Bakı 14˚C Sunny

Kəlbəcərə qayıdış: "Elə bil ki, Allah - ən mahir heykəltəraş öz əli ilə o qayaları yonub"

Eksklüziv 13:04 25 noy, 2021

Kəlbəcərin keçmiş icra başçısı və deputat Aqil Məmmədov Kəlbəcərlə bağlı xatirələrini danışıb

Kəlbəcərə qayıdış: "Elə bil ki, Allah - ən mahir heykəltəraş öz əli ilə o qayaları yonub"

Bu gün Azərbaycan qan yaddaşından 27 illik işğalı azadlıqla əvəz edərək Kəlbəcəri Ana Vətəninə qovuşdurdu. Azərbaycan ordusunun apardığı “Dəmir yumruq” əməliyyatı çoxillik həsrətə son qoydu.

Azərbaycanın ən böyük rayonu olan Kəlbəcər 3050 km2 əraziyə malik olub. Dağların əhatəsində olan Kəlbəcər gözəl təbiəti və faydalı resursları ilə zəngindir. Bu rayon Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi müalicəvi əhəmiyyətli mineral sulara malikdir. Qızıl və civə yataqları ilə zəngin Kəlbəcər böyük iqtisadi əhəmiyyət daşıyır.

Həm mədəniyyəti, həm də təbiəti ilə gözəl olan bu diyar qısa zaman içində bərpa ediləcək və köçkün düşmüş sakinləri öz yurdlarına geri dönəcək.

Bu tarixin əhəmiyyəti ilə bağlı Qazet.az Kəlbəcər rayonunun keçmiş icra başçısı və Milli Məclisin deputatı Aqil Məmmədovdan müsahibə alıb.

– 27 il Kəlbəcər həsrəti ilə yaşamaq nə deməkdir?

– Bir insan ki, evinə-eşiyinə gedə bilməsin, kənardan baxsın, bu, çox ağır hissdir. Mən bu barədə öz əsərlərimdə də qeyd edirdim. 

– Kəlbəcərin ən çox nəyi üçün darıxmısınız?

– Mənim uşaqlığım, gəncliyim Kəlbəcərdə keçib. Mən Kəlbəcərin hər yeri üçün darıxmışam. Mən dünyanın hər yerini gəzmişəm, amma Kəlbəcər kimi cənnət görməmişəm. Kəlbəcərin hər daşı, çiçəyi bir tarixdir, gözəllikdir.

Əgər Kəlbəcəri cənab Prezidentin siyasəti ilə deyil, döyüşlə alsaydıq, çox şəhid verərdik. Allah Kəlbəcəri səngər yaradıb. Burada kahalar var ki, 2-3 min adam gizlənər, 50 dənə tank gizlətmək olar. Kəlbəcərin işğal olunmasına heç adam inanmazdı. Çünki Kəlbəcər dağların başında, qayaların üstündə Şuşa kimi bir yerdir. Ora getmək, çıxmaq çox çətindir. 

“Bir qalanın sirri” filmi Kəlbəcərdə çəkilib. Orada siz qayaları, dağları görə bilərsiniz. Elə bil ki, Allah - ən mahir heykəltəraş öz əli ilə o qayaları yonub. Sözlə demək mümkün deyil, gərək görəsən. Kəlbəcərin çox gözəl turizm imkanları var. Burada çoxlu mineral sular var. Orada sadəcə İstisu deyil, biz uşaq olanda deyirdilər ki, burada müxtəlif xəstəliklər üçün ayrı-ayrı sular var. Burada başqa gözəl yerlər də var: Sarıqaya, Yüzbulaq, Dəlidağ və s.

Misal üçün, Dəlidağa niyə belə deyirlər? Dağ ki dəli ola bilməz. Orada göydə buludu görmürsən, amma çıxıb oynadığın yerdə bir də görürsən ki qəfil bulud gəldi, yağış oldu. Deyirsən ki, nə oldu belə. Sonra yarım saata yağış bitir, duman gəlir, sonra dolu düşür. Bir gündə hava 10-15 dəfə dəyişir.

Dəlidağ

– Əgər Kəlbəcərə getsəniz, hara baş çəkərdiniz?

– Ora qayıtsaydım, ilk öncə Yüzbulağa gedərdim, Dəlidağa gedərdim. Taxta deyilən yer var, uşaqlığım orda keçib, ora çıxardım.

– Kəlbəcər həm də şeir-sənət ocağıdır. Kəlbəcərin ruhunu necə təsvir edərsiniz?

– Kəlbəcərin təbiəti elədir ki, orada doğulan ya şair olardı, ya rəssam, ya yazıçı, ya da aşıq olardı. Təbiət insanı yetişdirir. Kəlbəcər Aşıq Şəmşirin, Məmməd Aslanın, Şücaətin Bəhmən Vətənoğlunun, Qənbər Şəmşiroğlunun, Şamil Əsgərovun vətənidir. Burada çoxlu qeyri-adi insanlar yetişib. Məmməd Aslan, Aşıq Şəmşir sözlə Kəlbəcəri çəkib. Bura qəribə bir təbiəti olan yerdir. Qarabağ da aşıq sənəti olan yerdir. Misal üçün, Ağdamda bu olmayıb, orada Gülablıda var idi. Kəlbəcərin dağlarında aşıq sənəti çox gözəl inkişaf etmişdi. O zaman kitab çapı yox idi, aşıqlar el dastanı ilə, saz ilə şeirlərini yayırdılar.

– Kəlbəcər artıq azad edilib. Sizcə, Kəlbəcər yenidən əvvəlki kimi olacaqmı?

– Ondan da gözəl olacaq, darıxmayın. Niyə olmasın ki, yenə də kəlbəcərlilər doğulacaq, qayıdacaq öz torpaqlarına. Kəlbəcər əvvəlkindən də gözəl şairlər, alimlər, sənətkarlar bəxş edəcək. Çətini o havanı dadana, o torpağı öpənə, o suyu içənə qədərdir.

 

Ülvi Əhmədli


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.