Bakı 12˚C Partly sunny

"Məhv edilmiş heysiyyatımız bir daha dirçəldi" - Elçin Şıxlı

Eksklüziv 16:30 27 sen, 2021

"Hamı özünü təmizlənmiş, şah duruşda hiss etdi və başını dik tutdu"

"Məhv edilmiş heysiyyatımız bir daha dirçəldi" - <span style="color:red">Elçin Şıxlı</span>

Ordusu, xalqı, siyasi rəhbərliyi ilə birgə bütün Azərbaycan Vətən Müharibəsi zamanı vəhdət göstərdi. 

Azərbaycan işğalçı düşmənə qarşı birlik göstərərək 30 illik həsrət son qoydu. Bu qələbə bütün xalqın əzmkarlıq nümunəsinə çevrildi və əsrlər boyu yaddaşlara həkk olunacaq. 

Qazet.az “44 GÜN” adlı yeni layihəsində şanlı savaş tariximizin hər bir günü Azərbaycan ziyalılarının yaşantılarını parça-parça, damcı-damcı bir bütövə toplayır. Bu gün 44-cü gündür.

44 GÜN LAYİHƏSİ
 

 

Qazet.az “44 Gün” layihəsi çərcivəsində Zəfər tariximizlə bağlı Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlının yaşadığı anları danışdığı müsahibəni diqqətinizə təqdim edir.

“Azərbaycan xalqının, millətinin bir üzvi kimi məndə sevinir və qürur hiss keçiriəm ki,  otuzillik torpaq həsrətindən sonra, işğala son qoyduq və qələbə qazandıq. Allah şəhidlərimizin ruhunu şad etsin, qazilərimizə can sağlığı, döyüşlərdə iştirak edib sağ-salamat evinə dönən qəhrəmanlarımıza daimi xoşbxətlik bəxş etsin. Çünki onlar sayəsində bu gün Azərbaycan qələbə sevincini qürurla qeyd edir”, deyə Elçin Şıxlı qeyd edib.

O, 44 gün ərzində yaşadığı sevinc hissini bildirib: “Hər gün gələn qələbə xəbəri, düşmənin başını əzərək irəliyə getməyimiz barədə aldığımız informasiyalar bizləri sevindirirdi, həmçinin məni də”.

Bizlər üçün əsas qürur hiss keçirdiyimiz an Şuşanın işğaldan azad edilməsi idi. Bununla hamının məhv edilmiş heysiyyat bir daha dirçəldi, hamı özünü təmizlənmiş, şah duruşda hiss etdi və başını dik tutdu”

Elçin Şıxlı
Azərbaycan Jurnalistlər Birliyinin sədri

 

Müsahibimiz Gəncə şəhərinin bombalanması zamanı xalqımızın göstərdiyi əzmkarlığına da toxunub: “Biz Gəncənin vəhşicəsinə bombardman edilməsindən bir neçə gün sonra həmin ərazidə olduq. Təbii ki, o mənzərəni görmək məni sarsmışdı, amma orada başıma gələn bir hadisə məni qürurlandırmışdı. Deməli, evi dağılmış insanlar var idi ki, gəlib dağıntılar altından salamat qalmış yorğan, döşək və digər məişət əşyalarını tapıb götürürdülər. Orada bir nəfər əlində yorğan dayanmışdı, ona yaxınlaşıb soruşduq ki, “bəs necəsən?, vəziyyət necədir?”. O isə çox qürurla cavab verdi ki, “min dənə belə evimiz dağılsın amma ermənin başını əzək, yerinə təzəsini tikərik təki biz irəli gedək, torpaqlarımızı azad edək”. Bu doğrudan da qürurverici məqam idi. Çünki insanların iradəsini heç nə sındıra bilmirdi, mənfur düşmənin kasetli bombası belə”, deyə o, həmin anı danışıb.

 

 

“Zəfər tariximiz yazılan 44 gün müddətində hamı nəsə bir iş görmək üçün çalışırdı. Lakin nə qədər də olmasa jurnalistika sahəsində zəifliyimiz görünən idi. Bu təkcə jurnalistlərimizin günahı deyildi, ümumi bu peşədə zəifliklər var idi”, deyə Elçin Şıxlı 44 günlük müharibə zamanı Azərbaycan jurnalistikasının zəif məqamlarına da toxundu. 

“Gəncə hadisəsi zamanı birbaşa reportajı xarici media nümayəndələri apara bilirdi, amma yerli media nümayəndələrini yaxın qoymurdular. Bizdə olan burokratik əngəllər xeyli jurnalistlərimizin operativ işləməsinə mane olurdu. Bu mənada ki, yerindəcə qərar vermək səlahiyyətinə malik olan, yaxud bu səlahiyyətin altına girə biləcək şəxslər rəsmi və ya hərbi strukturlar tərəfindən yox idi. Onlarda ancaq olmaz, bura girilməz, yaxın durmayın, etməyin deyə fikirlər var idi. Onlar başa düşmürdülər ki, bütün baş verənlər tarixə yazılmalıdır və sənədlərlə, faktlarla sübuta yetməlidir, bu isə jurnalistlərin işidir. Ona görə, mənə elə gəlir ki, müəyyən mənada bizim 44 günlük müzəffər savaşımıza dair əlimizdə peşəkar çəkilmiş lentlər baxımdan kasadçılığımız var. Kimlərsə tərəfindən yaxud əsgərlər tərəfindən telefonla nəsə çəkilib, onlar isə həm keyfiyyətli deyil, həm də peşəkar jurnalist işi deyil”, deyə Elçin Şıxlı vurğulayıb.

“Bu mövzuda xeyli işləməliyik, həm ekstrimal, həm də müharibə şəraitində vərdişlərimiz çox azdır. Daha doğrusu, bu şəraitdə işləyə biləcək jurnalistlərimizin sayı barmaqla sayılacaq qədərdir. Əsas olaraq jurnalistika fakültələrimiz, jurnalistikanı tədris edən qurumlarımız bunları nəzərə almalıdır. Onlar ekstrimal və döyüş şəraitində jurnalistlərin necə işləməli olduğunu hazırladıqları kadrlara öyrətməlidirlər”, deyə Elçin Şıxlı fikirlərini tamamlayıb.

Dönməz Hüseyin


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.