Bakı 8˚C Sunny

"Gənclərə təkcə elm yox, eyni zamanda vətən məhəbbətini aşılaya bilmişik" - Ofelya Babayeva

Eksklüziv 18:30 15 okt, 2021

 Bu gün biz dərdlərimizin böyük bir hissəsindən qurtulmuşuq

"Gənclərə təkcə elm yox, eyni zamanda vətən məhəbbətini aşılaya bilmişik" - <span style="color:red">Ofelya Babayeva</span>

Ordusu, xalqı, siyasi rəhbərliyi ilə birgə bütün Azərbaycan Vətən Müharibəsi zamanı vəhdət göstərdi. 

Azərbaycan işğalçı düşmənə qarşı birlik göstərərək 30 illik həsrət son qoydu. Bu qələbə bütün xalqın əzmkarlıq nümunəsinə çevrildi və əsrlər boyu yaddaşlara həkk olunacaq. 

Qazet.az “44 GÜN” adlı yeni layihəsində şanlı savaş tariximizin hər bir günü Azərbaycan ziyalılarının yaşantılarını parça-parça, damcı-damcı bir bütövə toplayır. Bu gün 26-cı gündür.

44 GÜN LAYİHƏSİ
 

 

Əməkdar müəllim Ofelya Babayeva Vətən müharibəsi və Azərbaycan gəncliyi ilə bağlı Qazet.az-a müsahibəsində öz fikirlərini paylaşıb.

 

–  44 günlük azadlıq savaşı bütün Azərbaycan xalqına təsir etdi. Sizin qazanılan qələbəylə bağlı hansı təəssüratlarınız var?
–  Əvvəla bunu deyim ki, müharibə başlayanda bütün Azərbaycan xalqı böyük sevinc, həyəcan hissi keçirdi. Sonradan isə bu sevinc, həyəcan biraz da şiddətlənməyə başladı. Ordumuzun hər gün qazandığı zəfəri bütün Azərbaycan xalqı qürur hissilə qeyd edirdi. Hər gün Ali Baş Komandanın, Müdafiə Nazirliyinin verəcəyi məlumatları gözləyirdik. İlk vaxtlar həyəcan olurdu ki, nə olacaq sonradan isə qələbə xəbəri ilə bütün Azərbaycan sevinc hissinə qərq olurdu. 30 il ərzində torpaqlarımızın düşmən tapdağında olması hər birimizə pis təsir edirdi. Ali Baş Komandanın əmrilə döyüşə girdik və qələbə qazandıq. Mən buna əminiydim və bilirdim ki, zəfər cəngini çalacağıq. 
Bu, 44 günlük müddətdə ilkin olaraq xalqımızın birliyini gördük. Təxminən 20-25 yaşlarında olan gənclərimiz ölüm-dirim savaşına qalxdılar. Mənə elə gəlir ki, onların damarında axan qan qələbəyə yüklənmişdi. Onlar bilirdilər ki, ağır bir savaşa gedirlər, ancaq vətən məhəbbəti bundan da böyük idi. Məhz buna görə də biz qalib gəldik.


–  Qarabağ müharibəsi bədii yaradıcılıqda necə öz əksini tapır?
–  Bununla bağlı çoxlu yazılar ərsəyə gətirilib. Elə dünən Azərbaycan Yazıçılar Birliyində bir sıra kitabların təqdimatında iştirak etdim.  Həmin təqdimatda şəhidlərimizin yaxınlarıyla yanaşı, qazi yazarlarımız da iştirak edirdi. Mən orada gördüm ki, onların hamısı qürurla dayanmışdır. Düzdür, onların əzizləri, yaxınları, dostları onları tərk edib, dünyalarını dəyişiblər. Amma buna baxmayaq onlar qürurlu duruşla bizləri qarşılayırdılar. Düzdür, hər kəs bir gün dünyanın tərk edəcək, amma onların şərəfli gedişlərini heç vaxt unutmayacağıq. Mənə elə gəlir ki, Şuşanın azadlığı, Ali Baş Komandanın “Əziz Şuşa sən azadsan” , deməsi, 44 günlük zəfər yolundan sonra Vaqif məqbərəsinin bərpa olunması, “Vaqif Poeziya Günləri”nin, “Xarıbülbül” festivalının keçirilməsi: bütün bu yaşananların hər biri bizlərə aiddir. Bu gün müharibə ədəbiyyatı əvəzinə şəhidlərimizin, qazilərimizin vətən məhəbbətilə bağlı gözəl əsərlər ərsəyə gətirilməlidir və artıq bu tərz yazılar ərsəyə gətirilir.

 

–  Azərbaycan gəncliyini 44 günlük müharibədə necə gördünüz?
–  Bir şey deyim ki, mən dünən musiqi dinlədim çox təəssüf ki, mətnin müəllifinin kim olduğunu bilmədim. İzzət Bağırov ifa edirdi, yadımda qalan son misrası mənə o qədər təsir etdi ki, sözlərlə ifadə etmək olmaz. Son misrada deyirdi ki, “sevgilimin adı vətəndir”, bəli gənc övladlarımız vətən sevgisilə düşmən mərmisinin qarşısına atıldılar və otuzillik zaman kəsiyindəki həsrətə, düşmən tapdağına son qoydular. 
Qısa bir zamandan sonra qələbəmizin bir illiyini qeyd edəcəyik. Mənə elə gəlir ki, bu qələbə hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq. Ona görə ki, biz mənfur düşmənlərə qarşı sayığlığımızı heç vaxt itirmirik. Biz daim bir olacağıq, xalq bir-birini sevəcək, millət bir-birini sevəcək. Bu xırda giley-güzarlar unudulacaq, yalnız hər birimiz vətən uğrunda vuruşan insanların övladlarını, özlərini sabaha daha böyük gümanla keçməsinə çalışacağıq. Bu bizim hər birimizin borcudur. 
Sizə də, sizin saytınıza da təşəkkür edirəm ki, mənə müraciət etdiniz. Mən uzun illər təhsil sahəsində çalışmışam. Çox şadam ki, elm, bilik verdiyimiz gənclərə təkcə elm, savad yox, eyni zamanda vətən məhəbbətini aşılaya bilmişik. Əgər elə olmasaydı bu gün bu qələbəmizdə olmazdı.


–  Qarabağın azadlığı ilə dünyaya gələn yeni nəslimizdən nələr gözləyirsiniz? 
–  Təbii ki, birinci növbədə Qarabağın azadlığıyla dünyaya gələn yeni nəsil sadəcə Qarabağın deyil, bütövlükdə Azərbaycanın çiçəklənməsinə çalışmalıdırlar. Digər tərəfdən isə ölkəmizdə neqativ halların aradan qaldırılması üçün çalışmalıdırlar. Korrupsiyadan tutmuş, biganəliyə kimi neqativ halların tamamilə yox olmasına çalışmalıdırlar. Artıq yeni və bütöv Azərbaycan qurulur. Düzdür o taylı, bu taylı böyük Azərbaycanımızın hər zaman dərdləri olub, amma bu gün biz dərdlərimizin böyük bir hissəsindən qurtulmuşuq. Mən düşünürəm ki, gənc nəsil bunları görməlidir. Təbii ki, gənc nəslin birinci növbədə təhsili, elmi, savadı, intelektual səviyyəsi olmalıdır. İntelektual səviyyə olmasa, heç bir xalq irəli gedə bilməz.

 

–  Sizə görə, 44 gün ərzində və ondan sonra, gəncliyin informasiya müharibəsində əsaslı rolu oldumu?
–  İnformasiya müharibəsi mütləqdir. Sosial şəbəkələr və internet bu gün insanlar üçün önəm kəsb edir. İnternetsiz cəmiyyət hazırkı dövrdə sadəcə məhvə məhkumdur. Bu gün bizlər mübarizəmizi informasiya müharibəsində aparmalıyıq.
44 günlük Vətən müharibəsi zamanı informasiya siyasətimizi aparan baş ideoloqumuz, Ali Baş Komandan oldu. Daha çox başqalarından gözləyirdik, amma gözlənilən şəxslər olmadı. Belə bildiyimə görə, ölkə başçısı 200-ə yaxın intervyu verdi və fərqli-fərqli dillərdə. Dövlət başçısının 44 gün ərzində bir çoxlarının görməli olduğu işləri gördü və bu heç də asan deyil. Xarici mətbuatın üzvlərinin çoxsu qərəzli suallar verirdi, bir çoxu da bizim xalqımızı alçatmağa çalışırdı, amma Ali Baş Komandan hər bir baxımda onların qarşısında mərdi-mərdanə durdu. 
Unutmayaq ki, ölkəni qorumaq təkcə dövlət başçısının işi deyil. Bu, hər birimizin borcudur və buna görə də bundan sonra informasiya müharibəsində fəal olmalıyıq. Bu günə kimi ölkəmizin suverenliyini bizim ordumuz, Ali Baş Komandanımız qorudu. Bundan sonra isə əldə etdiyimiz haqlı qələbəmizi qorumaq bizlərin, ən əsası isə yeni gəncliyimizin üzərinə düşür ki, onlar da düzgün informasiya müharibəsi aparmalıdırlar. 
 

Dönməz Hüseyin


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.