Bakı 7˚C Sunny

Lavrovun Qarabağla bağlı tarixi etirafı

Siyasət 11:26 11 apr, 2022

 Ermənistan Azərbaycanla sülh əldə edilməsi üçün yaradılmış işçi qrupda ciddi şəkildə işləməlidir

Lavrovun Qarabağla bağlı tarixi etirafı

Brüsseldə Əliyev nəyə nail oldu? Brüssel sülh gündəliyi yarandı. Birincisi, artıq Bakı – İrəvan formatı yaranır. Təkrar edirik: artıq Minsk Qrupu yoxdur.

Prezident Əliyev Brüsselə iki əsas hədəf ardınca yollanmışdı. Bunlardan birincisi sülh müqaviləsinin işlənməsi idi. Bu məsələ üzrə artıq işçi qrup yaradıldı. İkinci məqsəd sərhədlərin delimitasiyası ilə bağlı idi ki, bu hədəf üzrə də işçi qrupu yaradılması qərara alındı.

Bu məsələlərin Belçika paytaxtında həlli ciddi mahiyyət kəsb edir. Əvvəla, Brüssel dünyanın əsas siyasi-geosiyasi, iqtisadi-geoiqtisadi güc mərkəzlərinin nişanlarından biri, hətta paytaxtıdır. Bu reallıqda isə artıq Dağlıq Qarabağ yoxdur. Dağlıq Qarabağ yoxdursa, deməli, Minsk Qrupu da yoxdur. Minsk Qrupu yoxdursa, deməli, status məsələsi də yoxdur. Bu anlayışların hər 3-ü bir-birilə bağlı idi. Brüsseldə Ermənistan özü də bu reallığı qəbul etdi. Azərbaycanın beş sülh şərtinə Ermənistan artıq “hə” deyir. Amma İrəvansayağı səmimiyyətin dırnaqarası olduğunu bildiyimizdən razılıq verməyin hələ oyun olub-olmadığı növbəti mərhələlərdə bəlli olacaq.

Hadisələrin gedişi Azərbaycanın prinsipial üstünlüklərini və onların həcminin getdikcə genişləndiyini göstərir. Deməli, Ermənistanda anlamalıdırlar ki, Azərbaycan artıq Qarabağı heç kimlə müzakirə etməyəcək. Ya da Azərbaycan öz Qarabağını ancaq ölkədaxili siyasi, hüquqi məkanın bir hissəsi tək öz daxili müşavirə masalarında müzakirə edəcək. Məsələn, Hadrutda üzüm plantasiyalarının vəziyyəti şəklində. Vaxt itirməkdənsə, hansısa əsassız arzulara, illüziyalara qapılmaqdansa, nə qədər ki, gec deyil, Ermənistan Azərbaycanla sülh əldə edilməsi üçün yaradılmış işçi qrupda ciddi şəkildə işləməlidir. Amma ...

Brüssel görüşündən dərhal sonra Ermənistan hesabat vermək və yeni təlimatlar almaq məqsədilə yenə ağalarının yanına getdi. Bir az əvvəl biz Lavrov – Mirzoyan brifinqindən bir kiçik hissə göstərdik. İndi isə jurnalistlərlə o görüşə özünü ifşa faktı kimi yanaşacağıq. Mətbuat konfransından bir daha aydın oldu ki, nə üçün İrəvan Minsk Qrupunun ətəyini, yaxud balağını buraxmaq istəmir. Səbəbi Sergey Lavrov dedi. Bu əslində tarixi etiraf idi. Lavrov ATƏT-in Minsk Qrupunun digər həmsədrlərinin Rusiya ilə əməkdaşlıq etməyəcəyi barədə qərarı elan edəndən sonra belə bir fikir söylədi:

“Bu onların haqqıdır. Əgər onlar Qarabağda, bütünlükdə Cənubi Qafqazda nizamlanma maraqlarını, indiki halda erməni tərəfinin maraqlarını qurban verməyə hazırdırlarsa, bu onların seçimidir”.

Lavrovun dediyindən belə çıxdı ki, Minsk Qrupu adı altında bu 3 dövlət uzun illər bir yerdə məhz erməniləri, onların maraqlarını qoruyurmuşlar. Məntiq belə buyurur. “Əgər onlar Qarabağda, bütünlükdə Cənubi Qafqazda nizamlanma maraqlarını, indiki halda erməni tərəfinin maraqlarını qurban verməyə hazırdırlarsa, bu onların seçimidir. Deməli, Minsk Qrupu ermənilərin maraqlarının qorunması, qurban verilməməsi üçün idi. Minsk Qrupunun əsas mahiyyətini Lavrov öz dili ilə belə açdı. Bir sözlə, Minsk Qrupu öz məhvinə fərman verərək tarixə gömüldü. Və bu Azərbaycan Prezidenti İlham Əliyevin kursunun siyasi-diplomatik təntənəsidir. Bu tarixi reallığın əsası isə 2021-ci il, 14 dekabrında qoyulmuşdu – Brüssel gündəliyində. Əliyevin Brüsselə o səfəri Bakı – Brüssel münasibətlərini tam yeni məzmunda formalaşdırdı.

Bu siyasi-diplomatik mənzərə Azərbaycanın nüfuz və gücünün Avropa və dünya paytaxtlarında həm də Brüssel konteksti sayəsində artmasının nəticəsi idi. Deməli, heç nə təsadüfi deyil. Artıq 4 aya yaxındır ki, biz hər gün, mən isə hər həftə Azərbaycan Prezidenti ilə aparıcı dünya dövlətlərinin intensiv telefon danışıqlarını, elə Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişellə müntəzəm kontaktları şərh edir, izah edirdik, faktlarla nümayiş etdirirdik ki, yeni şəraitin müəllifi Əliyevdir. Artıq yeni bir proses başlayır. Postmünaqişə adlanan proses Ermənistan və Azərbaycanı sülhə aparır, aparmalıdır. Amma burada müəyyən narahatlıqlar da var. Məsələn, Paşinyanın Brüsseldən qayıdandan sonra oxuduğu köhnə bayatılar göstərir ki, Ermənistan hələ ki, ağlını başına yığmayıb. Köhnə sovet televizoru kimi işləyən bu baş ona görə vaxtaşırı qapaz, ya da yumruq istəyir.

Məsələn, ilk növbədə nəqliyyat dəhlizi məsələsində İrəvan badalaq gəlməyə çalışır. Amma qatar yolu relsinə ayaq uzatmazlar. Məşhur bir ifadədir bu rels çilingərləri arasında. Çox güman ki, Ermənistan bu dəfə də geriyə qalmağa çalışır. Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Qarsdan, TAP-dan, TANAP-dan kənarda qaldığı kimi. Ermənistanın növbəti riski özünü yeni nəqıiyyat dəhlizindən kənarda qoymaqdadır. Brüsseldə bu mesaj da Ermənistana çatdırıldı. Şimal nəqliyyat dəhlizi ilə yüklər Rusiya və Belarus istiqamətində gedirdi. Mərkəzi Asiya, Çin və Avropa arasında milyard tonlarla yüklər bu regiondan gəlib keçirdi. Azərbaycan bir hab olaraq onsuz da öz işini görür. Bizim artıq dəmir yolumuz var. Yeni dəmir yolu inşasını Gürcüstanla, İranla davam etdiririk. Ermənistan da bu parçanın tərkib hissəsi ola bilər. Amma nə qədər ki, gec deyil. Çünki heç kim Ermənistanı oturub geosiyasi perronda uzun-uzadı gözləməyəcək.

Beləliklə, yeni şərtləri diktə edən tərəf Bakıdır. Bəzi yerli və xarici ekspertlər belə hesab edirlər ki, Qarabağ mövzusu Rusiyanın inhisarından çıxaraq Qərbin səlahiyyət zonasına keçir. Çünki Rusiya zəifləyir. Bəzi müşahidəçilərə görə Qərb güclənir, ona görə belə alınır və s. Amma Real Təhlil və İnformasiya Mərkəzində belə düşünürlər ki, bu artıq Bakı prosesidir. Kim zəifləyir, kim güclənir, özü bilər. Başlıcası budur ki, Azərbaycan güclənir. Bakı güclənir. Qarabağın qaytarılması, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi Azərbaycanı sülh prosesində əsas söz sahibinə çevirib. İndi “Qarabağ Azərbaycanın daxili işidir” demək – bəlkə də bir az qəribə çıxır. Qarabağ Azərbaycanın DAXİLİ İŞİ deyil, Daxilidir və İşidir! Bax belə…

mənbə