Bakı 18˚C Sunny

Ət, göy və balqabaq qutabının hazırlanması

Maraqlı 05:43 04 dek, 2022

Soyuq havalarda dadlı Azərbaycan mətbəxindən qutab resepti

Ət, göy və balqabaq qutabının hazırlanması

Azərbaycan milli mətbəxinə aid yeməklərdən biri də çoxlarının sevimli xörəyi “Qutab”dır. 

Qutab ət, göyərti, balqabaq və dəvə əti ilə doldurulmuş və aypara formasında bükülmüş yuxadan ibarətdir. Müxtəlif bölgələrdə ölçülər fərqli olsa da, qutab hər zaman qatıq və yağ ilə yeyilir.  

Ət qutabının hazırlanması  

6 stəkan un

1-2 ədəd yumurta

1/3 çörək qaşığı sarıkök

1 xörək qaşığı duz

1 çörək qaşığı maya

2 stəkan ilıq su (təqribən)

Yuxaları yaymaq üçün un

1/2 stəkan su ilə mayanı qarışdırırıq 5-10 dəqiqə qalır köpüklənir. Unun ortasını açırıq. Üstünə duz və sarıkökü səpirik.İçinə yumurtanı və mayanı töküb su da əlavə edib əvvəl qaşıqla qarışdırıb sonra əlimiz ilə xəmir yoğururuq.Yumşaq xəmir alınacaq. Üstünə sellofan örtüb dəsmal qoyub qoyuruq isti yerdə 1-2 saata acıyır.Hazır xəmiri bir neçə yerə bölüb kündələyirik.Nazik yuxa yayırıq. Qutab yuxası qalın olmamalıdır. 

İçlik üçün:

500 qr. mal əti
150 qr. quyruq
300 qr. soğan
duz, istiot 

Ət və soğanı ət maşınından keçirib, duz və istiotla yaxşıca qarışdırıb qiymə hazırlayın.

Xəmirdən xırda kündələr tutub, 1 mm qalınlıqda yayın. Yuxanın bir tərəfinə qiymə yaxıb, xəmirin ikinci tərəfini onun üzərinə qatlayıb, qıraqlarını bir-birinə bərkidin.

Qutabları ikitərəfli olaraq yağda və ya sacda bişirin. Sacda bişirdiyiniz qutabların üstünə kərə yağı çəkib, hər birini sumaxlayıb nimçədə üst-üstə yığın. 

Göy qutabı

İçlik üçün: 

Qutabın içliyini hazırlamaq üçün müxtəlif göyərti lazım olacaq, xüsusilə turşəng onda qutabın dadı bir qədər turşməzə alınacaq. İspanaq, kişmiş, şüyüd, göy soğan, türşəng, pendir və s. Əvvəlcə soğanı qızılı rəngədək qızardın. Göyərtini yuyub qurudun, sonra xırda-xırda kəsin, üstünə duz tökün. Göy qutabı ət qutabından daha iri olmalıdır. Kündəni 27 sm diametrində yayın. Yarısına göydən içi qoyun. Sonra o birisi yarısını üstünə gətirib qırağını bərkidin. Sacda bişirin. Bişirilən zaman yağ vurulmur. Yalnız sonra isti-isti üstünə nazik laylı kərə yaği çəkilir və qatıqla yeyilir.

Balqabaq qutabı

İçlik üçün:

500 qr. balqabaq
2 xörək qaşığı şəkər tozu
200 qr. nar dənəsi
1-2 xörək qaşığı şəkər tozu
 

Balqabağın qabığını soyduqdan sonra yuyub, dördkünc formada xırda-xırda doğrayın. Az su töküb öz buğunda püre şəklinə düşənə qədər bişirin. Sonra üzərinə yağ, duz və dənələnmiş nar da əlavə edib 5-10 dəqiqə qovurun. İçə zövqə görə şəkər tozu töküb qarışdırın. Suyu tamamilə çəkilənə qədər qovurub ocaqdan götürün. Soyuması üçün bir kənara qoyun.

Xəmiri açın, üstünə kasa qoyub dairəvi formalarda kəsin. Dairələrin bir tərəfinə içlikdən qoyub, qatlayıb kənarlarını bərkidin. Hazır qutabları sacda, ya da tavada ikitərəfli bişirin. Bişdikdən sonra içini və üzərini kərə yağı ilə yağlayın.