Bakı 10˚C Sunny

"İlham Əliyev bu müharibədə böyük müdriklik göstərdi" - Metyu Brayza

Eksklüziv 17:40 27 sen, 2021

Metyu Brayza düşünür ki, Azərbaycan müharibəni çox strateji və ağıllı şəkildə aparıb

"İlham Əliyev bu müharibədə böyük müdriklik göstərdi" - <span style="color:red">Metyu Brayza</span>

Ordusu, xalqı, siyasi rəhbərliyi ilə birgə bütün Azərbaycan Vətən Müharibəsi zamanı vəhdət göstərdi. 

Azərbaycan işğalçı düşmənə qarşı birlik göstərərək 30 illik həsrət son qoydu. Bu qələbə bütün xalqın əzmkarlıq nümunəsinə çevrildi və əsrlər boyu yaddaşlara həkk olunacaq. 

Qazet.az “44 GÜN” adlı yeni layihəsində şanlı savaş tariximizin hər bir günü Azərbaycan ziyalılarının yaşantılarını parça-parça, damcı-damcı bir bütövə toplayır. Bu gün 44-cü gündür.

44 GÜN LAYİHƏSİ
 

 

Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistanın işğalına məruz qalmış Azərbaycan torpaqlarında bütün cəbhə-boyu əks hücum əməliyyatlarına başlamasından 1 il ötür. İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan hərbi birləşmələri cəmi 44 gün ərzində işğal altında qalan torpaqlarımızı və Qarabağın əsas strateji nöqtəsi olan Şuşanı azad edib. Bunun nəticəsində ağır itkilər verən Ermənistan məğlub tərəf olduğunu qəbul etməyə məcbur olub.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, eyni zamanda Minsk qrupunun həmsədrlərindən olan Metyu Brayza Qazet.az-a verdiyi açıqlamasında bildirib ki, Paşinyan “yeni ərazilər üçün yeni müharibə” sözlərini işlədəndə o, artıq müharibə ehtimalının mövcudluğunu qəbul edib. Brayza həm də düşünür ki, Azərbaycan Prezidenti İlham Əliyev bu müharibədə böyük müdriklik nümayiş etdirib. 

"1 il əvvəl xatırlayıram ki, səhər saatlarında İkinci Qarabağ müharibəsinin başlandığını yazan xəbərlərə oyandım. Düzünü desəm, nələrinsə olacağını əvvəlcədən gözləyirdim. Çünki Ermənistanın Baş naziri Paşinyanın "yeni ərazilər üçün yeni müharibə" dediyi günləri dəqiq yadımda saxlamışdım. Əslində çox üzüldüm ki, Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesi hamımızın diplomatik yolla baş tutmasını istədiyimiz nəticələri əldə etməyimizə kifayət olmadı. Tərəflər əslində 2009 -cu ildə danışıqlardan nəticə əldə etməyə çox yaxın idilər, amma alınmamışdı"

Metyu Brayza Azərbaycanın müharibəni çox strateji və ağıllı şəkildə apardığını düşünür: “Əslində Nikol Paşinyan öz vəzifə müddətinə ümidverici şəkildə başlamışdı. Bu pozitivlik Azərbaycan hökumətini Minsk qrupu ilə danışıqlarda bəlkə də müsbət bir irəliləyiş ola biləcəyinə inandırırdı. Düşünürəm ki, Azərbaycan müharibəni çox strateji və ağıllı şəkildə apardı. Azərbaycan sahib olduğu həlledici üstünlüklərdən, ən qabaqcıl texnologiyalardan və taktikalardan istifadə edərək müharibədən üstün ayrıldı. Mən təbii ki burada İsrail və Türkiyədən gələn pilotsuz təyyarə texnologiyasını, dronları nəzərdə tuturam. Bütün bu üstünlüklər Azərbaycanı çox vacib və dramatik qələbəyə gətirib çıxardı. Müharibə o qədər intensiv baş tutdu ki, hətta Azərbaycan hökuməti belə bu qədər sürətlə nəticə əldə edəcəyini düşünmürdü. Həm də düşünürəm ki, Azərbaycan Prezidenti İlham Əliyev bu müharibədə əsl müdriklik göstərdi. O, Şuşa azad ediləndən sonra hərbi əməliyyatları dayandırmaqla həm azərbaycanlı, həm də erməni əsgərlərin, mülki şəxslərin həyatını xilas etdi. Şuşa alındıqda Azərbaycan artıq müharibədə qalib gəldiyini bilirdi. Ermənistanın hərbi cəhətdən edə biləcəyi heç nə yox idi”.

Gələcəkdə regionda vəziyyətin stabilləşəcəyinə ümid etdiyini deyən keçmiş səfir bildirib ki, Ermənistan və erməni xalqı əlinə düşən bu vacib şansdan istifadə etməlidir. Onun sözlərinə görə, hazırda sərhəddə baş verən gərginliklər də demarkasiya proseslərindən sonra başa çatacaq. O regionda stabilliyin əldə olunacağını da təxmin etdiyini deyib.

"Mən başa düşürəm ki, Azərbaycanla Ermənistan arasında beynəlxalq sərhəd boyunca hələ də atışmalar davam edir. Ümid edirəm ki, iki ölkə öz beynəlxalq sərhədlərini müəyyən etdikdən sonra bu atışmalar sona çatacaq və həqiqətən də Ermənistanda siyasət yenidən Baş nazir Paşinyanın göstərdiyi kimi sabitləşəcək. Yaxşı olardı ki, erməni xalqı bölgədəki bütün kommunikasiya əlaqələrinin yenidən açılmasına imkan verən "10 Noyabr" bəyanatı ilə yaranan böyük fürsəti qəbul etsin. Bu, Ermənistanın iqtisadi cəhətdən Cənubi Qafqaza və Cənubi Qafqazın hüdudlarından kənarda inteqrasiyasına imkan verəcək. Azərbaycan və Türkiyə ilə rabitə xətləri yenidən açılanda, bölgəyə labüd, böyük investisiyalar olunacağı qaçınılmazdır. Ermənistanlılar üçün iş yerləri və iqtisadi artım yaradacaq investisiyalar nəzərə alınmalıdır. Düşünürəm və təxmin edirəm ki, bundan sonra Cənubi Qafqaz regionu daha sabit bir gələcəyə doğru irəliləyəcək."

Paşa Bayramov


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.