Bakı 23˚C Partly sunny

Erməni diversantları Zəngilana kim göndərdi? - Təxribatın PƏRDƏARXASI

Siyasət 16:37 25 apr, 2022

Münaqişənin üçtərəfli formatda qalmasında maraqlıdır

Erməni diversantları Zəngilana kim göndərdi? <span style="color:red">- Təxribatın PƏRDƏARXASI</span>

Brüssel danışıqlarının ikinci raundundan sonra Ermənsitanla Azərbaycan arasında sülh sazişinin imzalanması məsələsi istiqamətində ciddi irəliləyişlərin müşahidə ediləcəyi ehtimalları daha da artdı. Avropa İttifaqının bu istiqamətdə xoşməramlı təşəbbüsü rəsmi İrəvanın Bakı ilə razılığa gəlməkdən başqa seçimlərinin qalmadığını anlamasında olduqca önəmli rol oynadı. Hətta biz bunu Nikol Paşinyanın parlamentdəki son çıxışı zamanı da açıq sezdik.

Baxmayaraq ki, erməni baş nazirin Moskva səfərindən sonra Brüsseldəki danışıqlara sadiq qalacağı bir o qədər də gözlənilənə bənzəmirdi. Lakin Aİ prezidenti Şarl Mişelin Ermənistan liderinə Moskva səfərindən bir gün öncə zəng etməsi Qərbin Ermənistana bir xəbərdarlığı kimi də qəbul edilə bilər. Mişel bununla Paşinyanı Vladimir Putinin hüzurunda Brüsseldə verdiyi sözü unutmamağı tapşırdığı istisna edilmir.

Ermənistan liderinin parlamentdəki son çıxışı da sırf Qərb və Bakıya ünvanlanmışdı deyə bilərik. O, son açıqlamaları (Paşinyan parlamentdəki çıxışında bildirib ki, "Bizim strategiyamız ondan ibraətdir ki, Qarabağlı ermənilər Qarabağda yaşayıb, özlərini qarabağlı kimi hiss etsinlər. Qalan bütün söhbətlər hər hansı bir məclisdə sağlıq demək kimi bir şeydir. O qüvvələr ki, hazırda sağlıq demək şüarı ilə yürüyür, yeni müharibənin alovlanmasına səbəb olacaq. Bu isə nəinki Qarabağın, bütün Ermənistanın itirilməsinə səbəb olacaq. Biz buna icazə verə bilmərik" - red) ilə hər iki tərəfi əmin etməyə çalışdı ki, İrəvan vədindən dönməyib, Azərbaycanın təklif etdiyi 5 maddəlik sülh paketi təklifi tərəfimizdən dəyərləndiriləcək. 

Təbii ki, Paşinyanı bu cür çıxış etməyə növbəti və ən əsas səbəb isə Azərbaycan Prezidentinin Şuşada gerçəkləşən Dünya azərbaycanlılarının V Qurultayındakı çıxışı zamanı Ermənistana və havadarlarına ünvanladığı önəmli mesajlar oldu. İki gün əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Prezident İlham Əliyevə zəng etməsi və bu telefon danışığı əsnasında aprelin 6-da Avropa İttifaqının təşəbbüsü ilə Brüsseldə keçirilmiş üçtərəfli görüş qeyd olunub və əldə edilmiş razılaşmalara uyğun olaraq, praktiki və nəticəyönümlü işin aparılmasının önəminə toxunulması, Qərbin Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, o cümlədən sərhədlərin demarkasiyası və delimitasiyası, iki ölkə arasında sülh müqaviləsinin hazırlanması, nəqliyyat-kommunikasiya xətlərinin açılması məqsədilə verdiyi dəstəyini və bu məsələləri diqqətdə saxladığını bir daha nümayiş etdirdi. 

Dövlətimizin başçısının Şarl Mişellə telefon danışığı zamanı bir məsələ xüsusilə diqqət çəkdi. Brüssel görüşünün nəticələrinə uyğun olaraq Azərbaycan tərəfinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə milli komissiyanın və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə nümayəndə heyətinin tərkibini müəyyən etdiyini bildirən İlham Əliyev qarşı tərəflə "Bakı-İrəvan" formatında danışıqlara hazır olduğunu qeyd edib. Bu isə o deməkdir ki, rəsmi Bakı daha sülh üçün üçüncü bir tərəfin birbaşa danışıqlara müdaxilə etməsinin tərəfdarı deyil, bu məsələni İrəvanla təkbətək həll etməyin fayda verəcəyinə inamı böyükdür. Prezidentin Şarl Mişelin bu formatda görüşün baş tutması üçün Brüsseldəki hər iki görüşdə şərait yaratmasını və onun sülh üçün göstərdiyi fəaliyyətdən məmnunluğunu nəzərə alsaq, bu o deməkdir ki, Bakını burada daha çox Moskvanın yersiz və gərəksiz müdaxilələri narahat edir. 

Təbii ki, hər zaman özünü regionun hegemon dövləti kimi aparan, 30 ilə yaxın Qarabağ açarından eninə-boyuna istifadə edib, vəziyyəti istədiyi məcraya döndərən Rusiyanın birdən-birə oyundan kənar qalması onun aqressiyasını büruzə verməsi ilə nəticələnəcəkdi. Xüsusən Şarl Mişelin son günlər həm Ermənistan və Azərbaycan liderləri ilə təmaslarının artdığını da nəzərə alsaq Moskvanın narahatlığını anlamaq çətin deyil. 

Çünki Kremlin münaqişənin üçtərəfli formatda qalmasında maraqlı olduğundan xəbərdarıq. Məlumdur ki, uzun illər Rusiyanın münaqişə ilə bağlı ənənəvi strategiyası iki tərəf arasında manevrlər edib, özünə maksimum sərf edən nəticəni ortaya çıxartmaq olub. Bu strategiya həm də hər iki tərəfi özündən asılı vəziyyətdə saxlamağa imkan verir. Birdən-birə belə bir imkandan məhrum olmaq təbii ki, Moskva üçün regionda qarşılaşdığı ən arzuolunmaz vəziyyətdir.

Aprel ayının 23-də saat 18:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini keçməyə cəhd göstərməsinə də məhz bu konteksdən baxmaq real vəziyyəti daha dəqiq təsvir etməyə yardım edər. 

Ermənistan dövlət sərhədinin Azərbaycanın Zəngilan rayonu ərazisindən keçən hissəsində təxribat törətməyə cəhd göstərməsi sıradan, adi, təsadüf bir məsələ deyil. Düşünürəm ki, planlaşdırılmış və bilavasitə Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və sülh prosesi ilə bağlı Brüsseldə əldə olunmuş razılaşmada nəzərdə tutulmuş addımların qarşısının alınmasına yönəlmiş məqsədyönlü təxribatdır. Brüsseldə əldə edilən razılaşmaya görə, aprelin sonunadək Birgə Sərhəd Komissiyasının iclası keçirilməli və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, sərhəd xətti boyu və onun yaxınlığında sabit təhlükəsiz vəziyyətin təmin edilməsi məsələləri müzakirə olunmalıydı. Təbii ki, sərhəddəki son təxribat isə belə bir iclasın baş tutmasını şübhə altına alır, elə məhz bunun üçün törədilib. Çünki Moskva münaqişə ilə bağlı özünə sərf edən mövcud status-kvonun davam etməsində, münaqişənin üçtərəfli formatda qalmasında maraqlıdır.

Nəzərə alsaq ki, burada diqqətçəkən əsas məqamalardan biri erməni diversiya qrupunun keçməyə çalışdığı sərhəd xəttinə Rusiya sərhədçilərinin nəzarət edir, bu zaman o versiya önə çıxır: Təxribata şəraiti Rusiya sərhədçiləri yaradıb, bununla Moskva Brüssel razılaşmasını pozmağa çalışmaqla Azərbaycan və Ermənistana "mənim iştirakım olmadan bu regionda heç bir problem həll ola bilməz" mesajı vermək istədi.

Əslində, sərhəddəki təxribat Ermənistanın münaqişənin tərəfi kimi qaldığı, Azərbaycanın ərazi bütövlüyünün İrəvan tərəfindən tanınmayacağı mənasına gələ bilər. Amma bütün bu proseslərdən sonra Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan arasında telefon danışığının baş tutması bu iddianın əsassız olduğunu da göstərə bilər.

Nəzərə alsaq ki, nazirlər, iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq fikir mübadiləsi aparıblar və tərəflər, Birgə Sərhəd Komissiyasının iştirakçılarının parametrləri barədə razılığa gəliblər, o zaman sərhəddəki təxribatda Rusiya barmağının olduğu daha açıq şəkildə qənşərə çıxmış olur. XİN rəhbərləri arasında Birgə Sərhəd Komissiyasının, habelə sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi qrupunun görüşlərinin yaxın zamanlarda təşkil olunmasına dair razılıq əldə olunması faktı Ermənistanın da təzyiqlərə rəğmən sülhün onun üçün son şans olduğunu göstərir.

Ceyhun Bayramovla Ararat Mirzoyanın bu telefon danışığını ümumilikdə müsbət adlandırmaq olar. Sərhəddəki gərginliyin ardından bu səhər iki ölkənin XİN rəhbərləri arasında belə bir dialoqun baş tutması sülh danışıqlarını pozmaq niyyəti olan qüvvələrin planlarının bu dəfəlik baş tutumadığını göstərir. Amma istisna edilmir ki, bu təxribatların sayı Ermənistan-Azərbaycan sərhəddində arta bilər. 

Əslində, Zəngilanda erməni diversant Matirosov Eduard Arturoviçin saxlanılması Bakıya imkan verir ki, həm Brüssel, həm də Moskva qarşısında İrəvanın sərhəd razılaşmasını pozduğu məsələsini qaldırsın və Ermənistanı razılaşmanın icrasına məcbur edəcək addımlar üçün əlindəki faktdan istifadə etsin. Bu amil isə sülh sazişi yolunda Ermənistana təzyiqləri artırmaq, prosesi daha da sürətləndirmək baxımından Bakının əlini gücləndirə bilər. 

Son hadisələr bir daha göstərdi ki, Azərbaycan məqsədinə çatmaq üçün bütün gücünü səfərbər edib və heç bir təxribat onu yolundan döndərə bilməyəcək. Bu barədə Prezident İlham Əliyev Dünya azərbaycanlılarının V Qurultayında rəsmi Bakının bu məsələ ilə bağlı mövqeyini konkret olaraq bəyan etdi. Azərbaycan beş prinsip əsasında sülh müqaviləsi təklifini irəli sürməklə bir daha öz xoş niyyətini göstərdi. Ermənistandakı revanşist qüvvələr də bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, o zaman biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq və bunu rəsmən bəyan edəcəyik. 44 günlük İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu qərar onlar üçün hansı ağır nəticələrlə yekunlaşa bilər.

mənbə