Bakı 13˚C Cloudy

"Mən dərdimi içimdə çəkirəm, kətanda yox" - Sakit Məmmədov

Eksklüziv 17:45 06 okt, 2021

 Türk dünyasının rəssamı olduğuma görə qürur hiss keçirirəm

"Mən dərdimi içimdə çəkirəm, kətanda yox" - <span style="color:red">Sakit Məmmədov</span>

Ordusu, xalqı, siyasi rəhbərliyi ilə birgə bütün Azərbaycan Vətən Müharibəsi zamanı vəhdət göstərdi. 

Azərbaycan işğalçı düşmənə qarşı birlik göstərərək 30 illik həsrət son qoydu. Bu qələbə bütün xalqın əzmkarlıq nümunəsinə çevrildi və əsrlər boyu yaddaşlara həkk olunacaq. 

Qazet.az “44 GÜN” adlı yeni layihəsində şanlı savaş tariximizin hər bir günü Azərbaycan ziyalılarının yaşantılarını parça-parça, damcı-damcı bir bütövə toplayır. Bu gün 35-ci gündür.

44 GÜN LAYİHƏSİ
 

 

Azərbaycan Respublikasının xalq rəssamı Sakit Məmmədov Vətən müharibəsi və "Qarabağnamə" əsəriylə bağlı Qazet.az-a müsahibə verib. 

 

–  Müharibənin başlayacağını gözləyirdiniz? 27 sentyabr günü müharibə xəbərini aldıqda hansı hissləri keçirdiz?
–  Bütün Azərbaycan bilir ki, mən 2016-cı ildə qələbəni çəkmişdim. Həmin zamanlarda torpaqlarımızın geri qaytarılması ilə bağlı heç nə yox idi. Amma mənim inamım varıydı və “Qarabağa qayıdışı” əks etdirdiyim əsəri İngiltərə kraliçəsi II Elizabetə hədiyyə etdim. Həmin əsərdə Qarabağa aid bütün atributları əks etdirmişdim. 
Əgər mənim hansısa bir ümidim olmasaydı, bu rəsmi çəkməzdim. Mən bu arzu, inamla yaşayırdım. Dünyada heç bir ölkə müharibə istəməz, amma biz istədik, çünki torpaqlarımızın düşmən tapdağında olması dözülməz idi. Sülh istəyirdik, 30 ildir danışıqlara gedirdik, amma gördük ki, bunun bir xeyiri yoxdur və tək yolun bu olduğu məlum idi. 
Müharibə başlayanda ən çox sevinən insanlardan biri də mən idim. Düzdür, bir incəsənət nümayəndəsi olaraq bunu istəməməliyəm, amma nə qədər də olsa 30 illik torpaq həsrəti bizlərə bunu istəməyə məcbur etdi. Pikkasoya bir gün sual verirlər ki, “Bu əsəri siz çəkmisiniz?”, o isə generala cavab verir ki, “Xeyr, siz bu müharibəni yaratmısız, mən çəkmişəm”. Eləcə də mən “Qarabağnamə” əsərini çəkirəm. Müharibə olmasaydı, bəlkə də bunu çəkməzdim. Bəzən insanlar hər şeyə adi yanaşır, amma 30 ildə bizim torpaq həsrətimiz, ağrılı günlərimiz məni necə hazırladısa, bütün işlərimi atıb 1 ildir bu əsərin üzərində işləyirəm. Bu qələbə bizim tək arzumuz idi. 
Mənə hər zaman sual verirdilər ki, “Qarabağa aid niyə rəsm çəkmirsiniz?”. Deyirdim ki, “mən məğlubiyyəti çəkmirəm. Məğlub olmağımızı, ağlamağımızı çəkə bilmərəm”. Bu insanların dərdiydi, mən bunu heç bir zaman kətana çəkə bilməzdim. “Mən ancaq qələbəmizi çəkəcəm”, deyirdim və hazırda 1 ildir bunun üzərində işləyirəm. Bunun üçün isə ayrıca olaraq xoşbəxtəm. 
Hələ bir çoxları sual verirdi ki, “bunu necə edəcəksiniz? Necə çəkəcəsiniz?”. Mən isə onlara, ancaq bu cavabı verirdim: “Şuşanı igidlərimiz necə azad etdilərsə, mən də gecə-gündüz əziyyət çəkib həmin əsəri ərsəyə gətirəcəm”. Çünki bu əsər bizim tariximizdir. Burada həm bizim keçmişimiz, həm bu günümüz, həm də gələcəyimiz əks olunub. Ona görə də Qarabağ uğrunda döyüşlərin başlayacağına əminiydim, həmdə çox razıydım ki, artıq müharibə başlasın.

 

–  44 günlük zəfər yolundan sonra qazanılan qələbəmizlə bağlı düşüncələriniz nədir?
–  Mən dünyanı gəzmiş insanam, dünyanın bir çox yerində olmuşam və sərgilərim olub. Hər dəfə Qarabağ mövzusuna gələndə təbii ki, cavab verirdim, amma istər-istəməz onların o ironiyalı atmacalarına artıq dözə bilmirdim. Çünki bizi zəif xalq kimi görürdülər. Çox sağ olsun ki, Ali Baş Komandan, bizim müzəffər ordumuz bizi utanmaqdan qurtardılar. İndi qürur hissilə hər kəsə deyə bilirik ki, bizim ordumuz, bizim qəhrəmanlarımız var və bizlərə qələbə sevincini bəxş ediblər. 
Artıq nə qədər Koroğludan, Babəkdən danışmaq olardı. Birinci və ikinci Qarabağ müharibəsindən bizim qəhərman övladlarımız ortaya çıxdılar, artıq onların adları çəkilir. Əfsanəvi qəhrəmanlardan yox, real gözümüzün qabağında olan qəhrəmanlarımızdan dastanlar yazılır. Bu, bizim üçün qürur hissidir. Mən onları da çəkmişəm. Mən fəxr edirəm azərbaycanlıyam. Türk dünyasının rəssamı olduğuma görə qürur hiss keçirirəm. 
Mən bu yaşa gəlmişəm indiyə qədər dövlətim, vətənim haqqında bu qədər sevgiylə danışmamışam, çünki bunu artıq bütün dünyaya göstərə bildik ki, biz qələbə əzimli millətik. Dünyaya o qədər neft vermişik onun əvəzini görməmişik, nə bilim istedadlı insanlar vermişik, yenə də qədrimizi bilməyiblər. Amma bu dəfə güc yoluyla, yumruq yoluyla bizim gücümüzü gördülər. İndi mən fəxr edirəm ki, Azərbaycanın adı dünyanın ən qabaqcıl ölkələrinin sırasında çəkilir. Azərbaycan artıq şərqin bir məşəlinə dönüşüb.

–  “Qarabağ” tablosunun əksik olan hissəsi varmıydı və həmin hissəni qələbədən sonra tamamlaya bildiniz?
–  Təbii ki, bu başlanğıc idi. Əsərin kiçik bir hissəsi idi. O əsərdə bir işarə varıydı, orada bir atmaca varıydı. Onu bilərəkdən mən kraliçaya hədiyyə etdim. O vaxtı götürüb portretini də çəkə bilərdim, yaxud Bakının hansı gözəl mənzərəsini çəkib verə bilərdim. Amma mən ora Cıdır düzünü apardım. Kraliçayla görüşəndə də dedim bura Cıdır düzüdür. Azərbaycan torpağıdır, Qarabağdır. 
İkinci dəfə kraliçayla görüşəndə ora Novruz bayramını apardım. Baxın bunların hamısı bir siyasətdir. Bizim bütün adətləri nə varsa hamısını həmin əsərdə əks etdirmişdim. Təbii ki, əsas idea, fikirdən başqa əsər özü də gözəl olmalıdır. Bəlkə kraliça ona gözəl bir əsər kimi baxdı, aşiq oldu. Sonra mənasını məndən öyrənməyə başladı. Mən də ona “Xarıbülbül” və onun sirli əhvaltı haqqında danışdım.  


–  İkinci Qarabağ müharibəsi dövrünü necə xatırlayırsınız?
–  Hər şəhidimizlə şəhid düşdüm, döyüşənlərlə isə içimdə döyüşdüm. Bu elə bir hissdir ki, bunu dildə demək olmur. Təsəvvür edin ki, ən əziz insanlarım olub ki, dünyadan köçüb, amma mən bir damcı göz yaşı axıtmamışam, amma döyüş zamanı bir torpağımız işğaldan azad edildikdə sevincdən ağlayırdım. Qürur hissi keçirirdim. 
İnsanlarda birliyi hiss etdim. Müharibə zamanı ondan öncə və hazırda da xalqımız birlik nümayiş etdirir. Küçələrə axışan insanlar, sevinc sədaları, alqış səsləri, heç kim baxmadı ki, xəstəlik var küçələrə çıxıb qələbə sevincini qeyd etdi. Artıq bu böyük bir sevinc idi, böyük bir hissiyat idi. Nə yaxşı ki, bizim belə biri müzəffər ordumuz, belə bir güclü dövlətçiliyimiz var.


–  Qələbə qazanmağımıza baxmayaraq cəmiyyətdə bəzi narazılıqlar var. Bununla bağlı nə düşünürsüz?
–  Bəzən kimlərsə nədənsə narazı olurlar. Narazı olmaq istəyi inkişaf etmiş ölkələrdə də var.  Amma təsəvvür edin ki, 30 yaşında bir gəncdən lap 20 yaşında deyək, çünki 10 il bundan öncə də narazıydılar. 20-25 yaşında gəncədən nə tələb olunur?! Ancaq öyrənmək. Azərbaycan gənc bir ölkə, dövlətdir. Gənc dövlət, bu gücü topladı və dünyada belə bir hörmət qazandı. Bundan artıq nə istəmək olar?! 10-20 ildən sonra hər şey daha da yaxşı olacaq. Narazılığa qalsa, hər kəs narazı ola bilər.
Demək birindən xoşun gəlirsə, onun pis əməli də sənin xoşuna gələcək. Birindən xoşun gəlmirsə, o nə qədər yaxşılıq etsə də xoşun gəlməyəcək. Bu həyatın, təbiətin qanunudur. Ona görə də qələbədən sonra nədənsə narazı olmaq böyük bir eybəcərlikdir, cəmiyyətimizdə belə bir şey olmamalıdır. Sözsüz ki, tədricən hər şey düzələcək, sadəcə baxır bu narazılığa hansı tərəfdən baxmağınıza. 
Pikassonun gözəl bir sözü var: “İnsanlar arasında da əsərlər kimi kopya daha çoxdur, nəinki orjinal”. Ona görə də insanlar bilmədiyi haqqında bir çox şeylər danışır. Biri tərif edirsə, hamı tərif edir. Biri pisləyirsə, hamı pisləməyə başlayır. 
Hər bir ailə bir dövlətdir. Hər ailə öz dövlətini inkişaf etdirsə, təhsil versə, uşağını tərbiyə edib öyrətsə, o zaman cəmiyyət də düzələcək. Hər şey yaxşıdır və bundan sonra daha da yaxşı olacaq.

Bir dəfə sərgimdə İstanbulun əvvəlki bələdiyyə başqanı Bədrəddin Dalan mənə sual verdi ki, “sənin dərdin yoxdur? Dedim, bu sualı niyə verdiniz? Dedi ki, əsərlərdəki əlvan rənglər adama gülür. Dedim, mən dərdimi içimdə çəkirəm, kətanda yox”. Hər kəsin dərdi var. Övladı dünyadan köçən ananın qarşısında övladdan danışsan təbii ki, ananın ürəyi partlayar. Olanları unutdurmaq, onu şən etməyə çalışmaq lazımdır. Eləcə də digər sahələrdə də belədir. Bizim 30 ildir bundan böyük dərdimiz yoxuydu və bu da həll oldu. Bir insan bundan artıq nə istəyə bilər.

Rəssamlar arasında da elələri var. Bir şey olan kimi dövlətdən istəyirlər. Bəzən deyirəm ki, Allah sənə istedad verib və sən heç bir zaman dövlətdən nəsə istəməli deyilsən, habelə sən ona nəsə verməyə çalışmalısan. Çünki sən bir mədəniyyət adamısan, nümunəvi şəxssən və sənə yaraşmaz. 
Mən bir rəssam kimi danışıram və açığı fəhlə ailəsində böyümüşəm. Özünüz də görürsünüz ki,  necə gözəl əhval-ruhiyyəylə danışıram. 
O qədər jurnalist yığıb mənə elə suallar verib ki, heç yaxşı suallar verilməyib. Məncə mənim sevinclə cavab verdiyim bu müsahibə oldu. Çünki burada məntiq, məna var. Artıq bizim yaşam tərzimiz olub, 30 il və sonda qazandığımız qələbə. Ona görə də bunun yekun söhbətini etmək mənim üçün şərəfdir.

 

Dönməz Hüseyin


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.