Bakı 16˚C Partly sunny

Kitab biznesində ƏDV müəmması

Gündəm 12:29 28 apr, 2022

Qanunun icra olunmağı ləngidilir

Kitab biznesində <span style="color:red">ƏDV müəmması</span>

Kitab və kağız məhsullarının idxalı və satışının ƏDV-dən azad olunması barədə qanun yanvarın 1-dən qüvvəyə minsə də, 3 ay keçməsinə baxmayaraq texniki məsələlər öz həllini tapmayıb.

Qazet.az xəbər verir ki, 2021-ci ilin noyabrında Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, bu ilin yanvarından kitab nəşri və satışı  Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilib. Amma qanun qüvvəyə minsə də, faktiki icra olunmur.  Bu barədə "Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu iclas keçirib. 

 

Nazirlər Kabinetindən isə bildirirlər ki, qanunun qəbul edilməsi hələ heç nə demək deyil. Belə ki, hökumət bu dəyişiklik ilə bağlı hələlik Vergilər Nazirliyi və Gömrük Komitəsinə yazılı göstəriş göndərməyib. Hökumət rəsmilərinin sözlərinə görə,  onlar indi bunu etməyə hazırlaşırlar. 
O, problemlə əlaqədar bu gün keçirilən toplantıda qeyd edib ki, qanunun icrasının yubanması texniki məsələlərlə izah edilir. 

"Artıq 3 ay keçib, amma nədənsə texniki məsələlər həllini tapmayıb. Kitab və kağız məhsullarının idxalı və satışının ƏDV-dən azad edilməsi müsbət addımdır. Biz uzun illər idi ki, bu məsələnin həllinə çalışırdıq. Nəhayət, həllini tapdı, qanun qəbul edildi. Amma indi qanunun icrası sanki dalana dirənib”, - Şahbaz Xuduoğlu bildirib. Naşir həmçinin məsələ ilə bağlı Baş nazir Əli Əsədova da müraciət ünvanlayıb.

Naşir əlavə edib ki, müvafiq qurumlar hansısa siyahıdan danışırlar, amma detalları açıqlamırlar: 

"Deyirlər siyahı var, biz qanunun üzərində işləyirik. Mən bilmirəm, hansı siyahıdan söhbət gedir. Digər tərəfdən, qanun artıq qüvvəyə minib və üzərindən 3 ay vaxt keçib. Bu müddət ərzində niyə qanunun icra mexanizmləri üzərində işlənməyib?”.

Şahbaz Xuduoğlu bildirib ki, mətbuat da bu məsələyə biganə yanaşmamalıdır.

Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin sədri və "Hədəf” nəşriyyatının rəhbəri Şəmil Sadiqin sözlərinə görə isə vəziyyət o həddə çatıb ki, kitab mağazaları, nəşriyyatlar və kağız istehsalçıları arasında ciddi problem yaranıb: 
 

"Nəşriyyat deyir kağızı ƏDV ilə alıram, kağız istehsalçısı da bu güzəştdən istifadə edə bilmədiyini bildirir, mağaza isə ƏDV-nin ləğvini əsas gətirir. Ona görə də bu məsələ tezliklə həllini tapmalıdır. Nazirlər Kabinetinin açıqlaması var ki, iş gedir. Amma hələ ki, nəticə yoxdur”.

"Əli və Nino” mağazalar şəbəkəsinin rəhbəri Nigar Köçərli bildirib ki, ƏDV-nin ləğvi kitab biznesi üçün faydalıdır. Lakin qanunun icrasının dalana dirənməsi nəşriyyatların işini çətinləşdirir: 

"Hər ay astronomik rəqəmlər ödəyirik. Belə getsə, iflas ola bilərik. Bir məsələni də xüsusi qeyd etmək istəyirəm. Təsəvvür edin, İqtisadiyyat Nazirliyi bizə məktub göndərib ki, ƏDV tətbiq edirsiniz, kitabı baha satırsınız, camaatı aldadırsınız və s. Amma bu nazirliyin strukturu olan Dövlət Vergi Xidməti isə ƏDV-nin ləğvi ilə bağlı qanunun icrası barədə müraciətimizə "hələ gözləyin” deyir. Beləliklə, nazirliyin məktubu ilə onun tabeliyində olan qurumun cavabı bir-birilə ziddiyyət təşkil edir”, - xanım Köçərli vurğulayıb.

"Qanun” Nəşrlər Evinin redaktoru, yazıçı Şərif Ağayara görə, yaradıcı insanlar, mətbuat bu məsələyə biganə qalmamalıdır. 

"İllərdir ədəbiyyatnın inkişafına mane olan amillərdən danışırıq və ilk yerdə ƏDV gəlir. İndi ƏDV ləğv olunub, amma qanun icra olunmur. Bu məsələ gəlib dirənib hansısa məmurun məzmunsuz bürokratik əngəlinə. Fikrimcə, yaradıcı insanlar, mətbuat bu məsələdə birləşməlidir. Kitabı bu gündə olan xalq irəli gedə bilməz. Yekə-yekə Şuşa qələbəsindən danışır, fotolar çəkdiririk. Sizi əmin edirəm ki, qələbə mədəniyyət gətirmirsə, o əbədi olmur”.

Xatırladaq ki, 3 dekabr 2021-ci ildə Milli Məclisin iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklər siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiqlənən kütləvi informasiya vasitələri məhsullarının və kitabların, (elektron kitablar istisna olmaqla) habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı, mətbu kütləvi informasiya vasitələri məhsullarının və kitabların, o cümlədən elektron kitabların, habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətindən (reklam xidmətləri istisna olmaqla) ƏDV tutulmayacaq.