Bakı 10˚C Sunny

Meymunçiçəyi heyvanlardan və insanlardan təmas yolu ilə keçə bilir

Cəmiyyət 14:37 01 iyl, 2022

Ümumdünya Səhiyyə Təşkilatı bildirib

Meymunçiçəyi heyvanlardan və insanlardan təmas yolu ilə keçə bilir

Dünya koronavirusla mübarizə apararkən yeni epidemiya ehtimalı iddiası səhiyyə qurumlarını hərəkətə gətirib.

Qazet.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ilin əvvəlindən meymunçiçəyinə dünyanın 50 ölkəsində yoluxanların sayı 3,4 mini keçib. Bir yoluxmuş şəxs dünyasını dəyişib. Ən çox yoluxma Avropa ölkələrində - 86 faiz- qeydə alınıb. Eyni zamanda, bu yaxınlarda aşkar edildiyi ölkələrdə, əsasən, kişilər xəstələnir.

Bundan əvvəl, Ümumdünya Səhiyyə Təşkilatının meymunçiçəyi ilə mübarizə komitəsi belə nəticəyə gəlib ki, xəstəliyin yayılma miqyası hal-hazırda ictimai səhiyyədə beynəlxalq narahatlıq doğuran fövqəladə hal deyil.

Ümumiyyətlə, meymunçiçəyi virusu tam olaraq nədir, hansı simptomları göstərir?

İlk dəfə 1958-ci ildə Kopenhagendə (Danimarka) Dövlət Serum İnstitutunda aşkar edilən virusun müalicəsi və uyğun peyvəndi yoxdur. Bununla belə, çiçək xəstəliyinə qarşı peyvəndin meymunçiçəyinin qarşısının alınmasında 85% effektiv olduğu sübut edilib.

Mütəxəssislər bildirirlər ki, virusun ən çox görülən simptomları arasında qızdırma, titrəmə, əzələ ağrısı və yorğunluq var. Meymunçiçəyi virusu olan insanların əksəriyyətində yüngül xəstəlik olur. Ancaq hər 100 hadisədən biri ölümcül ola bilər.

2003-cü ildə ABŞ-da yayılma nəticəsində 47 nəfər ölüb. Dəri qabarcıqlarına səbəb olan nadir tropik xəstəliyə meymunlar, siçovullar, dələlər və digər kiçik məməlilər tərəfindən yayılan virus səbəb olur.

Kiçikmiqyaslı meymunçiçəyi epidemiyaları tropik Afrikada müntəzəm olaraq baş verir. Meymunçiçəyi virusu insanlara virusa yoluxmuş heyvanla təmasda və ya xəstə heyvanların dişləməsi ilə ötürülür.

Yeri gəlmişkən, meymunçiçəyi virusunun gözləniləndən daha sürətlə təkamül etdiyi aşkarlanıb. Bu barədə Portuqaliyanın Dutor Rikardo Xorxe adına Milli Sağlamlıq İnstitutunun alimləri apardıqları tədqiqatlardan sonra bildiriblər.

Qeyd olunub ki, genetik analiz virusun gözləniləndən 6-12 dəfə yüksək sürətlə mutasiyaya başladığını göstərib. Patogenin sürətlənmiş dəyişməsi onun insanlara yoluxmasının yeni bir yolunu inkişaf etdirdiyinin sübutu sayılıb.

Onun insandan insana yaxın təmasdan və ya hava-damcı yolu ilə keçdiyi güman edilir.

Bəzi mutasiyalar virusun insanın immun sisteminə təsiri ilə əlaqələndirilir.

Qeyd edək ki, meymunçiçəyinin iki əsas növü məlumdur: Qərbi Afrika çiçək xəstəliyi və Konqo hövzəsinin çiçək xəstəliyi - birincisi daha az ölümcüldür. Əvvəlki araşdırmalardan o da məlum olub ki, meymunçiçəyi kimi viruslar adətən ildə bir və ya iki dəfə mutasiyaya uğrayır.