“Fəryad-2” filminin mövzusu və premyera vaxtı məlum olub
Kino17:0830 sentyabr, 2021

Biz əsgərlərlə bir yerdə qaldıq və orada baş verənlərin hamısını gördük

“Fəryad-2” filminin mövzusu və premyera vaxtı məlum olub
Bizi-da oxuyun

Tanınmış kinorejissor, Xalq artisti Vaqif Mustafayevin müəllifi olduğu “Fəryad-2” adlı bədii filmin premyerasının bu ilin sonunadək olacağı gözlənilir.  

Qazet.az-ın yerli bürosu xəbər verir ki, bu barədə filmdə baş rolda çəkilmiş Demetre Samxaradze Gürcüstanın Birinci kanalının radiosuna müsahibəsində deyib.

Gürcü aktyorun sözlərinə görə, ekran əsərinin çəkilişləri üç ay davam edib: “Film Qarabağda çəkilib və buna səbəb orada yaşananları hiss etməyimiz idi. Biz əsgərlərlə bir yerdə qaldıq və orada baş verənlərin hamısını gördük. Filmin əsas mövzusu dostluqdur”.  

D.Samxaradze filmdə rol oynamağın onun üçün əvvəlcə çətin olduğunu bildirib: “Çünki ciddi mövzusu olan filmdə ilk dəfə çəkilirdim. Ekran əsərində yer alan digər gürcü aktyorlar mənə çox dəstək oldular”.

25 yaşlı aktyor V.Mustafazadə ilə işləməkdən böyük məmnunluq ifadə edib: “Vaqif Mustafayevin bu cür insan olduğunu bilməzdim. Hətta onun kimi bir rejissorun olduğuna inanmırdım. Çünki o, hadisələri tam dəqiqliyi ilə hazırlayıb çəkirdi. Mustafayev hər zaman gürcü aktyorlar və rejissorlarla dostluq edib. O, deyirdi ki, gürcü xalqında aktyorluq ruhu var və gürcülərə çox yaxın biridir. Mən onu tbilisili kimi qəbul edirdim. O, mənə stimul verirdi, ondan çox şey öyrəndim”.

O, Azərbaycan xalqının Qarabağ məsələsinə münasibətinə də toxunub: “Mən Azərbaycana səfər edəndə biletin üzərində “Qarabağ Azərbaycandır!” yazısı var idi.  Aldığm su qabının üzərində də bu yazını görmək mümkün idi. Azərbaycanda aparılan siyasət çox fərqlidir. Qarabağın Azərbaycan ərazisi olduğu çox yerdə vurğulanırdı. Düşünürəm ki, Gürcüstanda da eyni yanaşma çox yaxşı olardı. Çünki vaxt keçdikcə, insanlarda işğal mövzusu aktuallığını itirir”.

Aktyor filmin gələcəkdə Gürcüstanda da nümayiş olunmasının tərəfdarıdır: “Hesab edirəm ki, bizim ekranlarda da göstərilməlidir. Çünki çox maraqlı mövzusu var və bir sıra gürcü aktyor çəkilib. Bundan başqa mövzu bizə yaxındır. Biz də eyni regiondayıq və eyni taleyi yaşayırıq, bizim olanı qaytarmağa çalışırıq”.

D.Samxaradze “Fəryad-2” filmi barədə həmçinin yerli “PrimeTime” nəşrinə də danışıb. O bildirib ki, ekran əsərində erməni əsgəri rolunu ifa edib.

Aktyorun sözlərinə görə, film iki qardaş – Xaçika və Vaçika adlı iki qardaşdan bəhs edir: “Onlar vətənlərini sevirlər, lakin döyüşmək üçün təcrübələri yoxdur və bir-biriləri ilə daimi münaqişədədirlər”.  

Həmin müsahibədə o, filmin Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbənin ildönümündə təqdim olunacağını deyib. Müsahibədə aktyorun çəkilişlərdən olan fotoşəkilləri də təqdim edilib.   

Qeyd edək ki, ekran əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub. “Fəryad-2” 1993-cü ildə lentə alınmış “Fəryad” filminin davamıdır.

Fikriniz