İran Bakı mövqeyini niyə dəyişdi? – İki səbəb
Daxili siyasət12:4707 noyabr, 2021

Tehranın mövqeyinin dəyişməsinin iki səbəbi görünür

İran Bakı mövqeyini niyə dəyişdi? – İki səbəb
Bizi-da oxuyun

İran 3+3 formatını dəstəklədiyini açıqladı: “Tehran regionda dialoq və əməkdaşlıq formatlarını, o cümlədən, 3+3 təşəbbüsünü fəal şəkildə dəstəkləyir” – Abdullahian deyib.

Qazet.az xəbər verir ki, Tehranın mövqeyinin dəyişməsinin iki səbəbi görünür.

Regional səbəblər: Moskvanın mövqeyi

Tehran regiondakı reallığı dəyişdirmək, ən azı öz maraqlarının təmin edilməsinə nail olmaq üçün öncə İrəvanın qapısını döydü. Ermənistan hər şeyə hazır olduğunu, lakin qərarverici qüvvənin Rusiya olduğunu izah edəndən sonra Abdullahian Moskvaya yola düşdü: Lavrovla görüşdə iranlı nazirə izah edildi ki, yeganə çıxış yolu “3+3” formatıdır;

Moskva səfərindən sonra Abdullahianın da, İranın digər rəsmilərinin də Bakıya qarşı ritorikası dəyişdi. İranda anladılar ki, Bakı-Ankara ikilisinə qarşı mübarizədə effektli ola biləcək Moskva regionda yeni reallığın tərkibindədir. Tehran Bakıya qarşı təzyiq siyasətinin də nəticə vermədiyini anladı.

Qlobal səbəblər: nüvə danışıqları

Noyabrın 29-da İranın nüvə proqramı ilə bağlı danışıqlar başlayır. Bu, Trampın hakimiyyəti dövründə dayanan, İranda və ABŞ-da yeni administrasiyaların qurulmasından sonra ilk danışıqlardır və Tehran üçün həlledici rol oynayacaq.

Bu prosesdə İrana dəstək verə biləcək iki əsas ölkə var: Çin və Rusiya.

Cənubi Qafqazda 3+3 formatı Çinin “Bir kəmər, bir yol” layihəsinin Orta dəhlizi üzərində qurulan siyasi əməkdaşlıq platformasıdır. Layihənin Cənub dəhlizi üzərində yerləşən İranın Qafqazdakı reallığı qəbul etməməsi Pekinin maraqlarına uyğun deyil. Bu mövqe 3+3 formatını Cənubi Qafqazda, ümumilikdə qərb cəbhəsində ABŞ-a qarşı qalxan kimi görən Moskvanın da siyasətinə qarşıdır.

İran nüvə danışıqlarından öncə 3+3 formatını qəbul etdiyini açıqlamaqla Pekin və Moskvanın dəstəyini qazanmaq, Vyana danışıqlarına güclü şəkildə getmək istəyir.

3+3 formatı nüvə danışıqlarında iştirak edən Böyük Britaniyanın da marağında olan platformadır.

Lakin İranın 3+3 formatı tərkibində mövqelərinin güclənməsi xəttini də izləyəcəyi şübhəsizdir və bunun üçün Ermənistan üzərindən addımlarını davam etdirəcək: Gorus-Qafan yoluna alternativ yolun çəkilişi; Fars körfəzi-Qara dəniz marşrutunun aktual olaraq saxlanılması.

Bu strategiya “Bir kəmər, bir yol” layihəsinin İrandan keçən Cənub dəhlizinin aktuallığını gücləndirməyə də hesablanıb.//axar.az

Fikriniz