Bakı 17˚C Sunny

"Dövlətin mənə olan etinasızlığından narazıyam" - Qocaman sənətkar

Eksklüziv 17:26 24 noy, 2021

“Mən də vaxtında pis yollara düşsəydim, bu cür həyat yaşamazdım”, deyə bildirən Elmira Əliyeva dövlətin ona olan etinadsızlığında narazıdır

"Dövlətin mənə olan etinasızlığından narazıyam" - Qocaman sənətkar

“Lalə qızlar” ansamblının ilk solistlərindən biri olan Elmira Əliyevanın səhhətilə bağlı son zamanlar sosial mediada məlumatlar yayılıb. Elmira Əliyeva uzun illərdir ki, ürək çatışmazlığından əziyyət çəkir və hazırda 5 nömrəli şəhər xəstəxanasında müalicə olunur. Yayılan məlumatlara görə, Elmira xanımın səhhəti yaxşı deyil və bu müddətdə dövlət tərəfindən heç bir dəstək almayıb. 

Bununla bağlı Qazet.az sözügedən xəstəxanaya baş çəkib və Elmira Əliyevanın səhhətilə maraqlanıb.

“Bir çox yerlərdə mənim adımdan yazılar verdilər ki, bəs Elmira Əliyeva 5 nömrəli xəstəxanadan şikayətçidir, amma bu elə deyil. Mən xəstəxanadan yox, dövlətin mənim kimi seçilən sənətkara qarşı olan etinasızlığından narazıyam”, deyə Elmira xanım bildirib.

Eyni zamanda, Elmira xanım sosial vəziyyətinin də qənaətbəxş olmadığını bildirib: “Bu günə kimi mənə nə ad, nə ev, nə də hansısa yardım verilməyib və həmişə susmuşam. Bu gün mənim tək gəlirim aldığım pensiyadır. Mənə baxan balaca oğlum isə günə 10 manata işləyir. Belə az bir gəlirlə nə dərman ala bilirəm, nə də dolana bilirəm. Niyə mənə heç bir yardım etmirlər, yalandan yazıblar əməkdar artisti, hanı sənədlər, hanı mənə verilən ad? Onların heç biri yoxdur, dövlətdən tək istəyim mənim kimi sənətkara qarşı etimadsızlıq etməsin”.

“82 yaşındayam, iki oğlum var. Şəraitsizlikdən heç birini evləndirə bilməmişəm. Bu gün sabah mən ölüb gedəcəm, ən azından son günlərimdə dövlət bir yardım etsin. Vaxt olub ki, həftələrlə ac qalmışam. Heç bir şeyim yoxdur, olsaydı belə əlacsız vəziyyətdə olmazdım. Əgər mən də vaxtında pis yollara düşsəydim, sevgililərim olsaydı, bu cür həyat yaşamazdım. Pis yollara çəkmək istədilər məni, getmədim deyə yolumu kəsdilər", deyə Elmira Əliyeva diqqətimizə çatdırıb 

Elmira xanımın səhhətilə bağlı həkiminin fikirlərini aldıq. Onun sözlərinə görə, Elmira xanım uzun zamandır ki, ürək çatışmazlığından əziyyət çəkir və bu müddət ərzində müalicəsi 5 nömrəli şəhər xəstəxansında aparılıb: “Hazırda Elmira xanım səhhətilə bağlı ciddi narahatlıqlar yaşayır. Sonuncu dəfə xəstəxanaya gətirildik, vəziyyəti ürəkaçan deyildi. Amma artıq onun iradəsi və səylərimiz nəticəsində qənaətbəxş nəticə əldə etmişik. Amma buna baxmayaraq, biz Elmira xanımı evə yola salmalı olduğumuz halda bunu etmirik. Buna səbəb isə Elmira xanımın yaşadığı evin şəraitinin onun xəstəliyi üçün pis olması və evdə ona baxacaq şəxsin olmamasıdır”.

Məsələylə bağlı Mədəniyyət Nazirliyinə sorğu göndərdik, lakin sorğumuza heç bir cavab verilməyib.

Dönməz Hüseyin