Bakı 16˚C Partly sunny

“Hamınızın bacısıyam, çiynimə götürdüyüm qardaşı atəş altından yalnız sağ-salamat çıxartmalıyam” - İLK ŞƏHİD QADIN HƏRBÇİ

Eksklüziv 16:52 08 noy, 2021

Arəstə Baxışova ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib

“Hamınızın bacısıyam, çiynimə götürdüyüm qardaşı atəş altından yalnız sağ-salamat çıxartmalıyam” -<span style="color:red"> İLK ŞƏHİD QADIN HƏRBÇİ</span>

Ordusu, xalqı, siyasi rəhbərliyi ilə birgə bütün Azərbaycan Vətən Müharibəsi zamanı vəhdət göstərdi. 

Azərbaycan işğalçı düşmənə qarşı birlik göstərərək 30 illik həsrət son qoydu. Bu qələbə bütün xalqın əzmkarlıq nümunəsinə çevrildi və əsrlər boyu yaddaşlara həkk olunacaq. 

Qazet.az “44 GÜN” adlı yeni layihəsində şanlı savaş tariximizin hər bir günü Azərbaycan ziyalılarının yaşantılarını parça-parça, damcı-damcı bir bütövə toplayır. Zəfərə bir gün qaldı.

44 GÜN LAYİHƏSİ
 

 

Qazet.az “44 Gün” layihəsi əsasında Azərbaycanın ilk şəhid qadın hərbçisi Arəstə Baxışova haqqında yazı dərc edib.

Arəstə Kərim qızı Baxışova 1989-cu il mayın 4-də Xaçmaz şəhərində anadan olub. Atası - baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Arəstənin dörd yaşı olanda vəfat edib.

Arəstə Baxışova xidməti zamanı

Arəstə Baxışova 1995-2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə oxuyub. 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində İngilis dili üzrə təhsil alıb. 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində operator vəzifəsində xidmət edib.

Arəstə Baxışovanın tibbi diplomu və medalı

Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındanca tibbi yardım göstərib.

Ölümündən sonra "Vətən uğrunda" medalı və 2021-ci il mayın 12-də Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən ingilis tibb bacısı Florens Naytingelin şərəfinə təsis olunan "Florence Nightingale" medalı ilə təltif edilib.

Mərdan adında oğlu və Zəhra adında qızı bizlərə yadigar qalıb.

 

Vətən müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın oğlu Mərdan Məmmədli şəhid övladları üçün təşkil edilən “Qaliblər düşərgəsi”nin 14 günlük iştirakçısı olub. Media nümayəndələri düşərgənin işləri ilə tanış olarkən xanım şəhidin övladı ilə söhbətləşib.

- Mən qəhrəman xanımın oğlu olduğum üçün fəxr edirəm və qürur duyuram. Anamı çox sevirdim. O, bizim qayğımıza qalırdı, ana sevgisi verirdi. Anamın şəhadəti xəbərini qürurla qarşıladıq. Şəhidlər ölmür, onlar hər zaman bizim qəlbimizdə yaşayacaq. Allah bütün şəhidlərə rəhmət eləsin!
 

Şəhid kiçik çavuş Arəstə Baxışova

- Sonuncu dəfə ananla nə zaman görüşdün?

- Anam məni riyaziyyat fənnindən hazırlığa qoymuşdu. O, həmişə istəyirdi ki, dərslərimizi yaxşı oxuyaq. Buna görə də bizə müəllimlər tuturdu. Müharibəyə gedəndə bacımla mənə dedi ki, “Mən işə gedirəm, şənbə günü geri qayıdacağam”. Onunla görüşüb, hazırlığa getdim. Anam isə məndən iki saat sonra evdən çıxacaqdı. Sonrakı gün anamın şəhid olması xəbəri gəldi.
 

- Arəstə xanımın övladlarından gözləntiləri nəydi? Sizə hansı məsləhətləri verirdi?

- Həmişə deyirdi ki, dərslərinizi yaxşı oxuyun, Vətənə xidmət edin, kasıb insanlara əl tutun.

Arəstə Baxışovanın oğlu Mərdan


- Ananın sözlərinə əməl edib, dərslərini yaxşı oxuyursanmı?

- Bəli.

- Ən çox hansı fənni sevirsən?

- Riyaziyyatı və ingilis dilini. Anam özü ingilis dili müəlliməsi olub. Ancaq ixtisasından imtina edib, hospitalda tibb bacısı olmuşdu.

- Sən özün də gələcəyin qəhrəman əsgərisən…

- Hərbçi olmaq fikrim var. Kiçik yaşlarımdan belə fikrim olub. Yəqin ki, anamın Vətənə bağlılığından belə bir istək məndə yaranıb.

Şəhid Arəstə Baxışova

 

 

Qeyd edək ki, Masallıda yaşayan heykəltaraş Balayev qardaşları Arəstə Baxışovanın büstünü hazırlayıblar. Şəhidin haqqında mahnı da yazılıb. Xalq öz qəhrəmanlarını belə yaşadır.

 Gənc heykəltaraş Müstəqil Balayev

– Arəstə Baxışovanın döyüş yolu: 

Arəstə ailə qurur və iki övlad dünyaya gətirir. Ailə həyatı uğurlu olmadığından ayrılıb, övladları ilə anasının yanına qayıdır. Elə Arəstənin döyüş tarixi bu andan başlayır.

Beyləqanda hərbi hissədə işləməyə gedəndə anasına deyir ki, uşaqları sənə həvalə edirəm. Anası deyir ki, “bala, sənin iki balan var, hərbçi olmaq qadın işi deyil”. Arəstə isə razılaşmır, “ana, tale nə yazıbsa, o da olacaq”, - deyir.

Vətən müharibəsi başlayanda isə anasına zəng edib müharibəyə könüllü yazıldığını bildirir: “Əgər şəhid olacamsa, taleyimdir demək, bununla yalnız fəxr etmək lazımdır”.

Arəstənin vəzifəsi yaralı əsgərlərə ilk tibbi yardım göstərib onları döyüş bölgəsindən uzaqlaşdırmaq imiş. Onlarla yaralı əsgər onun göstərdiyi düzgün ilk tibbi yardım sayəsində həyatda qalıb, bu gün ailəsinə qovuşub.

Onun yardım göstərdiyi bir əsgər qanaxmadan, yaxud hospitala vaxtında çatdırılmadığından dünyasını dəyişməyib. Bunu anasına Arəstənin çiyinlərində atəş altından çıxarılan silahdaşları deyiblər.

Azərbaycan Ordusunun çavuşu, hərbi feldşer Arəstə Baxışovanın cəsurluğu döyüş yoldaşlarının hamısının dilində əzbərdir. Əsasən Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındanca tibbi yardım göstərib.

“Hamınızın bacısıyam, çiynimə götürdüyüm qardaşı atəş altından yalnız sağ-salamat çıxartmalıyam”, - deyirmiş. Oktyabrın 23-də Qubadlı uğrunda döyüşlərdə növbəti dəfə yaralı əsgəri döyüş meydanından çıxaranda aldığı güllə yarasından şəhid olur.

Kürəyinə alıb daşıdığı yaralı əsgərlə bir yerdə...

Arəstə Baxışova Biləcəridəki Şəhidlər məzarlığında sevdiyi torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Arəstə Baxışova ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

İndi Arəstə Baxışovanın da bütün Vətən müharibəsinin şəhidləri kimi, ruhu şaddır. Uğrunda qurban getdikləri Qarabağ işğaldan azad edilib.

 

Tərtib etdi: Dönməz Hüseyin


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Mənbə