Kriptomarketdə vəziyyət: Hansı koinlərə yatırım etmək sərfəlidir?
Marketinq18:3012 dekabr, 2021

Ölkəmizdə kriptovalyutaya maraq son 1 ildə sürətlə artıb

Kriptomarketdə vəziyyət: Hansı koinlərə yatırım etmək sərfəlidir?
Bizi-da oxuyun

"Bitkoinin qiyməti stabil olmasa kriptomarketdə uzunmüddətli yatırımlar haqqında fikirləşmək məsləhət deyil".

Qazet.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında kriptovalyutalarla bağlı hazırkı vəziyyəti şərh edən data analitiki Nizami Alışan deyib.

O, ilk öncə kripto-bazarda ilkin yatırımlara başlamaq istəyənlərə məsləhətlərini bölüşüb:

"Ölkəmizdə kriptovalyutaya maraq son 1 ildə sürətlə artıb. Bir çox kripto-treyderlərinin bu sahədə savadı çox azdır. İnsanlar asan və çox pul qazanmaq niyyəti ilə bu işə başlayırlar və əksər hallarda çox qısa müddətdə uğursuzluğa düçar olurlar. Birjada uğurlu olmaq üçün ilk növbədə investorlara "Forex" sahəsini öyrənməyi məsləhət görərdim. Daha sonra pillə-pillə metatreyder, texniki analitika, valyutalar ilə qızıl və neftin bir-birinə olan münasibətini öyrənməyə tövsiyə edirəm. Daha sonra bir müddət orada təkmilləşdikdən sonra "Tradingview" platformasına keçərək orada öz biliklərini daha da inkişaf etdirə bilərlər".

Data analitiki hazırda kripto-birjada vəziyyətin qeyri-müəyyən olduğunu vurğulayıb:

"Vətəndaşlarımız bu işdə çox qısa vaxt olduğu üçün bir çox məsələləri başa düşmürlər. Onlar əvvəlki dönəmlərdə kripto-birjada olmadıqları üçün hər krizisi may krizisi [35 % enərək 37 min ABŞ dollarına çatıb] kimi qəbul edirlər. May krizisindən sonra sentyabrda bitkoinin qiymətinin 52 min ABŞ dollarından 40 min ABŞ dollarına kimi ucuzlaşması bizim treyderlərdə belə bir siqnal formalaşdırıb ki, bitkoinin qiyməti dibə vurdusa, onu almaq lazımdır. Yalnız bunun çox təhlükəli olduğunu vurğulamaq istəyirəm. Dibin harada olması qeyri-müəyyən olur. Birjada korreksiya və ya "crash" baş verərsə, onun hansı həddə kimi ucuzlaşması qeyri-müəyyən olur. O baxımdan yalnız və yalnız qiymətin alış üçün müəyyən bir həddə çatmasından sonra alışlara keçmək lazımdır.

Hazırda bitkoinin 50 min ABŞ dolları civarında ticarət olunur və mən onu almağı məsləhət görmürəm. Çünki indiki vəziyyətin dib olduğu və ya bitkoinin daha da ucuzlaşacağı bilinmir. Ehtimal az deyilki, bitkoin 29 min ABŞ dollarına kimi ucuzlaşsın. Ona görə bitkoinin ən azı 56 min ABŞ dolları qiymətində möhkəmlənməsini gözləmək lazımdır. Heç kim deyə bilməzki, bitkoin bundan sonra bahalaşmağa doğru gedəcək. Bəlkə elə 29 min ABŞ dolları qiymətinə enəcək və o dəhlizdə 1 il qalacaq? Yalnız bitkoinin vəziyyəti yaxşı və stabil olduqdan sonra uzunmüddətli yatırımlar haqqında fikirləşmək lazımdır".

N.Alışan bildirib ki, bitkoin bazarda əsas dominantdır və onun vəziyyəti stabil olmalıdır ki, "altcoin"lər rahatlıqla bahalaşa bilsin:

"Çox nadir hallarda bitkoin ucuzlaşarkən bəzi kriptolar bahalaşır. "Coinmarketcap"ə görə 15 min kripto var. Bunlardan bitkoin ucuzlaşarkən bahalaşan kriptonu tapmaq demək olar ki, qeyri-mümkündür. Ona görə də risk etməyə dəyməz. Mən özüm noyabr ayının əvvəlindən bitkoin hələ 64-66 min ABŞ dolları olandan bitkoində korreksiyanın olacağını bildirərək demək olar ki, heç bir əməliyyat aparmamışam. Bununla belə ən azı depoziti qorumaqla bizlər gözə görünməyən gəlir əldə etmişik. Bunun özü də uğur sayıla bilər. Təbii ki, bitkoinin illərlə aşağıda qalmasına inanmıram. Çünki kriptodünya sürətlə inkişaf edir. O baxımdan gələcəyin virtuallığının artması səbəbilə "metaverse" kriptoları dominant olacaqlar".

"Bitkoin ilə bağlı gözləntim odur ki, 48-52 min ABŞ dolları dəhlizində bir müddət qalıb daha sonra qərar verməli olacaq. Bitkoin 29 min ABŞ dollarına kimi enib yada 56-58 min ABŞ dollarına kimi bahalaşıb o kritik həddi qırarsa, o zaman onun ən azı 80 min ABŞ dollarına kimi bahalaşacağını gözləyirəm. Yalnız fundamental olaraq ciddi bir hadisə baş verərsə, bu qısa zamanda olacaq. Ancaq texniki olaraq bunun qısa zamanda baş verəcəyinə inanmıram", - deyə müsahibimiz bildirib.

Fikriniz