Bakı 17˚C Cloudy

Kiber sahədən gələn hədələr - Azərbaycanın təhlükəsizliyi hansı səviyyədədir? -EKSKLÜZİV

Eksklüziv 19:40 23 sen, 2021

Azərbaycan kiber təhlükəsizliyə görə ən zəif ölkələr sırasındadır

Kiber sahədən gələn hədələr - Azərbaycanın təhlükəsizliyi hansı səviyyədədir? -EKSKLÜZİV

Bu ay Britaniyanın “Cyjax” şirkəti öz hesabatında bir sıra ölkələrin dövlət qurumlarına edilən kiber hücumlardan yazıb. Bu dövlətlərin sırasında Azərbaycan da yer alıb. Hesabatda verilən məlumata görə, Azərbaycan hökumətinin elektron poçtu hakerlərin hücumuna məruz qalıb.

Əlavə oxu: Hakerlər azərbaycanlı məmurların hesablarına hücum edib - Britaniya şirkətinin hesabatı

Qazet.az İnformasiya Agentliyi məsələ ilə əlaqədar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibliyinə sorğu ünvanlayıb. Nazirlik kiber hücumların Dövlət Təhlükəsizlik Xidməti tərəfindən araşdırıldığını bildirib.

Daha sonra Dövlət Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsinə müraciət ünvanlanıb. Lakin qurum bu barədə məlumatların ictimaiyyətə açıqlanmadığını bildirib. 

Belə olduğu təqdirdə dövlətimizdə kiber təhlükəsizlik səviyyəsi ilə bağlı suallar ortaya çıxır.

Qazet.az bu barədə “Kaspersky” kiber təhlükəsizlik şirkətinin Azərbaycan üzrə nümayəndəsi Müşviq Məmmədovun fikirlərini alıb.

Onun sözlərinə görə, şirkətin statistikalarında Azərbaycan kiber təhlükələr üzrə ilk sıralarda qərarlaşıb. Misal üçün, son yarım ildə Azərbaycan kriptovalyuta maynerləri tərəfindən ən çox hücuma məruz qalan ölkələr sırasındadır. Bu ilin ilk rübündə ölkəmiz bu hücumların statistikasına görə 17-ci yerdə, ikinci rübündə isə 9-cu yerdə qərarlaşıb. Bundan başqa, Azərbaycan internet vasitəsilə hücuma məruz qalan istifadəçilərin ən çox olduğu ölkələr üzrə dünya reytinqində ilk 20-liyə daxil olub (17-ci yer).

Mütəxəssis kiber hücumlar sahəsində Azərbaycanda son zamanlar telefon fırıldaqçılığının geniş yayıldığını bildirib.

“Son illərdə bu cür aldatma sistematik olaraq postsovet məkanında getdikcə daha çox ölkə tərəfindən ələ keçirilib. Telefon fırıldaqçılarının hədəfi əvvəlcə Rusiya sonra Qazaxıstan və bir sıra digər MDB ölkələri olub. İndi bu mənfi tendensiya ölkəmizdə də artır. Belə ki, məsələn, iyun ayında bankın guya təhlükəsizlik xidmətindən edilən zənglərin tezliyinin artması ilə əlaqədar olaraq Daxili İşlər Nazirliyi rəsmi xəbərdarlıq ünvanlayıb”

Müşfiq Məmmədov
“Kaspersky” kiber təhlükəsizlik şirkətinin Azərbaycan üzrə nümayəndəsi

 

Bu cür üsuldan necə istifadə edildiyini açıqlayan mütəxəssis telefon fırıldaqçılarının potensial qurban haqqında lazımi məlumatları əvvəlcədən topladıqlarını və sosial mühəndislik metodlarından fəal şəkildə istifadə etdiklərini bildirib.

“Məsələn, zəng əsnasında zəng etdikləri şəxsin düzgün adını, soyadını və atasının adını tam olaraq verə bilərlər. Hakerlər məlumatların təsdiqlənməsi üçün müxtəlif “hekayələr” uydura bilərlər. Misal üçün,  kredit təklifi, şifrə, bank kartı nömrəsi, pin kodu, CVV kodu və s kimi metodlardan istifadə edə bilərlər”, ekspert deyib.

Mütəxəssisin fikirlərinə görə, özünü təcrid və uzaqlıq şəraitində kiber cinayətkarlar internetdə sosial mühəndislik metodlarından, xüsusən də fişinqdən fəal şəkildə istifadə etməyə davam edirlər.

“Fırıldaqçılar istifadəçilərin bank kartları haqqında məlumat almaq və pul çıxarmaq üçün bank təşkilatları da daxil olmaqla tanınmış markaların veb saytlarının saxta səhifələrini yaradırlar. Təcavüzkarlar müxtəlif saxta sxemlərdə şəxsi istifadəçi məlumatlarını əldə etmək üçün, məsələn, koronavirus peyvəndləri və ya sosial faydalar haqqında məlumatlardan istifadə edərək xəbər gündəmini fəal şəkildə istifadə edirlər. Belə ki, Azərbaycanda ilk altı ay ərzində müxtəlif fişinq bağlantılarına 115 000-dən çox cəhd qeydə alınıb”, deyə Müşviq Məmmədov söyləyib.

Ülvi Əhmədli


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.