Bakı 15˚C Sunny

Kleopatra barədə bilinməyən yeni faktlar üzə çıxdı

Maraqlı 11:03 19 may, 2022

Alimlərin üzə çıxardığı yeni faktları təqdim edirik

Kleopatra barədə bilinməyən <span style="color:red">yeni faktlar üzə çıxdı</span>

Alimlər Qədim Misirin ən məşhur kraliçası VII Kleopatra haqqında yeni maraqlı faktları üzə çıxarıblar.

Qazet.az-ın məlumatına görə, "Azərtac"  “Egypttoday” nəşrinə istinadla xəbər verir ki, eramızdan əvvəl 69-30-cu illərdə hökmranlıq etmiş VII Kleopatra səkkiz dildə danışıb və öz sarayında ən təcrübəli təbib olub. Qədim mənbələrdə, habelə sonralar yazılan roman və lentə alınan filmlərdə imperator Yuli Sezar və sərkərdə Mark Antoni ilə məhəbbət macəraları ilə hakimiyyəti ələ keçirdiyi irəli sürülən kraliçanın, əslində, yüksək təhsilli və müdrik qadın olduğu bildirilir.

Kraliça Kleopatra İsgəndəriyyədəki məşhur kitabxanada Ellin təhsil sisteminin ən yaxşı müəllimlərindən dərs alıb. O, coğrafiya, tarix, astronomiya, fəlsəfə, beynəlxalq diplomatiya, təbabət elmlərinə yiyələnib, eyni zamanda, öz sülaləsində (Ptolemeylər) qədim Misir dilini bilən və heroqlifləri oxumağı bacaran yeganə hökmdar olub. Kleopatra, həmçinin fars, ivrit, yunan, medes, qədim Suriya, həbəş və ərəb dillərində də danışıb. Vaxtının çoxunu İsgəndəriyyə kitabxanasındakı laboratoriyada keçirən kraliça botanika və kosmetika sahələrində tədqiqatlar da aparıb. Təəssüf ki, onun yazdığı kitablar 391-ci ildə yanan İsgəndəriyyə kitabxanasında məhv olub. Məşhur yunan təbibi Klaudius Qalenus Kleopatranın kəşf etdiyi saçları bərpa edən kremin formulunu köçürüb.

Kleopatranın ölümündən sonra Misirin Roma imperiyası ilə siyasi əlaqələri kəsilib və ikinci Ellin dövlətinin varlığına son qoyulub.