Bakı 7˚C Sunny

"Qarabağı seyr etməyə imkanımız yox idi, orada olanda ancaq döyüşü fikirləşirdik"-EKSKLÜZİV

Eksklüziv 10:44 27 sen, 2022

Milli Ordunun zabiti Nicat Alıyev

"Qarabağı seyr etməyə imkanımız yox idi, orada olanda ancaq döyüşü fikirləşirdik"-EKSKLÜZİV

Qafqazda ən modern, çevik, texnoloji cəhətdən üstün ordu hesab olunan Azərbaycan Milli Ordusu, onun hər bir əsgəri, zabiti Azərbaycanın varlığını şərtləndirir, gecə-gündüz onun  sərhədlərinin, bütövlüyünün keşiyində dayanır. Bu bayram günündə Qazet.az öz biliyi, təcrübəsi, lazım gəlsə həyatını belə Vətənə fəda etməyə hazır olan hərbçilərimizi hörmətlə anır, əziz izləyicilərimizi Qarabağ savaşının qəhrəmanlarından biri ilə tanış etmək istəyir.

İkinci Qarabağ Müharibəsi veteranı, Füzuli, Cəbrayıl Xocavənd istiqamətlərində döyüşmüş baş leytenant, Milli Ordunun zabiti Nicat Alıyevlə əməkdaşlarımız jurnalist Dəniz Pənahova və fotoreportyor Elnur Sərdarovun hazırladığı  müsahibəni diqqətinizə  təqdim edirik.

- Nicat bəy özünüz haqqında bir az məlumat verərdiniz…

- Mən Nicat Alıyev 1993-cü il yanvarın 25-də Tovuz rayonunda anadan olmuşam. Orta təhsilimi orada almışam. 2007-ci il avqust ayının 25-də C. Naxçıvanski adına hərbi liseyə qəbul oldum. Daha sonra təhsilimi H. Əliyev adına Azərbaycan Ali Hərbi məktəbində “Artilleriya” ixtisası üzrə davam etdirdim. 2014-cü ildə leytenant rütbəsini aldım. Milli Ordunun zabiti olaraq Qusara, Bakıya təyinatlar aldım. 2017-ci ildə baş leytenant rütbəsinə yüksəldim. 

 


- İkinci Qarabağ Müharibəsində iştirak etmisiniz, döyüşlərə necə çağırıldınız?

- Sentyabr ayının 27-si döyüş başladı. Kalonlara düzülərək ön cəbhəyə doğru hərəkət elədik. Füzulinin Horadiz qəsəbəsi bizdə idi kəndi isə ermənilərdə. Füzuli, Cəbrayıl, Xocavənd istiqamətlərində döyüşdüm. Füzuli istiqamətindən döyüşə yollandıq. Ən çətin döyüşlər Füzulidə oldu. Çünki o cür gözəl yerləri ermənilər xarabalığa çevirmişdilər. Minatanlar gecə 2 radələrində 80-100 metr məsafəmizə düşürdü. Hətta mənim başçısı olduğum silah-sursat maşınımı ermənilər Füzulidə partlatmışdı. İkinci olduğum maşına isə düşən mərminin qəlpəsi oturduğum şüşədən girib sağ istiqamətdə qapıdan keçmişdi. Füzulidə olduğumuz dövr ərzində bizə döyüşü idarə edən rəhbərlər arasında tabor komandirim polkovnik-leytenant Anar Əzizov, minaatan batareya komandirim kapitan Hümmətov Yusif bizə çox gözəl rəhbərlik edirdi. Onların bizə dəstəyi, köməkliyi, bizi idarə etməsi, yönləndirməsi çox gözəl idi. Şəhid olan yoldaşlar arasında mənə yaxın olan Tabor komandirinin döyüş hazırlığı üzrə komandir, baş leytenant Səfərli Cavid Xaliq oğlu, tank əleyhinə tağım komandiri Əsədov Emil Balaqardaş oğlu, İzzətli Fərid Aydın oğlu şəhid oldular. Onlar vətən uğrunda, torpaq uğrunda mərdliklə döyüşmüşdülər. 
Bunker deyilən yer vardı, ermənilərin müdafiə sistemi idi. Ora top, qrad, qırıcılar işləyirdi. 
Xocavənddə ilk yerləşdiyim yer Ağbulaq kəndi oldu. Xocavəndə olduğumuz müddət ərzində isə alınan yerləri müdafiə edirdik. Xocavəndin Zoğalbulaq kəndində yerləşəndə ermənilər sağa-sola atəş açaraq ərazini ələ keçirməyə çalışırdılar. 

- İşğal altında olan torpaqlarımıza  ilk dəfə qədəm basanda nələr hiss etdiniz?
 

Qarabağı seyr etməyə imkanımız yox idi, orada olanda ancaq döyüşü fikirləşirdik. Gözləyirdik ki, öz ixtisasımıza uyğun koordinatlar verilsin və hədəfləri məhv edək. 30 il sonra çoxlarının arzuladığı döyüşü biz həyata keçirirdik. Qarabağ torpağına ayaq basmağa nail olmuşduq. Ermənilər texnikalarını, silahlarını qoyub qaçırdı. 
 

-Ermənilərdən əsir götürdüyünüz oldu?
 

Xocavəndə olanda əsir götürülüb. Ümumiyyətlə Cəbrayılda, Füzulidə ermənilər yaşamayıb. Tək- tük erməni vardı ki, onlar da çoban və yaxud əkin-biçin sahəsi ilə məşğul olan adamlar idi. O bölgələrə girəndə görürdük ki, sağda-solda traktor izləri var. Xeyli taxıl əkmişdilər. Hətta narkotik tərkibli bitkilər də əkilmişdi. Biz olduğumuz istiqamətlərdə ermənilər yox idi. Ancaq müəyyən istiqamətlərdə erməni sakinləri yaşadıqları yerləri tərk etmirdi. Zoğalbulaq kəndində evlər, məktəblər vardı. Ermənilər oradan artıq köçmüşdü. İki nəfər qadın və kişi idi. Sonradan onlar nəhayət ki, həmin əraziləri tərk etdilər. 
Ermənilər Qarabağda bizim hər küçəmizə öz dillərində ad qoymuşdular, hamısını sökdük. Bəzi ixtisaslar var ki, düşmənlə üz-üzə döyüşürsən. Mənim ixtisasım uzaq mənzilli məsafəyə artilleriya ilə mina atmaqdı. Bizim atdığımız mərmilər toplu halda düşmənin canlı qüvvəsini, texnikasını, müşahidə məntəqəsini məhv edirdi. Rabitədən döyüş barədə hədəflərimizi qiymətləndirirdilər. Üstünlük daim bizdə olurdu. Onların hədəfləri vurulduqdan sonra sağ qalan erməni özünü toparlayıb, sağ-soluna baxıb görürdü ki, 20 nəfərdən cəmi 5 nəfər qalıb. O beş nəfər də qorxusundan qaçırdı. Bərk qaçsın, ağır yükü olmasın deyə silahını da tullayırdı. Ancaq düşmən tərəf hiyləgər olduğu üçün hər bir fəndə əl ata bilər. Biz hər addımımızda, xüsusilə neytral zonadan şəhidlərimizi çıxaranda həmişə ehtiyatı əldə saxlayırdıq.
 

Bildiyimə görə dostlarınız arasında şəhid olanlar oldu

Eyni istiqamətdə gedən döyüşlər zamanı şəhid olanların arasında 30 nəfərə yaxın kursantla vaxtilə bir yerdə oxumuş, birlikdə çalışmışdım. Dostlarınla birgə döyüşə gedirsən, qayıdanda bir qismi olmur. Bu insana çox pis təsir edir. Yemək yeyəndə, su içəndə, gəzəndə, adi telefonda “kontakda” olan adamların siyahısına belə baxanda, köhnə yazışmalara baxırsan, şəkillərə baxırsan istər-istəməs xatirələr insanın içini göynədir, yaralarını yenidən sızıldadır. Üstündən 1 il keçsə belə, psixoloji dəstək alsaq da bu cür şəxsləri unutmaq mümkün deyil. Bir nəfər şəhid olurdu, onun ağrısını yenicə ovutmağa çalışırdıq ki, səhəri başqa birinin xəbəri gəlirdi. Buna baxmayaraq, komandirsənsə, 40 nəfərin rəhbərisənsə, döyüşə əsgər aparırsansa, özünü ələ almaq məcburiyyətindəsən. Əsgərləri ruhlandıran, istiqamət verən şəxs sənsən deyə komandir olaraq gərək ayaqda durmağı bacarasan, dözümünü itirməyəsən. Əsgərlərin səni üzüntülü, ruhdan düşmüş görsələr, eyni əzmlə vuruşa bilməzlər.
Telefonda yoldaşlarımla olan kadrlara baxanda çox pis oluram.

 

-Bəzi insanlar var ki, vətənpərvərliyi şəhid olmaqda görür, belə insanlara münasibətiniz necədir?
 

Yaşamalısan ki, qalib gələsən. Torpağını işğalçılardan azad eləməlisən. Sağ qalmaq üçün əlindən gələni etməlisən. Əlbəttə ki, şəhidlik uca zirvədir. Ancaq döyüşə gedən min əsgərdən mini də şəhid olmaq istəyirsə, fikrimcə bu, düzgün deyil. O zaman erməni ilə kim döyüşməlidi?
 

Salamat qalan evlərimizə, abidələrimizə rast gəldinizmi?
 

Füzuli və Cəbrayıl istiqamətində 90-cı ildə bizim qaçqın düşən soydaşlarımızın nə qədər evləri vardısa hamısı dağıdılıb talan edilib. Təkcə qırıq daşlar qalıb. Ancaq irəlilədikcə gördük ki, Xocavəndin bəzi kəndlərində, ermənilər yaşayan ərazilərdə evlər, binalar, xəstəxanalar salamatdır. Şuşanı görməyi, orada döyüşməyi çox arzulayırdım. Şuşayla bağlı döyüş xəyalları qururduq. Orada “Şuşanın dağları, başı dumanlı” mahnısına oynamağı arzulayırdıq. Ancaq qismət olmadı. Xocavəndin “Qırmızı bazar” adlanan yerində “Taqaverd” adlı kənd vardı. Bizim axırıncı getdiyimiz yer ora oldu. Biz orada yerləşmişdik. Rabitədən səs gəldi ki, Ermənistan təslim olub, ağ bayraq qaldırıb və sülh imzalanıb.

Milli Ordunun zabiti Nicat Alıyev

 

Müharibə mənən sizə necə təsir etdi, yaddaşınızda hansı izləri qoydu?

Müharibədən sonra bir müddət əsgər yoldaşlarımızın çoxunun  narahatlığı oldu. Yuxudan oyananda elə bilirsən ki, döyüşdəsən. Uzaqdan hər hansı bir səs gələndə elə bilirsən ki, mərminin səsidi, sağına-soluna düşəcək. Müharibədən geri qayıdan müddətdə maşını Qubada istirahət məqsədilə bir neçə yerdə saxlamışdıq. Maşından düşüb məsələn, hava almaq üçün bir az irəli addımlayanda, elə bilirdik ki, ətrafımızda təhlükə var, ehtiyatlı olmaq lazımdı. Sonra birdən anlayırdıq ki, biz axı təhlükəli yerdə deyilik. 
Müharibədə olduğumuz zaman yatanda sağımıza-solumuza mərmi düşürdü. Həmin an yuxudan tez oyanıb başlayırdıq tədbir görməyə. İlk günlərə baxanda indi özümü daha yaxşı hiss edirəm. Bu psixoloji izlər tez zamanda keçib gedəcək. Çünki psixoloji dəstək də aldıq. İstənilən halda bu cür döyüşlər bizim üçün böyük bir təcrübə oldu. 
Hərdən sosial şəbəkələrdə döyüş təcrübəsi olmayan insanların neqativ şərhləri insana təsir edir. “Filan yerdə niyə döyüşmədilər, orada niyə dayandılar”. Onlar döyüş yoldaşının şəhid olmasını görməyən insanlardır. Yoldaşlarımız gözümüzün önündə şəhid olurdu. Bu mənzərəni görməyən insanlar çox rahat danışırlar.

Belə insanlara tövsiyyə edərdim ki, müharibə təcrübələri olmasalar belə bir insan kimi neqativ fikirlərdənsə dəstək xarakterli fikirlərini bölüşsünlər.
 

-Gələcəklə bağlı planlarınız nələrdir?

Gələcəklə bağlı suala isə belə cavab verə bilərəm. Xidmət çərçivəsində daim hazırlıqlı olmalıyam, çünki düşmən hiyləgərdi, hər an hər şey ola bilər. Əldən silahı yerə qoymamaq, hər an Vətənin keşiyində durmaq, hər an növbəti göstərişə hazır olmaq lazımdır. Torpaqlarımızı azad etsək belə qoruyub saxlamalıyıq. Çünki, düşmən düşməndir.