Bakı 15˚C Mostly sunny

Gürcü jurnalist: “Azərbaycan xalqı ilə ünsiyyət əcnəbi üçün əsl sevincdir”

Gündəm 18:56 28 sen, 2021

“Biz şəhərin köhnə hissəsində gəzirdik, yeni hissədə isə qalırdıq”

Gürcü jurnalist: “Azərbaycan xalqı ilə ünsiyyət əcnəbi üçün əsl sevincdir”

Bu yaxınlarda Azərbaycanda səfərdə olan gürcü jurnalist David Liklikadze Bakı haqqında təəssüratlarını bölüşüb.

Qazet.az xəbər verir ki, o, Bakını Xəzər sahilində gözəl və ecazkar şəhər adlandırıb. Jurnalist səyahəti ilə bağlı fikirlərini öz feysbuk səhifəsindən paylaşıb.

“Mən ən təmiz şəhər gördüm. Bakıda küçədə istənilən bordyura və ya daşa əyləşə bilərsən. Şəhər sakinləri gülərüz və xoşbəxtdirlər. Bəlkə bu, onların həyat tərzidir, ya da qalib xalqın bir əlamətidir. Dəqiq deyə bilmərəm. Çünki mən o ölkənin övladıyam ki, yalnız Böyük Vətən Müharibəsində qələbə hissi yaşayıb. Buna görə də, bunun nə olduğunu bilmirəm. Hamı gürcüləri görməkdən məmnundur, sənə “kardaş”, yəni qardaş deyə müraciət edirlər. Mən bir çox insanlarla əsl qardaş kimi qucaqlaşdım. Sanki uzun illər görüşməyən sinif yoldaşları idik”.

D.Liklikadze Bakıda çoxlu turistlərin olduğunu bildirib: “Bu şəhərdə tam təhlükəsizlik hiss edirsən. Bakıda cəzbedici Azərbaycan çayının ətri duyulur... Biz şəhərin köhnə hissəsində gəzirdik, yeni hissədə isə qalırdıq. Hər iki hissənin memarlığı bir-biri ilə uzlaşır, heç də qıcıqlandırmır, əksinə təsir bağışlayır”.

O, Azərbaycan və Bakını ləzzətli, ətirli və müxtəlif məkanların olduğu yer kimi yadda saxlayacağını qeyd edib.