər də geniş bilgi verir, siz də belə düşünürsünüz?

Elədir, razıyam. Amma əvvəlki kimi cəlbediciliyi qalmadı siyasi elmlər bölümünün, bunun ən əsas səbəblərindən biri də xarici dillərin tədrisinin digər universitetlərdəki kimi geniş aparılmamasıdır. Bunu dəyişdirmək üçün universitet çalışır. Keçən il fakültənin dekanı bura gəlmişdi, onunla bir söhbətimiz də oldu.

Nostalgiya keçirdiniz yəqin ki?

Hə, bir az nostalgiya keçirdim.

  • Belə maraqlı bir məktəbi bitirmisiniz. Mən sizin bioqrafiyanıza baxdım, çox fərqli və çox məsuliyyətli vəzifələriniz olub, sözçü olmusunuz, maliyyə departamentində işləmisiniz, diplomat olaraq fəaliyyət göstərmisiniz. Bunlardan hansı daha asan, hansı daha çətin olub?

Mən asanlıq və ya çətinliyindən də daha çox, etdiyi işdən zövq almağa çalışan bir insanam. Mən nazirlikdə 30 il boyu etdiyim hər işdən zövq almağa çalışdım və bunun vacib olduğunu düşünürəm. İnsan peşəsini sevirsə, ondan böyük bir zövq alır, öz peşəsini çox istəyir, yaxşı ki, bu işi edirəm deyə düşünür. Mən də elə düşünənlərdənəm, mənə görə hər iş gözəl işdir, çətin də olsa, asan da olsa.

  • Bu işlərin sizə öyrətdiyi hansı ən böyük dərs, qayda var, siz 18 yaşlı gənc Erkana deyərdiniz, Erkan sən bunları bilməlisən?

Bir filosofdan soruşublar, yenidən gəncliyinizə dönsəniz, nələri qurban verərdiniz deyə. O da cavab verib ki, təcrübələrimdən başqa hər şeyi qurban verərəm. Bizim bu yaşa qədər topladığımız təcrübələrdir. İnsan şəxsiyyəti hər zaman dəyişir, bu heç vaxt bitmir, tamamlanmır. Və hər gün yeni bir şey öyrənirik, öz şəxsiyyətimizə bir “kərpic” əlavə edirik, bir az da yüksəlmiş oluruq. Hər kəsə həyatdan öyrəndiyim bir şey var: İNSANLAR BİRİ BİRİNƏ HƏMİŞƏ HÖRMƏT ETMƏLİDİRLƏR. Həmişə hörmət etməlidirlər - etdiyi işdən, şəxsiyyətindən, ya da yaşadığı yerdən asılı olmayaraq, həyatda təməl şey hər kəsin biri-birinə hörmət etməyidir. Bir-birimizə hörmət edəriksə, sevərik. Sevgi hökmən olmalı, amma sevginin də təməl şərti hörmətdir. Mənim öz gəncliyimə də, bütün gənclərə də söyləyəcəyim, hər bir kəsin biri birinə hörmət bəsləməyidir.

  • Çox gözəl qaydadır əslində. Çünki siz konflikt zonalarında olmusunuz, aqressiya olan yerlərdə olmusunuz, müxtəlif yerlərdə və siz düşünürsünüz ki, hörmət ən önəmlidir. Və qazandığınız təcrübəniz önəmlidir.

Təbii ki, təbii

  • Və gəldik Azərbaycana, bura təyin olunanda nə hisslər keçirdiniz?

Bura gələndə ilk düşündüyüm, qardaş ölkəyə gəlmişəm. Bilirsinizmi, o vaxtlar biz Bakı radiosunu dinləyə bilirdik. Yəqin bilirsiniz, axşamlar radio dalğalarını daha asan tutmaq olur. Hava qaralmağa başlayandan sonra Bakı radiosunun səsi Ərzincana gəlirdi. Biz o zamanlardan buranı da dinləyirdik, Azərbaycan türkülərini də dinləyirdik. Bizim tələbəlik vaxtlarımızda Azərbaycan mahnıları Türkiyədə çox populyar idi. Azərbaycana gələndə də, təbii ki, qardaş bir ölkəyə gəldiyimi düşünürdüm, öz vətənimə.
Ərzincanla Bakı arasında ən böyük oxşarlıq əslində dilimizdir. Çox böyük bir fərq yoxdur. Ərzincan ləhcəsi ilə Azərbaycan ləhcəsi biri-birinə çox oxşayır. Ortaq sözlərimiz, danışığımız. İfadələr biri-birinə çox oxşayır. Çünki Ərzincanla Azərbaycan arasında çox böyük bir məsafə yoxdur. Vaxtilə eyni coğrafiyanın hissələri olmuşuq, eyni dövlətlərin hissələri olmuşuq, ona görə də biri-birimizə çox yaxınıq, mədəniyyətlərimiz də oxşardır, mədəniyyətlərimiz də, Türkiyənin harasına gedirsinizsə gedin, orada Azərbaycandan bir parça tapacaqsınız. Oxşarlıqdan da ziyadə, eynilə Azərbaycandakı kimi olan nələrsə tapacaqsınız. Bu Antalyada da belə, Orta Anadoluda da, Nevşehir, Yozqatda belə, Ərzincanda, Ərzurumda da belə, amma Qars, İqdırda daha fərqli.

  • Bakının ən sevdiyiniz cəhəti, tərəfi?

Bakının ən gözəl tərəfi, Bakını gəzməkdir. Bakını gəzmək insana zövq verir. Tez-tez şəhəri gəzirəm piyada, dolaşıram. Həyat yoldaşımla da çıxıb gəzirik. Bakı insanı rahat hiss etdirən bir şəhərdir. Mən Bakının ən çox bu tərəfini sevirəm.

  • İçərişəhərdə olmusunuz?

Təbii

  • Orada nəyi bəyənirsiniz, nəyi sevirsiniz?

İçərişəhərin bir başqa memarlığı var. İçərişəhərdə mənim ən sevdiyim şeylərdən biri Qız Qalasının üstündən şəhərə baxmaqdır. Oradan bütün Bakını, ətrafı, dənizi görürsən, açıq üfüq görünür.

  • Azərbaycanlılar haqqında nə düşünürsünüz, dediniz, bəli oxşayırıq, daha?

Bir kəlmə var - qardaşıq. Azərbaycanla eyni millətik. Sosial-psixologiyada bir anlayış var, dünyanın harasına gedirsənsə get, özünü orada yad hiss edirsən. İnsanın içində bir başqa hiss olur, amma mən bu hissi Bakıda heç vaxt yaşamadım. Azərbaycanın harasına gedirəmsə gedim, heç vaxt özümü yad hiss etmədim. Azərbaycanlılarla biz eyni millətik və mən burada qardaşlarımız arasında olduğumu hiss edirəm.

  • Çox sağ olun, eyni şeyləri biz də düşünürük, eyni hissləri, eyni emosiyaları biz də yaşayırıq. Bir səfir kimi, diplomat kimi gününüzü bizə təsvir edə bilərsinizmi, nə ilə məşğul olursunuz, nə edirsiniz?

Səhər işə gəlib oxunacaq hesabatlar var, onları oxumaqla başlayıram. Sonra iş yoldaşlarım başqa işlər gətirirlər, onlarla məşğul oluram, sonra bayırda işlərimiz olur, bəzən sizin kimi qəzetçi dostlarımız gəlir, müsahibə verirəm, tədbirlər olur, onlarda iştirak edirik, günlərin heç biri o birisinə oxşamır, hər biri fərqli olur, bu bir az da bizim ölkələr arasında olan münasibətlərdən də qaynaqlanlır, bilirsiniz ki, bizim hər sahədə çox çeşidli əlaqələrimiz var. Bununla da bağlı Bakıda hər gün nə isə bizimlə əlaqəli bir tədbir olur, oralarda iştirak edirik. Bir günümüz o birinə oxşamır, hər gün fərqlidir.

  • Çox dinamikdir demək. Siz Xarici İşlər Nazirliyinin əməkdaşısınız və burada işlər elə qurulur ki, bir yerə alışırsan, öyrəşirsən. Və birdən-birə sənin iş yerin dəyişməlidir, birdən birə köçüb getməlisən. Başqa yerdə işləməlisən. Bunu siz daxilinizdə necə balanslaşdırırsınız? Məsələn, tapşırıq gəldi və sabah siz getməlisiniz Almaniyaya. Fikrinizcə belə durum bir qədər fərqli deyil ki?

Bu diplomatik həyatın bir hissəsidir. Bir yerə getdiyiniz zaman orada bir müddət qalacağınızı bilirsiniz. Eyni şəkildə də Ankaraya, mərkəzə döndüyünüz vaxtda da bir müddət orada qalacaqsınız. Bunu əvvəldən bilirsiniz, buna görə də buna özünüzü öncədən hazırlayırsınız. Hətta zamanı gələndə, yeni işimə başlayım deyə səbrsizlənirsiniz də. Mənə də tam əksi gəlir hərdən, fikirləşirəm ki, bəzi adamlar illərdir eyni binada, eyni mənzildə necə yaşayırlar, eyni yerdə, eyni şəhərdə necə işləyirlər görəsən. Necə bunu bacarırlar deyə düşünürəm. Diplomatlıq dinamik bir peşədir. Və insanın həyatını yeniləşdirir, dəyişdirir, davamlı dəyişikliklər gətirən bir peşədir. Ona görə də mən işimi çox sevirəm və bu dəyişikliklər də mənə yenilik kimi gəlir, bunu yeni bir şeylərə başlamaq fürsəti kimi görürəm.

  • Diplomat peşəsinin ən vacib tərəflərindən biridir bu, həmişə tonusda olmalısınız, yeni ideyalarla, yeni yerlərlə.

Bunun bir çətinliyi var, getdiyiniz hər yerdə dostlarınızı qoyub, yeni bir yerdə yeni həyat qurmağa başlamalısınız. İşin ən çətin tərəfi bu.

  • Bəs necə bacarırsınız?

Bu həyatın bir parçası, etməliyik!

  • Demək dostlarınız uzaqdadı, virtual olaraq ünsiyyətdəsiniz, bu bir az çətindir.

Bəli

  • Sayın səfir, bizim media haqqında nə düşünürsünüz, bu sualı verməsəydim olmazdı?

Azərbaycan mediasının önü açıqdır həmişə, hər zaman gələcəyə baxan, özünü günün ehtiyaclarına görə tənzimləyən bir media var Azərbaycanda. Burada çox yaxın dostlarımız var. Onlarla tez-tez danışırıq, görüşürük. Onlar da bu günün tələblərinə cavab verəcək bir formada olmağa çalışırlar.

  • Və son sualım, diplomatik missiyanız bitdikdən sonra özünüzü harada görürsünüz, necə görürürsünüz, nə ilə məşğul olmaq istəyirsiniz?

Hələ təqaüdə çıxmağıma var, o zaman gəldikdə özümlə bir az maraqlanmaq istəyərdim, oxuyub çatdıra bilmədiyim bir sıra kitablar var, onları oxumaq, çatdıra bilmədiyim işlər var, onlarla məşğul olmaq istəyərdim.

  • İzləyicilərimizə, dinləyicilərimiziə diləkləriniz, onlara nə arzu edərdiniz?

Mən bütün izləyicilərə çox gözəl günlər arzulayıram, hər zaman xoşbəxt olacaqları gözəl bir ölkə arzu edirəm, Azərbaycana da bütün sıxıntılarını geridə qoyub, ərazi bütünlüyünü bərpa edib, Qarabağın 7 rayonunun işğal altından qurtulmuş gözəl günlər diləyirəm.

  • Çox sağ olun, biz sizə təşəkkür edirik.

Aynur Kərimova

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0