Bakı 16˚C Sunny

İybilmə qabiliyyəti yaşam müddətinin göstəricisi ola bilər 

Maraqlı 18:36 26 okt, 2021

ABŞ-da iybilmə və onun yaşla bağlılığına dair araşdırma aparılıb

İybilmə qabiliyyəti yaşam müddətinin göstəricisi ola bilər 

ABŞ-da aparılan araşdırmalara görə, iybilmə qabiliyyətinin azalmasının 65 yaş və bu yaşdan yuxarı insanlarda ölüm riskini artıra biləcəyi məlum olub.

Qazet.az xəbər verir ki, yaşlılarda iybilmənin yaşam müddətinin göstəricisi ola  biləcəyi aşkara çıxarılıb.

ABŞ-ın Kolumbiya Universitetindən olan elm adamları 65 yaş və daha yuxarı yaşda olan 1169 iştirakçıya təxminən 40 fərqli maddə iylədib. İştirakçılardan iylədiklərinin nə olduğu barədə test sorğusu keçirilib. Sonra isə bu insanların sağlamlıq vəziyyətləri və həyat tərzi ilə ilə bağılı məlumatlar araşdırılıb. İyləri ayırd etməkdə çətinlik çəkən 349 insanın ya hansısa xəstəlikdən, ya da qəza nəticəsində öldüyü müəyyən edilib.

Araşdırmaya imza atanlardan Dr. Davangere Devanand ölüm riskinin iybilmə hissindəki azalma ilə bağlı olaraq arta biləcəyini qeyd edib. O, araşdırmanın ancaq yaşlılar üzərində aparıldığına diqqət çəkərək gəlinən nəticənin yaşı çox olmayanlara da şamil edilib-edilməyəcəyini söyləmək üçün başqa sınaqların aparılmasının lazım olduğunu vurğulayıb.

Elm adamları iybilmənin azalmasının diaqnozu qoyulmamış ağır bir xəstəliyin əlaməti ola biləcəyinə, həmçinin bəzi "qəzalara" da səbəb ola biləcəyinə diqqət çəkib. İybilmə qabiliyyəti azalan yaşlıların xarab olmuş yeməyi yeyə biləcəyi, qaz sızması və ya yanğın zamanı zəhərlənə biləcəyi ifadə edilib.

Araşdırmanın nəticələri "Annals of Neurology" jurnalında dərc olunub. 

 

Mənbə