Bakı 21˚C Mostly sunny

"Hər zaman fəxr hissilə deyəcəm ki, Qarabağ Azərbaycandır!" - MÜHARİBƏ İŞTİRAKÇISI

Eksklüziv 16:53 21 okt, 2021

Bu xoşbəxtliyi bir daha yaşaya biləcəyimə əmin deyiləm

"Hər zaman fəxr hissilə deyəcəm ki, Qarabağ Azərbaycandır!" - <span style="color:red">MÜHARİBƏ İŞTİRAKÇISI</span>

Ordusu, xalqı, siyasi rəhbərliyi ilə birgə bütün Azərbaycan Vətən Müharibəsi zamanı vəhdət göstərdi. 

Azərbaycan işğalçı düşmənə qarşı birlik göstərərək 30 illik həsrət son qoydu. Bu qələbə bütün xalqın əzmkarlıq nümunəsinə çevrildi və əsrlər boyu yaddaşlara həkk olunacaq. 

Qazet.az “44 GÜN” adlı yeni layihəsində şanlı savaş tariximizin hər bir günü Azərbaycan ziyalılarının yaşantılarını parça-parça, damcı-damcı bir bütövə toplayır. Bu gün 20-ci gündür.

44 GÜN LAYİHƏSİ
 

 

Azərbaycanın apardığı haqq davası olan İkinci Qarabağ müharibəsinin iştirakçısı əsgər Əliyev Bəxtiyar Yaşar oğlu döyüşdə yaşadıqlarını bağlı Qazet.az-a müsahibə verib.

Mən Əliyev Bəxtiyar Yaşar oğlu. 25.06.1996-cı ildə Göygöl rayon, Balçılı kəndində anada olmuşam. Döyüşlərdə ilk gündən, son ana qədər iştirak etmişəm. İkinci Qarabağ müharibəsində topçu vəzifəsində olmuşam. Murov dağ yüksəkliyinin və Kəlbəcərin alınmasında iştirak etmişəm. Bununla da bağlı Ali Baş Komandanın verdiyi sərəncam əsasında Döyüşdə iştirak etdiyinə görə, “Vətən Müharibəsi İştirakçısı” və “Kəlbəcərin azad edilməsi” medalarıyla təltif olunmuşam.

–  Döyüşə çağrıldığınız zaman nə hisslər keçirdiniz?
–  Döyüşə çağrılmaq və orada iştirak etmək hər bir azərbaycanlıda olduğu kimi məndə də xüsusi istəklə olmuşdu. İlk getdiyim gün çox qəribə hisslər içindəydim. Çünki həmin gün Azərbaycan xalqı üçün mühüm bir işin görülməsində iştirak etməyə ilk addımı atırdım. 
Döyüşə getmək və orada iştirak etmək mənim üçün bir yuxu idi. Mən təssəvür edə bilmirdim ki, bu sevinci yaşaya biləcəm. Keçirdiyim hissləri sözlərlə ifadə etmək heç cür mümkün deyil. Yeri gəldi çətinlik gördük, yeri gəldi zəfərimizlə sevindik və bildiyimiz tək şey bu idi ki, sadəcə irəli getmək. 
İlk dəfə “Döyüşə” əmri verildikə sanki yuxudan oyanmış kimi oldum. Hər tərəfdən atəş səsləri, qışqırıq səsləri və deyim ki, hələ də o səsləri unuda bilmirəm. İlk zamanlarda döyüşdə olduğuna inana bilmirsən, amma zamanla insan reallığı qəbul edir.

Murov dağ yüksəkliyindən xatirə fotosu - əsgər Bəxtiyar Əliyev


–  İtkisiz müharibə olmaz. Bəs bu itkiləri verərək, psixoloji təzyiqlərə rəğmən ayağa qalxıb döyüşə davam etməyin gücünü almaq nə dərəcədə çətin idi və bu güc hardandır?
–  Hər bir müharibədə itkilər var və bizlər bunu gözə alıb getmişdik. Allah bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin. Mən Murov dağ yüksəkliyinin azad edilməsində iştirak etmişəm. Oradakı havanın soyuqluğu, aparılan döyüş insanda elə bir yorğunluq yaradır ki, insan özünə inana bilmir. Çünki bu yorğunluğa baxmayaraq döyüşdəsənsə, vuruşmalısan. Mən səngər dostumun şəhid olduğunu da görmüşəm. Amma heç bir zaman buna görə pis olub dayanım, düşünüm deməmişəm. Daha da irəli getmək, habelə onun qisasını almaq hissini içimdə qabartmışam. Mən də şəhid ola bilərdim, amma Allahım məni bu gözəl məqama çatdırmadı, lakin 44 gün müddətində hər bir şəhid olan silahdaşım üçün vuruşdum və qisaslarını aldım. 
Bayaq da dediyim ki, müharibə insana bir yuxu kimi gəlir, o zamana kimi ki, bu gün bir yerdə çiyin-çiyinə durduğun silahdaşın gözünün önündə şəhid olur. Şəhidlik ali zirvədir, amma biz ora şəhid olmaq üçün deyil, qanla yuyulan, otuzillik tapdağda olan torpaqlarımızı azadlığa çıxarmaq üçün getmişdik. Bunun üçün isə şəhid olmaq ən ali məqamdır. 
İlk silahdaşımın şəhid olduğunu görəndə məndə ani bir durğunluq yarandı. Bu əslində mənim yuxudan oyanmağım idi və bununla da özümü toparlayıb, reallığı qəbul etmiş oldum. Artıq mənim üçün hər şey ikinci planda idi. Tək düşündüyüm döyüşmək, döyüşmək və yenə də döyüşmək…. Bu güc vətən sevgisidir. 

Kəlbəcər, 2020 Oktyabr


–  Kələbəcərə ilk dəfə daxil olduqda hansı hissləri keçirdiniz?
–  Bu hisslər hər bir insanda başqa cür olur. Əlbəttə ayrı bir qürur hissi var idi. Digər tərəfdən isə daxilimdə uşaq sevinci qədər möhtəşəm bir duyğu var idi. O qədər sevincli ki, əlimdə olsa, zəng edim hər kəsə deyim ki, mən hazırda Kəlbəcərdəyəm. 
Deyim ki, il dəfə ayağımı ora basdığım anda biz Kəlbəcərdəyik dedikdə, sanki başımdan soyuq su tökmüş kimi oldular, keçirdiyim hissi ən xırda tüklərimə qədər yaşadım və duraxladım. Bir anda sevincdən ürəyim elə sürətlə döyündü ki, bədənim sanki bir yerdə dura bilmirdi. Ağır bir döyüşdən keçmiş birisi olasan və ən sonda hədəfinə çatıb, otuzillik əsarətə son qoyub, Kəlbəcər torpağına Azərbaycan bayrağını sancasan. Bu cür xoşbəxtliyi bir daha yaşaya biləcəyimə əmin deyiləm.

Əsgər Bəxtiyar Əliyev

–  Torpaqları işğaldan azad edən birisi olmaq necə bir hissdir? O torpaqlara addım atdıqda nə hisslər keçirirdiniz?
–  Bunu deyim ki, istər kimsə mənim döyüşdə olduğumu bilməsin, yaxud adım haradasa çəkilməsin, amma mənim üçün Vətən müharibəsində iştirak etmək fəxr hissidir. Buna sevinirəm, bəzən təklikdə qalanda yadıma düşür və istər-istəməz keçirdiyim qürur hissi gözyaşlarımla özünü çölə vurur. Axı mən 30 ildir işğalda olan, yurd-yuvasından didərgin salınan, günahsız qətlə yetirilən: körpələrin, qocaların, ana-bacılarımızın qisasının alınıb, doğma torpaqlarının azad edilməsində iştirak etmişəm. Bəli, bu böyük bir iş idi və mən həmin işin kiçik bir parçası olmuşam. Bu qürurlu iş heç bir zaman unudulmayacaq. Ömrüm boyu unutmayacam və hər zaman fəxr hissilə deyəcəm ki, Qarabağ Azərbaycandır!

 

Dönməz Hüseyin


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.