"Həm sevinirsən, həm də o ağrı-acını yaşayırsan" - Ceyhun Əli
Cıdır düzündə olarkən qayaların arasından bir ovuc torpaq götürdüm
Ordusu, xalqı, siyasi rəhbərliyi ilə birgə bütün Azərbaycan Vətən Müharibəsi zamanı vəhdət göstərdi.
Azərbaycan işğalçı düşmənə qarşı birlik göstərərək 30 illik həsrət son qoydu. Bu qələbə bütün xalqın əzmkarlıq nümunəsinə çevrildi və əsrlər boyu yaddaşlara həkk olunacaq.
Qazet.az “44 GÜN” adlı yeni layihəsində şanlı savaş tariximizin hər bir günü Azərbaycan ziyalılarının yaşantılarını parça-parça, damcı-damcı bir bütövə toplayır. Bu gün 18-ci gündür.
Azərbaycanın tanınmış teleaparıcısı, spiker Ceyhun Əli Şuşa səfərindən və müharibə zamanı medianın fəaliyyəti ilə bağlı Qazet.az-a müsahibə verib.
– Müharibənin ilk gününü necə xatırlayırsınız?
– Atəşkəs dövründə zaman-zaman Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması hallarının şahidi olurduq. Hər dəfə də bu barədə məlumatlar efirə gedəndə içimizdə "bunun bir sonu olmalıdır" ifadəsini səsləndirirdik. Həmin gün hər kəs öz işinin başında idi. Ümumi narahatlığı isə hamı hiss edirdi. Sanki, indi məlumat alacağıq ki,... Və ordumuzun əks-hücum əməliyyatlarına başlaması ilə bağlı xəbər gəldi. Cəbhədən ardıcıl xəbərlər gəldikdə "hə, bu artıq müharibədir" söylədik.
– İkinci Qarabağ müharibəsi Azərbaycan jurnalistikasının zəif cəhətlərini ortaya qoydu. Niyə nüharibə ölkəsində 30 ildir hərbi jurnalist sayı qənaət bəxş səviyyəsində deyil?
– Azərbaycan jurnalistikasının zəif cəhətləri müharibədən əvvəl də, yəni, dinc dövrdə də müzakirə predmeti olub. Jurnalistikanın çatışmazlıqları dövrə, yeni reallıqlara, artıq həm də rəqəmsal dəyişikliyə uyğun müzakirə edilməldir. Jurnalistikanın gələcəyi ilə bağlı nisbi siyahıya "Jurnalistikada emosional zəka, daxili enerji əmsalı necə tətbiq edilməlidir? Rəqəmsal jurnalistika klassik jurnalistika məktəbinə hansı şəkildə əsaslanmalıdır? Və ya əsaslanmalıdırmı? Gələcəyin jurnalisti kim olacaq? Oxucu və tamaşaçı klassik qəzet və televizor istəyəcəkmi?" suallarını əlavə etmək lazımdır. Hətta bu sualları ilk sıralarda ünvanlamaq ehtiyacı var.
İkinci sualınız - "Niyə nüharibə ölkəsində 30 ildir hərbi jurnalist sayı qənaət bəxş səviyyəsində deyil?" hissəsinə gəldikdə. Müharibə olmayanda yaşadığımız adi həyat savaş bitdikdən sonra sülh adlanır. Biz sülh dövrünün dəyərini müharibə dəhşətlərini yaşadıqdan sonra qiymətləndirməyə başlayırıq. Əgər biz informasiya müharibəsi haqqında danışırıqsa, peşəkar jurnalistlər kifayət qədər yaxşı işlədi və bunun nəticəsini cəbhədən dəqiq informasiyaların çatdırılmasında müşahidə etdik. İnformasiya müharibəsində də ordunun önündə olduğu kimi Ali Baş Komandan dayanırdı. Və Azərbaycan informasiya müharibəsindən də qalib çıxdı. Qızğın döyüşlər getdiyi günlərdə ən vacib məqam məlumatların rəsmi mənbələrdən alınması və ictimaiyyətə çatdırılması idi. Bu baxımdan bütün Kütləvi İnformasiya Vasitələri I dərəcəli xüsusi rejimdə işlədi.
– Şuşa sizi necə qarşıladı və səfər günüylə bağlı təəssüratlarınız necədir?
– Şuşaya avqust ayında getmək qismət oldu. Mənim üçün Şuşa səfərinin bir neçə xüsusi tərəfi vardı. İlk növbədə bir vətəndaş olaraq uzun illər həsrətində olduğum və heç vaxt görmədiyim
diyara ayaq basdım. Hiss etdiklərimi sözlə ifadə etmək çətindir. Suyundan, havasından , torpağından aldığın güc və qüvvət sənə "doğmalıq", "sevinc", "zəfər", "fəxarət" , "gələcək" kimi anlamların bu zamanadək aydın olmayan tərəflərini yenidən açır. Təsəvvür edirsiniz bu halı? Doğmalığın Şuşadakı halı, sevincin Şuşadakı vəziyyəti, gələcək haqda Şuşada düşünmək, azərbaycanlı olduğunla məhz Şuşada fəxr etmək... Xüsusilə Şuşa kimi strateji əhəmiyyətli şəhəri işğaldan azad etmək üçün fədakarlıq göstərərək qəhrəmancasına şəhid və qazi olan hərbçi qardaşlarımızın ruhi vəziyyətini təsəvvür etməyə çalışırsan... Çox dərin, insanı daxili təlatümə qərq edən hisslərdir. Həm sevinirsən, həm də o ağrı-acını yaşayırsan. Və bu eyni anda baş verir.
Şuşa ilə bağlı mənim üçün önəmli olan digər məqam bu diyara həm də öz peşəmin təmsilçisi kimi, aparıcı olaraq səfər etmək idi. Böyük şairimiz Molla Pənah Vaqifin poeziya günlərinin aparıcısı olmaq kimi məsuliyyətli bir vəzifə mənə həvalə olunmuşdu. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Vaqif poeziya günlərinin keçirilməsi artıq azad Şuşadan regionda yaranan yeni reallığın qlobal, dünyəvi təqdimatı idi. Səhnənin enerjisi fərqli hiss-həyəcan bəxş edir. Peşən nitq və təqdimatla bağlıdırsa, bu həyəcan ikiqat artır. Uzun illərdir sevdiyin işlə məşğul olub, efirdə, səhnədə fəaliyyət göstərirsən, amma ən böyük arzun Qarabağ torpağında çıxış etmək olur. Qeyd edim ki, salamlaşmadan öncə çıxışda ilk xitab böyük şairimizin beyti ilə başladı.
"Məkan tutdisə Vaqif, yоx əcəb, bu Şişə dağında,
Məqami ləli-gülrəngin miyani-səngi-xaradır."
Təsəvvür edin ki, bu misraları səsləndirilən anda heç vaxt hiss etmədiyin bir enerjini, həm də böyük həyəcanı yaşayırsan.. Bu vaxtadək heç bir səhnədə, heç bir tədbirdə yaşamadığın daxili vəziyyəti formalaşır.
Tədbirin sonunda "Odlar Yurdu Azərbaycanın mədəniyyət paytaxtı Şuşada böyük şairimiz M.P.Vaqifin poeziya günlərini Sizinlə birlikdə yaşadıq, hörmətli tamaşaçılar. Qarabağımıza daim sülh, ölkəmizə firavanlıq arzusu ilə..." yekun cümlələrindən sonra isə mən və digər həmkarlarımız artıq özümüzü saxlaya bilmədik. Şuşada sevinc göz yaşı. Qalib ölkənin vətəndaşı olaraq, uzun illər həsrətində olduğun doğma torpaqda öz sevdiyin peşən ilə məşğulsan. Bu hissi arzusunda olan bütün həmkarlarıma səmimi-qəlbdən arzu edirəm.
Şuşa ilə bağlı bir simvolik hadisə də baş verdi. Mənim müəllimim , əslən şuşalı olan mərhum Rafiq Hüseynlinin ən böyük arzularından biri Şuşanın işğaldan azad olunması idi. Təəssüf ki, o, bu günü görmədi. Cıdır düzündə olarkən qayaların arasından bir ovuc torpaq götürdüm. Bakıda Rafiq müəllimin məzarına tökmək üçün. "Ruhunuz şad olsun, Rafiq müəllim. Şuşa qayıtdı".
– Müharibə hərbi fazadan informasiya fazasına keçib. İnformasiya strategiyamızı necə qurmalıyıq ki, bu statusda da lazımi qalibiyyət əldə edək?
– İnformasiya strategiyasının qurulması ilk növbədə dövlətçilik ənənələri və milli dəyərlərə əsaslanan, tətbiqi və həyata keçirilməsi uzun müddətli dövrə istiqamətlənən, sistemli eko sistemin formalaşdırılmasıdır. 44 günlük Vətən müharibəsi güclü Dövlət və böyük Xalq məfhumunun sarsılmaz vəhdətini isbat etdi. İnformasiya strategiyasının mahiyyəti də dövlətin dərin sütunlarına və xalqın gücünə əsaslanır.
– Qarabağın azadlığı Azərbaycan xalqına nələri qazandırdı?
– Xalqın özünü.
Müsahibimiz Ceyhun Əli kimdir?
Ceyhun Əli 1984-cü ildə fevralın 16-da Salyan rayonunda anadan olub.
1991–1995-ci illərdə Bakı şəhərinin 20 saylı liseydə, 1995–2001-ci illərdə Respublika İncəsənət Gimnaziyasında Səhnə danışığı - Nitq mədəniyyəti ixtisası üzrə təhsil alıb.
Ali təhsilini 2001–2006-cı illərdə [[Bakı Slavyan Universiteti Bakı Slavyan Universitetinin Filologiya fakültəsində alıb. Rus, ingilis, türk (rəsmi dərəcə) dillərində sərbəst danışır.
2009-cu ildə Almaniyanın Deutsche Welle Akademie / akademiyasının "Konflikt-sensetiv jurnalistika" üzrə beynəlxalq sertifikatını alıb.
Əmək fəaliyyətinə 2004-cü ildə başlayıb.
2004–2006-cı illərdə ANS Müstəqil Teleradio Şirkətində diktor, aparıcı, reportyor, xüsusi müxbir vəzifələrində çalışıb.
2006-cı ildən ATV Müstəqil Teleradio Yayım Şirkətində diktor, aparıcı, reportyor, xüsusi müxbir, İctimai-Siyasi Proqramlar Departamentinin redaktor assistenti, redaktoru vəzifələrində çalışmağa başlayıb.
Televiziya sahəsində biliklərini artırmaq məqsədi ilə xarici telekanallarda (RTR, Ekspert TV) təcrübə keçmək üçün 2008-ci ildə əmək fəaliyyətinə ara verib.
2008-ci ilin sonunda ANTENN Müstəqil Teleradio Şirkətində İctimai - Siyasi Proqramlar Departamentinin direktoru vəzifəsinə işə başlayıb.
2009–2010-cu illərdə RTV Bakı studiyasının rəhbəri vəzifəsini icra edib.
2010–2018-ci illərdə Azad Azərbaycan Müstəqil Teleradio Yayım Şirkətində İctimai-Siyasi Proqramlar Departamentinin redaktoru, ATV Xəbər proqramının aparıcısı, “Həftə Sonu” Analitik - İnformasiya Proqramında xüsusi müxbir, redaktor vəzifələrində çalışıb. Həmin ildən ATV kanalını xüsusi müxbir qismində Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasında akkreditasiya olunan telejurnalist qismində təmsil edib.
2018–2019-cu illərdə "AzerTelecom" şirkətində İctimaiyyətlə əlaqələr və Korporativ Kommunikasiya Departamentinin rəhbəri vəzifəsində çalışıb.
2020–2021-ci illərdə Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.
2018-ci ildən |İctimai Televiziya və Radio yayımları şirkətində teleaparıcı, redaktor vəzifəsində fəaliyyət göstərir.
17 illik peşəkar aparıcı və moderator təcrübəsinə malik Ceyhun Əli hazırkı dövrdə müxtəlif beynəlxalq və yerli təşkilatların, dövlət qurumlarının, özəl şirkətlərin həyata keçirdiyi layihələr, konfrans, simpozium, forum, qurultay və marafonlarda aparıcı, eyni zamanda moderator qismində fəaliyyət göstərir.
Dönməz Hüseyin