Bakı 14˚C Mostly sunny

"O gündən qələbəyə kökləndim" - Güllələnmiş heykəllərin müəllifi

Eksklüziv 19:01 26 okt, 2021

"Gördüyüm, bildiyim Şuşadan heç nə qalmamışdı"

"O gündən qələbəyə kökləndim" - <span style="color:red">Güllələnmiş heykəllərin müəllifi</span>

Ordusu, xalqı, siyasi rəhbərliyi ilə birgə bütün Azərbaycan Vətən Müharibəsi zamanı vəhdət göstərdi. 

Azərbaycan işğalçı düşmənə qarşı birlik göstərərək 30 illik həsrət son qoydu. Bu qələbə bütün xalqın əzmkarlıq nümunəsinə çevrildi və əsrlər boyu yaddaşlara həkk olunacaq. 

Qazet.az “44 GÜN” adlı yeni layihəsində şanlı savaş tariximizin hər bir günü Azərbaycan ziyalılarının yaşantılarını parça-parça, damcı-damcı bir bütövə toplayır. Bu gün 15-ci gündür.

44 GÜN LAYİHƏSİ
 

 

Azərbaycan xalq rəssamı, Şuşadakı güllələnmiş heykəllərin müəllifi Xanlar Əhmədov Vətən müharibəsi xatirələri və Şuşada yenidən canlanmış heykəllərlə bağlı Qazet.az-a müsahibə verib.

 

–  Müharibənin başladığı 27 sentyabr tarixini, 44 günlük Vətən müharibəsini və zəfərin qazanıldığı 9 noyabr tarixini necə xatırlayırsınız?
–  Əvvəlcə deyim ki, 27 sentyabr mənim böyük oğlumun doğum günüdür. Biz bunu eşidəndə ailəvi olaraq çox sevindik. Çünki həmin gün hər bir azərbaycanlı evində necə sevincə qərq olurdusa, bizdə də eyni sevinc oldu. (Həyəcanlı gülüşlə sözünə davam etdi)
Bir heykəltəraş, rəssam kimi əlbəttə Birinci Qarabağ müharibəsindən sonra ağrılı günlər yaşamış və bunu əsərlərimdə daim əks etdirmişəm. 27 il ancaq əsərlərimdə bədbinlik əks etdirirdim. Amma həmin gün mənim üçün hər şey dəyişmiş oldu və mən yeni bir mövzuya, qələbəyə köklənmiş oldum. Mənim üçün bundan xoş başqa bir an ola bilməzdi.

Xanlar Əhmədov və Polad Bülbüloğlu - Bülbülün ev muzeyi


–  Bir sənətkar kimi necə görürsünüz, qazanılan qələbə Azərbaycan xalqına nələr bəxş etdi?
–  Mənə elə gəlir ki, başımızın dik durmağı qayıtdı, qozbelliyimiz getdi. Artıq biz məğrur xalqıq. Belə baxanda tarixdə İkinci Qarabağ müharibəsi kimi bir müzəffər qələbəmiz olmayıb. Ona görə də mən düşünrəm ki, məhz Qarabağın qayıdışı Azərbaycan xalqına qələbəylə yanaşı, dik duruşunu və öz gücünə inamı geri qaytarmış oldu.

Xanlar Əhmədov müəllifi olduğu güllənmiş heykələrin qarşısında 

–  Şuşaya səfəriniz zamanı hansı hisslər keçirdiniz? Xatirinizdə olanları bizimlə bölüşsəniz, xoş olar. 
–  Qeyd edim ki, Şuşada qələbədən sonra ilk qoyulan heykəllərin müəllifi mənəm. Ali Baş Komandan və Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Üzeyir Hacibəyov, Natavan, Bülbülün heykəllərinin açılışında iştirak edib. Məhz həmin gün böyük qürur hiss keçirdim. 

Həmin heykəllər nə yaxşı ki, düşmən tərəfindən məhv edilə bilmədi və yenidən öz yerlərinə qaytarıldı. Düzdür, böyük çətinliklərlə həmin heykəlləri geri aldıq, ilk vaxtda belə fikir yaranmışdı ki, həmin heykəlləri bərpa edib qoyaq, amma mən bir müəllif kimi etiraz etdim. Çünki bu tarixi yaddaşdır və heç bir halda ona əl vurmamalıyıq. Məhz bununla da göstərdik ki, vandal düşmənimiz sadəcə insanlara, təbiətə qarşı deyil, incəsənət və mədəniyyətə qarşı da bu vandallığı edib.
Bundan başqa Bülbülün ev müzeyinin giriş qapısındakı xatirə lövhəsini də mən hazırlamışdım, amma əfsuslar olsun ki, o da yox idi. Polad bəy zəng etdi ki, bunu bərpa etməliyik və mən də onu böyük məmnuniyyətlə yenidən bərpa etdim. 

Bülbülün ev müzeyi

Mən həmişə demişəm, uşaqlığım Şuşada keçib. Mənim Bakıda doğulmağıma, bakılı olmağıma baxmayaraq, ana tərəfim şuşalı olduğu üçün hər il yayda Şuşaya gedirdim. (Gülür) Ona görə Şuşaya qarşı məndə ayrı bir doğmalıq var idi. İlk dəfə Şuşaya getməyim mənə ağır təsir etdi. Sanki ruhlar şəhərinə düşmüşdüm. Bir boşluq var idi. Gördüyüm, bildiyim Şuşadan heç nə qalmamışdı, sakitçiliyə qərq olmuşdu. Adi havanın özündə belə tutqunluq var idi. (Dərindən nəfəs aldı və davam etdi) Yenə də inanıram ki, Şuşa öz çal-çalarlı günlərinə geri dönəcək.

Xanlar Əhmədovun emalatxanası

–  Şuşanı bir mədəniyyət paytaxtı olaraq necə təsəvvür edirsiniz?
–  Bu olacaq, Şuşa Azərbaycan mədəniyyət tarixində böyük yer tutur. Birinci Qarabağ müharibəsindən öncə də Şuşada Azərbaycanın böyük intellektualları görüşürdülər və hər yay orada olurdum. Orada mədəniyyətin inkişafına və Şuşanın onunla birgə füsünkarlığına şahid olurdum. Şuşa yenidən mədəniyyət paytaxtına çevriləcək və əvvəlki tarixi mədəniyyətini özünə qaytaracaq.

Xanlar Əhmədov - “Məğlubedilməz”

–  Əsərlərinizdə qazanılan qələbəni və erməni vandalizmini dünya ictimiayyətinə çatdırmaq üçün hansısa layihələr üzərində işləyirsinizmi?
–  Düzünü desək, hazırda elə bir yaş dövründəyəm ki, sabah nə olacağını bilmək olmaz.(Ağır təbəssümlə dedi) Amma bunu deyim ki, bu barədə bir çox işlər görülüb, tək mən tərəfdən deyil, bir sıra sənətkarlarımız ki, lazımi işləri etməyə çalışırlar. Digər tərəfdən isə bir heykəlin, rəsm əsərinin yaranması müəllif tərəfindən çox böyük süzgəcdən keçir. Ona görə bunu kənardan izləyib, süzgəcdən keçirib sonra işləmək lazımdır. Şuşamız da mədəniyyət paytaxtına tam çevrildikdən sonra bütün rəssam və heykəltəraşlar bundan ilhamlanıb daha çox işlər görə biləcəklər.

Xanlar Əhmədovun emalatxanası

–  Bəs siz Şuşaya bir heykəl həsr etmək istəsəniz, o hansı heykəl olar?
–  O barədə biz düşünürük. Lakin unutmayaq ki, bu rəsm əsəri deyil ki, gətirib divardan asdı, bitdi. İlkin olaraq, heykəl üçün yer seçilməlidir. Hər bir şey tam hesablanıb, nəzərə alınmalıdır ki, layiqli iş alınsın. 
Mənə elə gəlir ki, yaxın günlərdə biz yenidən Şuşaya gedəcəyik və həmin zaman tam fikir olacaq ki, nə edə bilərəm. Heykəl elə bir şeydir ki, o ətrafla, mühitlə, ərazilə bağlıdır. Artıq o, özü “sən nə etməlisən”, deyə heykəltəraşa diqtə edir. Bu gələcəyin işləridir, amma yaxın gələcəyin. 

Dönməz Hüseyin


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.