Bakı 13˚C Sunny

"Ermənistan Qarabağa aid arxeoloji tapıntıları dünya bazarında hərraca çıxarıb" - Təvəkkül Əliyev

Eksklüziv 23:47 01 noy, 2021

 Artıq 3 aya yaxındır ki, Ağdam şəhərin daxilində qazıntı işləri görürük

"Ermənistan Qarabağa aid arxeoloji tapıntıları dünya bazarında hərraca çıxarıb" - <span style="color:red">Təvəkkül Əliyev</span>

Ordusu, xalqı, siyasi rəhbərliyi ilə birgə bütün Azərbaycan Vətən Müharibəsi zamanı vəhdət göstərdi. 

Azərbaycan işğalçı düşmənə qarşı birlik göstərərək 30 illik həsrət son qoydu. Bu qələbə bütün xalqın əzmkarlıq nümunəsinə çevrildi və əsrlər boyu yaddaşlara həkk olunacaq. 

Qazet.az “44 GÜN” adlı yeni layihəsində şanlı savaş tariximizin hər bir günü Azərbaycan ziyalılarının yaşantılarını parça-parça, damcı-damcı bir bütövə toplayır. Bu gün 9-cu gündür.

44 GÜN LAYİHƏSİ
 

 

Azərbaycanlı arxeoloq-alim, tarixçi Təvəkkül Əliyev İkinci Qarabağ müharibəsi və Qarabağın tarixi mədəniyyətilə bağlı Qazet.az-a müsahibə verib.

Təvəkkül Əliyev

–  Vətən müharibəsi müddətini necə xatırlayırsınız və ən yadda qalan anlar hansılardır?
–  44 günlük Vətən müharibəsi zamanı, ondan öncə və ondan sonra baş verən hər bir hadisələrə bir tarixçi, arxeoloq, həmin əraziləri tanıyan birisi, habelə həmin ərazilərdə tədqiqat aparmış bir şəxs kimi hər an izləmişəm, hətta müharibə başlamazadan bir gün öncə Nəsrəddin Tusidən bir yazı paylaşmışdım. Həmin yazı isə “Ordu qələbə qazanmaq üçün nə etməlidir”, deyə idi. Düzdür, yazını gec saatlarda bitirdiyim sabah yayımlayaram dedim. Səhər oyandım, haradasa 3-4 saatdan sonra artıq müharibə başlayıb. Ondan sonra olan bütün prossesləri hər kəs kimi izləyirdik. Azad olunmuş xüsusilə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, o cümlədən Xocavənd kimi rayonlarda əsgərlərimiz hansı məntəqələri azad edirdisə, mən həmin məntəqə haqqında məqalə hazırlayıb çıxış edirdim. Bu zaman həmin rayonun tarixi, abidələri, azad edilmiş kəndlərimiz haqqında məlumat verirdim. 

Mən Zəngilanda işləmişdim. Orada çayın kənarında “Şəhri Şərifan” var. 1979-cu ildə mən orada arxeloji qazıntılar aparmışdım. Həmin çayın üzərində böyük körpü var idi. Həmin çayı keçmək üçün ancaq körpünün üzərində keçmək olurdu. Döyüşlər gedəndə tam məlumat vermədən, dedim ki, həmin körpü dağıdılsa, düşmənin ön cəbhəylə əlaqəsi kəsiləcək və bu, bizim üçün çox böyük uğur olacaq. Həmin günün axşamı informasiya gəldi ki, həmin körpü bizimkilər tərəfindən dağıdılıb və düşmənin ön cəbhəylə əlaqəsi kəsilib. 

 

–  Şuşanın azad edilməsilə bağlı təəssüratlarınız bizimlə bölüşə bilərsiniz?

– Təbii ki, Şuşaya yaxınlaşanda daha böyük həyacan keçirmişik. Orada artıq saatları deyil, hər anı düşünmüşük: bu an nə baş verəcək. Günləri sayırdım, hətta sosial şəbəkədə Şuşanın neçə gün, həftə, saat bizim yolumuzu gözlədiyini, həsrətimizdə olduğunu hesablayıb paylaşmışdım. Şuşa haqqında, onun tarixi abidələri haqqında məlumatları yayımlayırdım. 

Mən gənclik illərimdə Laçının, Kəlbəcərin yaylaqlarında olmuşam. Hər zaman düşünürdüm ki, mən oraları görmüşəm, amma mənim övladlarım, nəvələrim o yerləri görə biləcəkmi? Şükürlər olsun nəinki onlar, bizim nəsildən olanlar belə bu xoş günü gördülər. Təbii ki, bu xoşbəxtlikdə bizim şəhid olan övladlarımızın, qazilərimizin rolu çoxdur. Allah şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin. Habelə mən bir dəfə yazmışdım ki, “İlahi! Mən bilməzdim ki, bizim kəndimizdə, məhəlləmizdə, küçəmizdə bu qədər çox gözünü yumub can vətən deyib, özlərini ölümün önünə atan gənclərimiz varmış, vətənsevər insanlarımız varmış”. Hər zaman düşünürdük ki, nə zamansa bu olacaq, amma belə tezliklə olacağını açığı gözləmirdik. Amma burada bir şey də var ki, bu inadı bizdə kim yaradırdı. Bilirik ki, inad olmazsa, qələbədə olmazdı. Məhz buna bir misal çəkə bilərəm ki, “2011-ci ildə yol gedərkən mənim qarşıma afişa çıxdı. Həmin afişanın üzərində böyük hərflərlə: Füzulilər cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Qarabağa qayıdacaq! Onu elə iri hərflərlə yazmışdılar ki, insanda istər-istəməz əminlik yaradırdı”. Habelə döyüş ruhumuzun ölməsinə imkan verməyən gənclərimiz var idi. Misal üçün, Milli Qəhrəman Mübariz İbrahimov, general Polad Həşimov kimi ki, onların şəhidlik zirvəsinə ucalmaqları bizdə daha da inam və inad yaradırdı.
 

Təvəkkül Əliyev - Zəfər Yolunda

–  Qələbəmizlə bağlı ictimai rəydə olan fikirləri necə qiymətləndirirsiniz?
– Mən bəzən eşidirəm ki, qazanılan qələbəyə kölgə salmaq istəyənlər olur. Aramızda belələri var və bu bəzi informasiyalarda da özünü göstərir. O dəfə oxuyuram, biri yazıb ki, “Xocavənd deyirlər. Xocavəndin nəyini biz azad etmişik? Cəmi 1-2 dənə kəndi azad olunub”. Mən də ona cavab yazdım ki, “ İnsafınız olsun! Xocavəndin 29 kəndi və 1 dənə də Hadrut boyda qəsəbəsi azad olunub. Siz bu 30 məntəqəni nə üçün 1-2 dənə kənd adlandırırsınız.....”

Mən uşaq vaxtı xatırlayıram, hər zaman Ağdərənin içindən keçib Kəlbəcərə gedərdik. Həmin dövrlərdə yola gecə saat 3-də çıxardıq. Mən isə uşağıydım, onlardan soruşurdum ki, niyə bu vaxt gedirik? Deyirdilər ki, Ağdərənin içindən keçəndə ermənilər bizi daşa basırlar. Hətta əmin-amanlıq dövründə belə müəyyən təhlükə olduğuna görə biz yolu gecələr gedirdik. Amma indi bəzi qərəzli fikirdə olanlar var ki, deyir Ağdərə bizdə deyil. Tarixi olaraq baxsaq, orada 3 yerdə onlar məskunlaşıblar ki, onlardan biri Ağdərə, biri Xankəndi və biri də Xocvənddir. Onlar da biri-birinə bir yolla birləşiblər, adi bir sapa düzülmüş kimi. Onlar o şəkildə orada yaşaya bilməyəcəklər. Çünki hər tərəf Azərbaycandır və bir müddətdən sonra özləri getməyi seçəcəklər. Hələ düşünün ki, azərbaycanlılar öz torpaqlarına qayıtmayıblar. Sadəcə bir az hövsələli olub, zamanı gözləmək lazımdır və əldə etdiklərimizi daha da möhkənləndirmək lazımdır deyə düşünməliyik.

Azıx mağarası sakini


–  Gələcəkdə işğaldan azad edilmiş ərazilərdə hansısa arxeoloji qazıntılar etmək planlarınız varmı?

–  İşğaldan azad edilmiş rayonlarda olmuşam: Zəngilanda, Füzulidə, Cəbrayılda, bu gün də Ağdamda oldum ki, məhz müəyyən abidələrə baxmaq üçün. Qarşımızda hələ çox böyük işlər durur. Əlbəttə işlər görüləcək. Hal-hazırda bizim Ağdam rayonunda şəhərin daxilində, artıq 3 aya yaxındır ki, qazıntı işləri görürlər. Ondan sonra digər ərazilərdə yollar çəkirlər ki, monitorinq aparmaq üçün gedirik. Şuşanın özünün sərhədlərinin müəyyənləşdirilməsində arxeloqlar, tarixçi alimlərimiz fəaliyyət göstərir. Azıx mağarasından olan tapıntılar var idi. Onları gedib gətirdik. Vaxtilə ermənilər orada qazıntılar etmişdi. Özümüz digər tərəfdən Ağdamın yaxınlığında “Şahbulaq” qalası var, orada arxeloji araşdırmalar edirik. Habelə 2016-cı ildə ermənilər həmin ərazilərdə guya özlərinin qədim şəhərlərinin tapmaları ilə bağlı məlumat yaymışdılar. Habelə “Azıx mağarası” ilə bağlı beynəlxalq səviyyədə işlər görmək istəyirdilər. Həmin dövrdə Azərbaycanın Xarici İşlər Nazirliyi həmin araşdırmaların tanınmaması üçün ciddi addımlar atmışdı. Habelə Laçın ərazisində tarixi qəbirlər var idi. Həmin qəbirləri talayıb Ermənistana apardılar. Sonra isə qondarma dırnaqarası arsax ilə aralarında dava çıxdı. Ermənistan dedi mənimdir, “arsax” isə dedi mənimdir. Sonda isə həmin qəbirlərin bir qismi Londanda hərraclara qoyulub satıldı. Ermənistan tərəfindən Qarabağın tarixi mədəniyyəti talanıb dünya bazarında hərraclara çıxarılırdı. Şükürlər olsun ki, artıq biz torpaqlarımızı geri aldıq və abidələrimiz də özümüzə qayıtdı. Bundan sonra hərə öz işini görməlidir. İnşaat mühəndisi - inşaatı, tarixçisi - tarixi, arxeoloqu - arxeoloji qazıntısıyla öz tövhəsini verməlidir. 
 

Dönməz Hüseyin


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.