Bakı 15˚C Mostly sunny

İran qanunsuz daşınmalara səssiz qalır - Azərbaycan yollara özü nəzarət etməlidir

Eksklüziv 11:35 13 sen, 2021

Politoloq Rövşən İbrahimov İrandan qanunsuz yük daşınmalarına izah verdi

İran qanunsuz daşınmalara səssiz qalır - <span style="color:red">Azərbaycan yollara özü nəzarət etməlidir</span>

Qarabağ ərazisinə İran seriyalı nəqliyyat vasitələri qanunsuz olaraq yükdaşımağa davam edir. Azərbaycanın xəbərdarlıqlarına baxmayaraq bu daşınmalar haqqında sosial şəbəkələrdə video yazılar günbəgün artır.

Bu hadisə cəmiyyətimizdə böyük narazılıqla qarşılanıb. Eyni zamanda bir sıra millət vəkilləri qanunsuz daşımalarda İranı ittiham edir. Laçın dəhlizinin bu cür qanunsuz fəaliyyətlər üçün qovşağa çevrilməsində Rusiya sülhməramlılarının fəaliyyəti də şübhə altına alınır.

Qazet.az Qarabağa qanunsuz daşınmalarla bağlı Cənubi Koreyanın Hanquk Universitetinin professoru, politoloq Rövşən İbrahimovun fikirlərini alıb.

Politoloq qanunsuz daşınmaların İran mərkəzi hökumətinin siyasəti olduğunu zənn etmir: “Bu daha çox regional və lokal səviyyədə qaçaqmalçılıqdır. Daşınmalar yerli və kiçik mafiyanın öz gəlirlərini artırmaq və əlavə bəzi qazanclar əldə etmək üçün həyata keçirdiyi fəaliyyətdir. Lakin bu qeyri-qanuni strukturda rus sülhməramlılarının yer alması şübhəsizdir. Bu, Azərbaycanın suverenliyinə qarşı yox, daha çox pul qazanmaq üçün maraqlı tərəflərin öz aralarında razılığıdır.  Əlbəttə ki, rüşvət qarşılığında həyata keçirilir”.

Daşınmalarda hətta İran hökumətinin əli olmasa belə, bu, onun əhəmiyyətini azaltmır.

“Nəticədə Azərbaycanın suverenliyi pozulur və hökmən bu hüququ bərpa etmək lazımdır. İran isə bu hadisənin dərhal qarşısını almalıdır. Qarşısını ala bilmirsə, ya zəif dövlətdir, ya da bilərək edir. Bu isə Azərbaycana qarşı bir mənalı olaraq dostcasına edilən hərəkət deyil”, deyə Rövşən İbrahimli bildirib.

Azərbaycan tərəfi bir sıra xəbərdarlıqlar etsə də, bunlar sadəcə söz olaraq qalıb. Politoloq belə bir vəziyyətdə rəsmi Bakının bir sıra addımlar ata biləcəyini nəzərdən keçirib.

“Xarici İşlər Nazirliyi rəsmi şəkildə İrana dəfələrlə nota göndərib və müxtəlif kanallarla məlumat verilib. Azərbaycan həm də qanunsuz hərəkət etmiş İran nömrəli nəqliyyat vasitələrini saxlatdırıb müsadirə edə bilər. Əgər bu cür bir neçə nəqliyyat vasitəsi saxlanılsa, digərləri bunu etməyə cəhd göstərməz. Nəzərə alsaq ki, bu maşınlar Gorus-Qafan yolu üzərindən də keçə bilər və bu yolun bir hissəsi bizim nəzarət altındadır. Beləliklə onların keçidini yoxlamaq və onların marşrutunu müəyyən etmək Azərbaycanın tam səlahiyyətindədir. Orada polis məntəqələri artıq fəaliyyət göstərir. Bu məsələ Azərbaycanın daxili qanunvericiliyi ilə dəyərləndirilə bilər”, Rövşən İbrahimov deyib.

Baş verən hadisələrin Rusiya sülhməramlılarının gözü qarşısında olması da digər məqamdır. Qanunsuzluqlara göz yuman sülhməramlılar sadəcə Qarabağ ermənilərinin Ermənistanla təhlükəsiz hərəkət etməsini təmin etməli deyil, həm də qanunsuz daşınmaların (silahların daşınması) qarşısını almalıdır. Əgər onların fəaliyyəti bizi qane etmirsə, o zaman Azərbaycan tərəfi proseslərə qoşulmalıdır.

“Üçtərəfli bəyanatın heç bir bəndində Azərbaycan qoşunlarının yoxlama məntəqlərində dayanmalarını qadağan edilmir. Onlar bu məntəqələrdə dayanıb, öz missiyalarını yerinə yetirə bilərlər. Ən əsası isə qoşunların Laçın dəhlizi daxil olmaqla Azərbaycan  sərhəddinin qorunmasını təmin etməkdir. Burada gördüyümüz qədəri ilə erməni faktoru xaricində başqa amillər də mövcuddur. Belə ki, başqa ölkələrdən də vətəndaşlar keçirlər”, deyə politoloq bildirib.

Ülvi Əhmədli


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.