Bakı 13˚C Mostly sunny

iPhone 14 təkmilləşdirilmiş ön kameraya sahib olacaq

Biznes 11:49 16 iyn, 2022

Təqdimat sentyabr ayı üçün gözlənilir

iPhone 14 təkmilləşdirilmiş ön kameraya sahib olacaq

iPhone 14 seriyasında Apple təkcə smartfonların arxa kameralarını deyil, həmçinin ön kameralarını da təkmilləşdirməyi planlaşdırır.

Qazet.az xəbər verir ki, iPhone 14 smartfonlarının ön kameralarında istifadəçilər tərəfindən çoxdan gözlənilən funksiya reallaşdırılmalıdır. Analitik bildirib ki, iPhone 14 modellərinin ön kameralarında Sony şirkətinin sensorundan və Genius ilə Largan şirkətlərinin istehsalı olan obyektivlərdən istifadə ediləcək. Daha əvvəlki məlumat sızıntılarında qeyd edilmişdi ki, Apple yeni iPhone modellərində ön kameralar məsələsində LG Innotek şirkəti ilə əməkdaşlıq edəcək. Lakin LG Innotek Apple şirkətinin keyfiyyət tələblərinə cavab verə bilməyib. iPhone 14-ün ön kamerasında reallaşdırılacaq əsas yenilik avtofokus dəstəyi olacaq.

İndiyənə kimi bütün iPhone modellərinin ön kameralarında fikslənmiş avtofokusdan istifadə edilib. Avtofokus vasitəsilə isə yeni iPhone 14 modellərinin ön kameraları foto və video çəkilişlər zamanı kadrdakı insana qədər olan məsafədən asılı olmayaraq ona fokuslanacaqlar. Bundan əlavə olaraq iPhone 14-ün ön kamerası 5 linza əvəzinə 6 linzalı olacaq. Diafraqma ölçüsü isə f/1.9-a yüksələcək. Bu öz növbəsində daha çox işığı əhatə etməyə və nəticədə keyfiyyətli fotolar çəkməyə imkan verəcək (technote.az). Qeyd etmək lazımdır ki, daha əvvəlki məlumat sızıntılarında iPhone 14 Pro modellərinin 48 MP-lik əsas arxa kamera ilə təchiz olunacaqları qeyd edilmişdi. Buna görə də təkmilləşdirilmiş ön kameralar yalnız iPhone 14 Pro modellərində reallaşdırılmış ola bilər. iPhone 14 smartfon seriyasının təqdimatı sentyabr ayı üçün gözlənilir.