İlham Əliyevin xatırlatdığı Rəşidov kimdir?
Azərbaycan15:3923 iyun, 2022

Prezident İlham Əliyevin Şərəf Rəşidovla bağlı çıxış edib

İlham Əliyevin xatırlatdığı Rəşidov kimdir?
Bizi-da oxuyun

Prezident İlham Əliyev Daşkənddə Özbəkistan Prezidenti Şövkət Mirziyayevlə birlikdə Heydər Əliyev Meydanının açılışı zamanı Şərəf Rəşidovu xatırladı və onun Heydər Əliyevlə tarixi dostluğundan bəhs etdi.

“Bizim ölkələrimiz arasında dostluq münasibətlərinin, iki xalqın tarixi əlaqələrinin inkişafına və möhkəmlənməsinə Heydər Əliyevin böyük töhfəsini xüsusi qeyd etmək istərdim. Onunla Özbəkistanın rəhbərləri Şərəf Rəşidoviç Rəşidov, daha sonra İslam Abduqəniyeviç Kərimov arasında etimada əsaslanan səmimi münasibətlər yaranmışdı”, - Prezident Daşkənddə qeyd edib.

Bu, Prezident İlham Əliyevin Şərəf Rəşidovla bağlı ikinci çıxışıdır. İlk xatırlatmanı 2019-cu ildə Mirziyayevin Bakı səfəri zamanı etmiş və daha ətraflı danışmışdı.

“Heydər Əliyev özbək xalqına böyük hörmət və məhəbbət bəsləyirdi. Mən hələ yeniyetmə idim, onun Şərəf Rəşidoviç Rəşidovla sıx dostluq münasibətlərinin şahidi olmuşam. Onlar qardaşcasına dostluq edirdilər və yadımdadır, qondarma yenidənqurma illərində müəyyən dairələrin törətdiyi ədalətsizlik ona çox mənfi təsir göstərmişdi. Söhbət “özbək işi” adlandırılan məsələ barədə idi. Bunu edən “məşhur” adamlar Qdlyan və İvanov idilər. Onlar təkcə Özbəkistana deyil, hesab edirəm ki, bizim hamımıza çox böyük ziyan vurdular. Ona görə ki, bu, Sovet İttifaqının türkdilli respublikalarına qarşı məqsədyönlü şəkildə təşkil edilmiş hücum idi. Bu hücum Azərbaycandan da yan keçmədi, burada da təxminən eyni əməlləri həyata keçirməyə çalışırdılar, lakin bunun üçün sadəcə vaxtları çatmadı”, - Prezident üç il öncə belə demişdi.

SSRİ-nin artıq tozlanmış tarixinə boylandıqda bu gün qucaqlaşan qardaşlara – Azərbaycana və Özbəkistana qarşı bənzər təxribatların törədildiyini, Şərəf Rəşidov və Heydər Əliyevə eyni hücumların edildiyi və bunların eyni şəbəkə olduğunu görmək olur. Heydər Əliyevi hakimiyyətdən uzaqlaşdıranlar, ardınca Azərbaycana qarşı separatizmi körükləyənlər Şərəf Rəşidova qarşı da bənzər əməllərə əl atmışdı. Qdlyanların türk düşmənçiliyi “xalqlar həbsxanası”nda tüğyan edirdi.

Şərəf Rəşidov kimdir?

1959-1983-cü illərdə Özbəkistana rəhbərlik edən Şərəf Rəşidov dövlət xadimi olmaqla yanaşı, həm də iki dəfə Sosialist Əməyi Qəhrəmanı adı alan yazıçı idi. Onun rəhbərliyi dövründə Özbəkistan ittifaq səviyyəsində inkişaf edən ölkəyə çevrildi. Rəşidov həm də milli şəxsiyyət idi, türk kimliyini unutmurdu və onun Heydər Əliyevlə dostluğunun təməlində də bu mövqeyi dayanırdı. Onlar – Heydər Əliyev və Şərəf Rəşidov SSRİ-nin məhdud imkanları çərçivəsində Azərbaycan və Özbəkistanın inkişafı uğrunda mübarizə aparırdı.

Prezident İlham Əliyevin toxunduğu “Özbək işi” (“Pambıq işi” də deyilir) Rəşidova, ümumilikdə Özbəkistana qarşı həyata keçirilən plan idi. Bütün SSRİ-də rezonans doğuran “Özbək işi” “Qdlyan-İvanov işi” olaraq da xatırlanır: Brejnevin dövründə gündəmə gələn bu məsələ onun ölümündən sonra Andropov tərəfindən sürətləndirildi və Özbəkistanda “pambıq mafiyası” adı ilə İttifaqda yayıldı. Erməni əsilli Telman Xoren oğlu Qdlyan “Pambıq işi” üzrə istintaqa rəhbərlik edirdi və onun “topladığı materiallar”la iş “sübut olundu”. Andrapovun Rəşidovla mənfi münasibətlərinin bu məsələdə həlledici rol oynadığına dair fikirlər var, lakin əsas məsələ məhz Moskvadakı erməni mafiyasının prosesdən özbəklərə qarşı istifadə etməsi idi. 1983-cü ildə vəfat edən Rəşidov “Pambıq işi” üzrə özbək xalqının başına gətirilən dəhşətləri görmədi. Onun ölümü də müəmmalı idi: ürəktutmasından vəfat etdiyi deyilsə də, zəhərlənərək öldürüldüyü iddiaları da var.

Və o dövrün məlumatlı şəxsləri hesab edirlər ki, Rəşidov vəfat etməsəydi, özbəklər “Pambıq işi”nə görə bu qədər əziyyət çəkməzdilər.

Rəşidov öldü, erməni mafiyası özbəklərin, belə demək mümkünsə, “pambıqla başını kəsdilər”: kütləvi həbslər yaşandı, bu azmış kimi, İttifaqda özbəklərin “oğru” və “rüşvətxor” imici yaradıldı.

Erməni mafiyasının “özbək planı” baş tutmuşdu, ardınca onlar Heydər Əliyevə və Azərbaycana qarşı hücuma keçdilər. 1987-ci ildə Qorbaçovun əli ilə Heydər Əliyevin vəzifədən uzaqlaşdırılmasından cəmi bir neçə ay Qarabağda separatizm və Azərbaycan torpaqlarının işğalı planı başlandı.

İlham Əliyev “Özbək işi” haqda - “bu, Sovet İttifaqının türkdilli respublikalarına qarşı məqsədyönlü şəkildə təşkil edilmiş hücum idi” sözlərini məhz buna görə dilə gətirir.

1989-cu ildə Rəşidov (ölümündən sonra) və özbəklər “pambıq işi”nə görə bəraət aldılar. Həmin ilin aprelində SSRİ Ali Məhkəməsinin Plenumu “T.X. Qdlyan başçılığı altında olan SSRİ Prokurorluğunun istintaq briqadasının istintaq vaxtında yol verdiyi qanun pozuntuları haqqında” qərar çıxardı. Məlum oldu ki, Xorenin oğlu Qdlyanın rəhbərlik etdiyi istintaq qrupu saxta ittihamlar təşkil ediblər. İslam Kərimov “pambıq işi”nə görə həbsdə olanları azad etdi, Rəşidovun adını yenidən qaytardı.

1996-cı ildə Prezident Heydər Əliyev Özbəkistan Prezidenti İslam Kərimovla Bakıda görüşü zamanı Şərəf Rəşidovu belə xatırlayırdı:

“XX əsrdən danışarkən sevinc və iftixar hissi ilə demək olar ki, xalqlarımız öz aralarındakı əlaqələri daha yüksək səviyyəyə qaldırmışlar. Əsrimizin başlanğıcında özbək və Azərbaycan xalqlarının dostluğunu və əməkdaşlığını sübut edən çoxlu fakt var. Yeri gəlmişkən, о illərdə Azərbaycan xalqının görkəmli oğlu bir neçə il Moskvada Şərqin işləri ilə məşğul olmuş Nəriman Nərimanov çox iş görmüşdür. Buna görə də təsadüfi deyil ki, indiyədək neçə-neçə məktəb və müəssisə Nəriman Nərimanovun adını daşıyır. Yadımdadır, rəhmətlik Şərəf Rəşidov mənə deyirdi ki, o, Nəriman Nərimanovun adını daşıyan məktəbdə oxumuşdur. Görünür, bu hisslərin təsiri altında 70-ci illərin axırlarında - 80-ci illərin əvvəllərində Daşkənd yaxınlığında böyük bir kompleks, gərək ki, motorqayırma zavodu tikilərkən orada şəhər salındıqda Şərəf Rəşidov təşəbbüs irəli sürmüş və bu şəhərə Nəriman Nərimanovun adını vermişdir. О özünün bu təşəbbüsü barədə mənə demiş, mənimlə məsləhətləşmişdi. Təbii ki, mən bunu çox böyük hörmət hissi ilə qarşıladım. Bütün bunlar və bir çox digər işlər inandırıcı surətdə göstərir ki, biz bir-birimizə çox yaxınıq, biz bir-birimizlə sıx bağlıyıq....

...Çox diqqətəlayiq bir fakt gətirmək istəyirəm, Azərbaycan yazıçısı Mirzə İbrahimov və başqaları rəhmətlik Şərəf Rəşidovun romanlarını tərcümə etmişdilər. Bu romanlar 70-ci illərdə Azərbaycanda kütləvi tirajla buraxılmışdır....

...Nəhayət, 70-ci illərin axırlarında mühüm hadisə baş verdi. İstedadlı Azərbaycan bəstəkarı Arif Məlikov mərhum Şərəf Rəşidovla birlikdə “İki qəlbin əfsanəsi” adlı gözəl balet yaratdı. Bu balet Şərəf Rəşidovun povesti əsasında yazılmışdı. Sonra isə onun özü baletə liberetto yazdı. Balet Daşkənd Opera və Balet Teatrında böyük müvəffəqiyyətlə göstərildi. Yadımdadır, rəhmətlik Şərəf Rəşidov, Arif Məlikov buna çox sevinirdilər. Buna mən də sevinirdim, çünki bu, qardaşlıq münasibətlərimizi, əlaqələrimizi bir daha təsdiqləmişdi...

...Nəhayət, bir dövlət xadimi kimi Şərəf Rəşidovun özbək və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsində oynadığı böyük roldan ayrıca danışmaq istəyirəm. O, Azərbaycanda dəfələrlə olmuş, bizim bir çox yazıçı və şairlərimizlə əlaqə saxlayırdı. Məni də onunla böyük şəxsi dostluq telləri bağlayırdı. Xatirimdədir, 80-ci ildə burada, bu salonda biz onunla bir stol arxasında əyləşmişdik və Azərbaycan xalqının böyük bayramını qeyd edirdik. Şərəf Rəşidov bizim əziz qonağımız idi”.

Heydər Əliyev və Şərəf Rəşidov haqq dünyasındadır, lakin onların dostluğu və qurduğu bağlar bu gün Azərbaycan və Özbəkistan xalqı arasında qardaşlığın dərinləşməsinin təməlləridir. İlham Əliyevlə Şövkət Mirziyayev bu təməlləri daha da möhkəmləndirdi.

qaynaq

Fikriniz