Bakı 15˚C Sunny

"Əsgərlərin həkimlərə dediyi bir cümlə var idi: Vətən sağ olsun!" - Vətənin köməyinə qaçan həkim

Eksklüziv 16:30 22 okt, 2021

Həmin gün mənim üçün çox önəmli və qürurlu gün idi

"Əsgərlərin həkimlərə dediyi bir cümlə var idi: Vətən sağ olsun!" - <span style="color:red">Vətənin köməyinə qaçan həkim</span>

Ordusu, xalqı, siyasi rəhbərliyi ilə birgə bütün Azərbaycan Vətən Müharibəsi zamanı vəhdət göstərdi. 

Azərbaycan işğalçı düşmənə qarşı birlik göstərərək 30 illik həsrət son qoydu. Bu qələbə bütün xalqın əzmkarlıq nümunəsinə çevrildi və əsrlər boyu yaddaşlara həkk olunacaq. 

Qazet.az “44 GÜN” adlı yeni layihəsində şanlı savaş tariximizin hər bir günü Azərbaycan ziyalılarının yaşantılarını parça-parça, damcı-damcı bir bütövə toplayır. Bu gün 19-cu gündür.

44 GÜN LAYİHƏSİ
 

 

Azərbaycan Tibb Universitetinin Ağız və Üz Çənə Cərrahiyyəsi kafedrasının assistenti, Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının sədri, hər iki Qarabağ müharibəsində həkim kimi iştirak etmiş Oktay Mehdiyev Qazet.az-a müsahibəsindən İkinci Qarabağ müharibəsində könüllü həkimlərin iştirakından danışıb.

Müharibə başlayan günü bütün maneələrə baxmayaraq illərdir bu anı gözləyən həkim əsgərlərin köməyinə qaçdı. Bununla kifayətlənməyən Oktay Mehdiyev yüzlərlə həkimi səfərbər edərək özü bir komandana çevrildi. Əyindəki ağ xalatı hərbi formaya dəyişən həkim savaşın həyəcanlı və qürurlu günlərini belə xatırlayır:

Həkim Oktay Mehdiyev - Cıdır düzü

–  Müharibə xəbərini necə aldınız? 27 sentyabr tarixini necə xatırlayırsınız?
–  Həmin günü biz 28 ildir gözləyirdik. 27 sentyabr tarixində müharibənin başlaması xəbərini duyduqda sevindim. Ötən 28 ilin hər günündə gəncliyimizə aşıladığımız, təbliğ etdiyimiz torpaqlarımızın azad edilmək vacibiyyəti idi. Ona görə də həmin gün mənim üçün çox önəmli və qürurlu gün idi.

Xəbər alan kimi getdim işə və müraciət etdim ki, məni könüllü olaraq döyüşə göndərsinlər. Düzdür, ilkin olaraq 50 yaşdan yuxarısınız, döyüşçü kimi olmaz dedilər. Mən isə müraciət edib həkim olduğumu söylədim. Onda da mənə Səhiyyə Nazirliyindən rəsmi xəbərin gəlmədiyini söylədilər. Bu heç bir halda mənə mane olmadı. Geri dönüb maşına mindim və öz əlaqələrimlə müharibə olan yerə getdim. Mən sadəcə bir həkim kimi öz köməyimi göstərmək istəyirdim və buna heç kim məni məcbur etmirdi. İlkin olaraq Naftalan tərəfdə yaralıların çox olduğunu söylədilər və mən istiqamətimi ora götürdüm. Sonra həmin gün daxilində Gəncəyə getdim. Orada Gəncə Beynəlxalq Xəstəxanasında yaralılar gəlirdi onları qarşılayıb müalicə edirdik. İlk gündən düz müharibənin 20-ci gününə kimi Gəncədə oldum.

Müharibə zamanı könüllü həkimlər


–  Müharibəyə necə qatıldınız və fəaliyyətiniz nə oldu?
–  Deməli, Gəncə Beynəlxalq Xəstəxanasında cərrah kimi fəaliyyət göstərdim. Artıq oktyabr ayın 11-dən sonra şimal bölgəsində müharibə səngiməyə başladığına görə xəstəxanada olan bütün yaralıları Bakı şəhərinə təxliyə etdik. Ayın 18-dən sonra birbaşa Füzuli Diaqnostika Mərkəzinə getdim. Artıq biz 18 gün daxilində könüllü həkimlərdən ibarət WhatsApp qrupu yaratmışdıq. Bunun sayəsində həm hara həkim lazımdırsa, ora həkimləri yönləndirirdik, həm də harada dərman və ya tibbi ləvazimat azlığı yaşanırdısa, dərhal həmin əraziyə dərman çatdırılması üçün lazımi işlər görürdük. Füzulidən isə noyabr ayının 13-ü sonuncu yaralını da təxliyə etdikdən sonra dönmüşəm.

Həkim Oktay Mehdiyev - Şuşa


–  Müharibə zamanı bir çox yaralı əsgərlər varıydı ki, yenidən döyüşə qayıtmaq istəyirdilər. Bəs siz belə halla qarşılaşmısınız?
–  Bu halla çox qarşılaşmışam. Həqiqətən də elə idi və əsgərlərdə ruh yüksəkliyi o qədəriydi ki, özünə gəlməmiş əsgər deyirdi ki, “məni buraxın gedim döyüşə”. Bəzən elə yaralılar gəlirdi ki, baxırdıq bədəninə bu insan neçə dəfə yaralanıb, amma döyüşü tərk edib xəstəxanaya gəlməyib. Yəni demək istəyim odur ki, əsgərlərdəki vətənə bağlılıq bunu onlara məcbur edirdi. Habelə yarasının ağırlıq dərəcəsinə görə xəstəxanaya gətirilənlər varıydı ki, onlar da gözlərini açan kimi “mən gedirəm” deyirdilər. Çoxsu isə bu ifadəni işlədirdi: “Döyüş yoldaşlarım orada qalıb, mən bu yarayla da gedib döyüşə bilərəm”. Bunların hamısı həqiqətdir, müharibə zamanı buna şahid oldum. Əsgərlərimizin bu ruh yüksəkliyi bizə ayrı motivasiya verirdi. Həmin günlərdə yaşanılanlar sözlərlə ifadə ediləcək deyil. Xalqımızın birliyi, əsgərlərimizin ruh yüksəkliyidi ki, bizi qələbəyə apardı. Xalqımızın, dövlətimizin dəstəyin hər zaman hiss etdik, bizə nə lazım olurdusa ağzımızdan çıxan kimi bizə təşkil edirdilər. Sizə deyim ki, 50 yaşım var və bütün həyatımda belə bir şey görməmişdim. 1988-ci ildə xalqın oyanışında yaşadığı birliyi, İkinci Qarabağ müharibəsində yenidən yaşamış olduq. 
Artıq elə olmuşdu ki, sutkalarla yatmırdıq, amma yorulmaq nədir bilmirdik. Məhz bu güc, yorulmama ruh yüksəkliyinin nəticəsi idi.

Əməliyyat zamanı Oktay Mehdiyev


–  Döyüş zamanı hansısa bir təhlükəylə qarşılaşmısınız?
–  Əlbəttə, Gəncədə iki dəfə ballistik raket yanıma düşüb. Habelə oturduğum yerdə raket düşüb və onun dalğası məni yerə yıxıb. Təhlükə hər zaman olur, amma bu bizim üçün mühüm deyildi. Yanımıza mərmi düşürdü, başımızın üstündə atəş açılır və biz bunları normal qəbul edirdik. Çünki müharibə gedirdi. Bizim bir amalımız varıydı: o da torpaqlarımızı azad etmək. Bu da nəyin bahasına olursa, olsun olmalıydı. Mənim bildiyim odur ki, həmin müddətdə qorxu hissi sıfır vəziyyətdə idi.

Yaralı əsgər və həkim Oktay Mehdiyev

–  Sizin üçün müharibdə ən çox yadda qalan və sizə təsir edən an hansı idi?
–  Yaralılar gəlirdi, açığı, biz onlara təsəlli verirdik. Onların isə bizlərə dedikləri sadəcə bir cümlə var idi: “Vətən sağ olsun!”. Yəni bədənlərindəki ağrı, acını bir cümləylə ifadə edirdilər. Bir sözlə hər nə olursa olsun, amma “Vətən sağ olsun. Təki torpaqlarımız azad olunsun”. Bunu hər bir əsgərin dilindən eşitmək, baxın, bunu mən heç bir zaman unuda bilmərəm.

Dönməz Hüseyin


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.