Bakı 20˚C Partly sunny

"Media üçün edilən cəhdlər ölünün temperaturunu ölçmək kimidir" - Arif Əliyev

Eksklüziv 12:08 01 okt, 2021

Media eksperti Arif Əliyev müharibə dövründə Azərbaycan jurnalistikasının fəaliyyətindən danışıb

"Media üçün edilən cəhdlər ölünün temperaturunu ölçmək kimidir" -<span style="color:red"> Arif Əliyev</span>

Ordusu, xalqı, siyasi rəhbərliyi ilə birgə bütün Azərbaycan Vətən Müharibəsi zamanı vəhdət göstərdi. 

Azərbaycan işğalçı düşmənə qarşı birlik göstərərək 30 illik həsrət son qoydu. Bu qələbə bütün xalqın əzmkarlıq nümunəsinə çevrildi və əsrlər boyu yaddaşlara həkk olunacaq. 

Qazet.az “44 GÜN” adlı yeni layihəsində şanlı savaş tariximizin hər bir günü Azərbaycan ziyalılarının yaşantılarını parça-parça, damcı-damcı bir bütövə toplayır. Bu gün 40-cı gündür.

44 GÜN LAYİHƏSİ
 

 

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, media eksperti Arif Əliyev müharibə dövrü və Azərbaycan jurnalistikası haqda fikirlərini Qazet.az-a müsahibəsində açıqlayıb.

 

–  44 gün yaşadığınız əsas hansı fikir sizi tərk etmirdi?
–  Təbii ki, həyəcan. Həmin günlər mənim üçün həyəcanlı keçirdi. Bu həyəcan həm bizim əsgərlərimiz, həm də döyüşün nəticəsi üçün idi. Müəyyən bir mərhələdən sonra artıq qələbəyə, Azərbaycanın döyüş meydanında üstünlüyünə əminlik yaranmışdı. Digər tərəfdən isə narahatçılıq hiss var idi. Rusiyanın bu prossesdə hansı addımı atacağına və Azərbaycana hansı bucaqdan yanaşacağı narahatçılığı məni ilk gündən sona qədər tərk etmədi.

 

–   Bəs müharibə dövründə daha çox hansı hisslər var idi? 
–  Ən birincisi itirilmiş qürurun qaytarılması idi. Bilirsiniz, bizim iş rejimimiz, fəaliyyətimiz elədir ki, biz tez-tez erməni jurnalistlərlə üz-üzə gəlirdik, birgə tədbirlərdə olurduq. Əlbəttə bununla bağlı bizə qarşı hansısa təhqiramiz hərəkət olmurdu. Lakin istənilən halda insan çiynində yük hiss edirdi və istər-istəməz təhqir olunmuş kimi olurdu.  Bu qürurun qaytarılmasına, mənliyimizin bərpasına görə biz əsgərlərimizə borcluyuq və bu ağır işin öhdəsindən gəldiyi üçün böyük bir hissədə dövlətimizə o dəstəyi verməyə hazırıydıq və hər anda hazır olacağıq.

 

–  Bu konfiliktdə dünya jurnalistikası özünü hansı tərəflərdən göstərdi?
–  Təəssüf ki, hər şey onu göstərir ki, dünya jurnalistikası bütövlükdə dərin böhran içindədir. Azərbaycan mediası isə bu böhranın ön cərgələrində addımlayır. Amma bu böhran dünya jurnalistikası üçün əsas xarakter daşıyır. O da jurnalistikanın getdikcə öz mütəqilliyini və tərəfsizliyini itirməsində özünü göstərir. Bir sözlə, dövlətlərin mövqeləri jurnalistikanın mövqeyinə kifayət qədər güclü təsir edib. Biz bunu ən azı Fransa, Rusiya və Türkiyə jurnalistikasının bölgədəki hadisələri işıqlandırarkən mövqelərindən açıq aşkar gördük.
İkinci bir şeyi də qeyd edim ki, istər Azərbaycan, istərsə də dünya jurnalistikasında biz həmişə ekstrimal vəziyyətdə işləməyi öyrədirik, gənc jurnalistlərə müharibələrin işıqlandırılması üçün xüsusi təlimlər keçirik, amma müharibə göstərdi ki, bütün bu təlimlər, bütün keçirilən dərslər o vaxta qədər qüvvədə qalır ki, müharibə sənin qapını döyür. 
Müharibə qapını döydükdə jurnalist də özünü yaşadığı cəmiyyətin bir hissəsi hesab edir. Bu halda peşə borcları və keyfiyyətlərini bir kənara qoyub, vətəndaş borcu icra edilir. Müharibə dövründə biz buna hər gün şahid olduq.

 

–  Müharibə dövründə Azərbaycan mediasında strategiyanı necə qiymətləndirirsiniz?
–  Nə qədər bizə xoş gələn olmasa da, mən deməliyəm ki, heç bir strategiya yox idi. Strategiya yalnız Azərbaycan mediasını tam nəzarətdə saxlamaq, hətta döyüş bölgələrinə gedərək birbaşa çəkilişin qarşısını almaq idi. Bizim medianın strategiyası xarici KİV-lərin arxasınca getməkdən ibarət idi. Baş verən hadisələri ilk olaraq türk jurnalistləri gedirdi, ondan sonra bizimkilər gedib həmin əraziyə çatırdılar.
Azərbaycanın apardığı informasiya müharibəsinin əsas strategiyası Ali Baş Komandanın və ali dövlət rəhbərlərinin çıxışlar üzərində qurulmuşdu. Biz həmin günlərdə bu strategiyanın xeyli uğurlu olduğunu gördük. Medianın daşımalı olduğu vəzifəni Prezidentin müsahibələri bərpa etdi.

 

–  Müharibə zamanı medianın qeyri-fəal işinə nə ad verirsiniz?
– Buna səbəb məhz dövlətin media üçün cızdığı çərçivəni, etimadsızlığı görürəm. Bu etimadsızlıq və çərçivə tək müharibə dövründə deyil, ondan əvvəldə varıydı, bu gün də var. Amma müharibə ərəfəsində özünü bariz şəkildə göstərdi. Bu, Azərbaycan jurnalistikasının öz qüvvəsini itirməsində, qazandığı mövqeləri itirməsində çox mühüm rol oynayır. Bu bilirsiniz nəyə oxşayır, “bir insanı uzun müddət yeriməkdən məhrum edirsən. Sonra isə onu ayaqüstə qoyanda o yıxılır, dayana bilmir”, bax buna bənzəyir və biz bununla tez-tez üzləşirik. Sonra da hökumət şikayət edir ki, bu uşaq niyə yeriyə bilmir.

 

–  Savaşa qədərki Azərbaycan mediası və savaşdan sonrakı media necə olmalıdır?
–  Necə olmalıdır dedikdə, bu bilinən cavabdır. Burada elə də böyük bir şey yoxdur ki, deyək hamıdan ağıllıyıq və problemlərin həlli üçün yeni yol xəritəsi cızacağıq. Media müstəqil deyilsə, o zaman heç vaxt inkişaf edə bilməz. Edilən cəhdlərin hər biri ölünün temperaturunu ölçmək kimi bir şeydir. Çünki medianın inkişafı üçün ona stimul lazımdır. Bu stimulu da cəmiyyət, ictimiayyət, qazanc imkanları verməlidir. Əgər bu imkanlardan media məhrumdursa, stimul yoxdursa, orada inkişaf ola bilməz. Bu isə sadəcə başlanğıç məsələdir.

İkincisi media təhsili tamamilə fərqli şəkildə qurulmalıdır. İndiki media təhsili elə qurulub ki, keyfiyyətli jurnalistlər yetişdirə bilmir. Paralel olaraq KİV-lər özləri də kadrlar yetişdirməlidirlər, amma yoxdur.

Media güclü iqtisadi dayaqlara sahibdir. Bu sahə o qədər dinamik sahədir ki, iqtisadi dayaqları olmadan və daim inkişaf etmədən yarışa, beynəlxalq rəqabətə tab gətirə bilməz. İstər hökümət olsun, istər ictimai xadimlər olsun, vətəndaşlar və biz jurnalistlər vicdanlı şəkildə görürük ki, media sahəsində çox ciddi problemlər var. Bu problemlərin içərisində sağlam struktur, sağlam media yetişdirmək şansını görmürəm.

 

–  Müharibə ərəfəsində hansı resursları izləyirdiz? 
–  Müharibə dövründə deyim ki, doğru məlumat əldə edə bilmək üçün bütün resursları izləyirdim. Bilirsiniz, həmin dövrdə internet problemləri var idi. Mənbələrə çıxışda ciddi problemlər yaşanırdı. Buna görə məlumat alaq deyə hər cür üsuldan istifadə edirdik. Niyə geniş mənbəni götürürdük? Çünki ən adi vəziyyətdə bu saat feyk xəbərlərin sayı pik həddədir. İndi çaşmaq çox asandır, təsəvvür edin müharibə dövründə bu say hansı həddə qalxıb. Ona görə Azərbaycan, erməni, Türkiyə mənbələrindən istifadə edirdim. Əsas da Türkiyə mənbələri, çünki Azərbaycanda informasiya olaraq onlar öndəydilər. Rusiya, bir sıra Avropa mənbələrindən də istifadə edirdim. Kifayət qədər geniş izləməyə çalışırdım, ona görə də, deyə bilmərəm hansısa mənbəyə üstünlük verirdim. Elə bir dövrdən keçdik ki, adam gərək qardaşına da inanmasın, çünki hər görən gözün öz baxış bucağı var. Ona görə də bu informasiyaları əhatəli və geniş öyrənməyə çalışırdıq. Düzgün informasiya olsun, həqiqətin nə olduğunu üzə çıxara bilək. Çünki düzgün qərar yalnız düzgün informasiya əsasında qəbul olunandır. 

 

Dönməz Hüseyin


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.