Bakı 20˚C Mostly sunny

"Kinomuz qələbəmizə öz borcunu qaytara bilməyib" - Ayaz Salayev

Eksklüziv 19:38 04 okt, 2021

Bu yolda düzgün mədəni siyasət qurulmalıdır

"Kinomuz qələbəmizə öz borcunu qaytara bilməyib" - <span style="color:red">Ayaz Salayev</span>

Ordusu, xalqı, siyasi rəhbərliyi ilə birgə bütün Azərbaycan Vətən Müharibəsi zamanı vəhdət göstərdi. 

Azərbaycan işğalçı düşmənə qarşı birlik göstərərək 30 illik həsrət son qoydu. Bu qələbə bütün xalqın əzmkarlıq nümunəsinə çevrildi və əsrlər boyu yaddaşlara həkk olunacaq. 

Qazet.az “44 GÜN” adlı yeni layihəsində şanlı savaş tariximizin hər bir günü Azərbaycan ziyalılarının yaşantılarını parça-parça, damcı-damcı bir bütövə toplayır. Bu gün 37-ci gündür.

44 GÜN LAYİHƏSİ
 

 

Azərbaycan kinorejissoru, kinoşünası və ssenaristi Ayaz Salayev Vətən müharibəsi zamanı öz təəssüratlarını Qazet.az-la bölüşüb.

 

–  Bildiyimiz kimi, incəsənət insanları bir az həssas və emosional olurlar. Bəs, siz 44 gün ərzində hansı hissləri keçirdiniz?
–  Mən çox həyəcanlıydım. Mənim sözün düzü müharibədən iki ay əvvəl, avqustun 1-də 60 yaşım tamam olub və mən ermənilərə müraciət etmişdim. Müharibənin başlayacağını əvvəlcədən bilmədən onlara torpaqlarımızı geri alacağımızı bildirmişdim. 
Müharibə dövrü isə çox aktiv olmuşam. Amma buna baxmayaraq çox həyəcanlıydım, müharibə məni çox dəyişdi. Mənə ruh yüksəkliyi verirdi və müharibə, müharibədən qazandığımız qələbə Azərbaycan xalqına necə yüksək əhval-ruhiyyə bəxş etdisə, mənim üçün də elədir.

 

–  Birinci və İkinci Qarabağ müharibəsi zamanı cəmiyyətimizin reaksiyasını və dövlətimizin vəziyyətini necə müqayisə edərdiniz?
–  Birinci Qarabağ müharibəsi zamanı mən film çəkirdim və fikrim tamam başqa yerdə idi. Heç anlaya bilmirdim ki, nələr baş verir. Amma İkinci Qarabağ müharibəsini və qələbəmizi bir möcüzə kimi qəbul etdim. Əslində ideal cəmiyyətdə ölkə başçısı düzgün addım atmalıdır və düzgün yolu təyin etməlidir. Məhz İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan dövləti lazımi düzgün addımları atdı. 
Bizim qələbəmiz bir çoxlarına ibrət dərsi oldu. Onlar bizim qələbə qazanacağımıza inanmırdılar, amma biz qələbə qazanaraq necə güclü olduğumuzu göstərdik. 
Mən inanmırdım ki, nə vaxtsa Şuşanı, Cıdır düzünü görəcəm. Ali Baş Komandanın düzgün siyasəti, Azərbaycan ordusunun şücaəti və xalqın birliyi nəticəsində bu günləri, qələbəni görmüş olduq. 
Daşaltıdan yuxarı qalaxaraq Şuşanı alan igidlərin ruh yüksəkliyini biz öyrənməliyik. Əfsuslar olsun ki, cəmiyyətdə ziyalılar, sənət, elm adamları öndə getməliydi, amma bizdə dövlətimiz, ordumuz, diplomatik siyasətimiz qabaqda getdi və biz də müəyyən qədər onlara uyğun olub, dəstək olmalıyıq. Mən bu 30 il ərzində susmadım və daim çalışdım ki, öz gücümlə səsimizi dünyaya çatdırım. Mən bunu özümə borc bilirdim. Bunu şəhid analarının üzgün simasını görəndə daha da dərk edirəm.

 

–  Qarabağa gedəndə Şuşa sizi necə qarşıladı?
–  Mən bir çox nüfuzlu festivallarda iştirak etmişəm, amma o cür fərqli hissi heç birində keçirməmişdim. “Xarıbülbül” festivalı Azərbaycan tarixində bir unikal idi və mən festivalda qürur hissilə iştirak etdim. Həmin gün sanki biz yenidən Qarabağla vəhdətdə olduq və “Xarıbülbül” festivalı sayəsində Azərbaycanın tarixi mədəniyyəti yenidən Şuşada canlandı. Ali Baş Komandanın, qalib ordunun, xalqın, mədəniyyətin, torpağın, bitkilərin, bir sözlə, hər şeyin birgə vəhdəti idi. Bu mənim yaddaşımda bir nəğmə kimi qaldı. Nəinki mənim, bütün Azərbaycan xalqının yaddaşında bir nəğmə kimi qaldı. Həmin gün Azərbaycan tarixinin ən səciyyəvi günü idi.


–  İkinci Qarabağ müharibəsi bizim kinomateqrafiyamıza necə təsir edə bilər? Bundan sonra necə filmlər ərsəyə gələcək? 
–  Kinomuz hal-hazırda çox borcludur. Tarixə, ölkəmizə, xalqımıza, son dövürdə qazandığımız qələbəmizə çox borcludur. Bu gün isə kinomuz öz borcunu qaytara bilməyib. 
Mən kinoda heç bir zaman rəhbərlikdə olmamışam, amma yenə də qeyd edim ki, bu yolda düzgün mədəni siyasət qurulmalıdır.

 

–  Bir neçə kanalda ermənilərlə debatlarda olmusunuz. Sizcə iki xalq arasında yenidən sülh ola bilərmi? 
–  Ən çətin sualı verdiniz, çünki tarixə baxanda ötən əsrin əvvələrində 1905-ci ildə, 1918-ci ildə belə şeylər olubdur, amma artıq inamsızlıq var. Ona görə də bu mövzuda necə olacağını dəqiq bilmirəm. Amma desəm ki, “inanıram” yalan olar.


Dönməz Hüseyin


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.