Bakı 16˚C Partly sunny

Milli Məclisdə Qarabağ Regional Mədəniyyət Mərkəzinin yaradılması təklif edilib

Siyasət 14:35 11 okt, 2021

Bunu deputat Aqil Abbas parlamentin bu gün keçirilən plenar iclasında deyib

Milli Məclisdə Qarabağ Regional Mədəniyyət Mərkəzinin yaradılması təklif edilib

“Mədəniyyət Nazirliyinin başı ayrı işlərə qarışıb. Möhtərəm Prezident Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib. Ancaq Şuşanın Mədəniyyət Mərkəzi yoxdur”.

Qazet.az-ın xəbərinə görə, bunu deputat Aqil Abbas parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, Sumqayıtdan nə bir muğam oxuyan, nə də tarzən çıxıb: “Şuşa Mədəniyyət Mərkəzi Sumqayıtdan ayrılmalıdır. Bu nə deməkdir? Yeni mədəniyyət naziri var. Baxsın, görüsün. Bu gün Şuşa yenidən tikilir. Camaat da yenidən evlərinə qayıdacaq. Belə çıxır ki, onlar yenidən Sumqayıta qayıdacaqlar? Mədəniyyət Nazirliyi Şuşa Mədəniyyət Mərkəzinin fəaliyyətini bərpa etsin”.

Milli Məclisin sədri Sahibə Qafarova isə deyib ki, Şuşa işğaldan azad edilib və bütün qurumlar da yerinə qaytarılacaq.

Deputat Elman Məmmədov da təklif edib ki, Qarabağ Regional Mədəniyyət Mərkəzi yaradılsın: "Həmin mərkəz isə Şuşada yerləşdirilsin".