Bakı 13˚C Mostly sunny

"O zaman mən sanki yuxudan ayıldım..." - Heydər Mirzə

Eksklüziv 16:01 20 okt, 2021

Şuşanın azad olunması, qələbə sevincini biz o an hiss etmirdik

"O zaman mən sanki yuxudan ayıldım..." - <span style="color:red">Heydər Mirzə</span>

Ordusu, xalqı, siyasi rəhbərliyi ilə birgə bütün Azərbaycan Vətən Müharibəsi zamanı vəhdət göstərdi. 

Azərbaycan işğalçı düşmənə qarşı birlik göstərərək 30 illik həsrət son qoydu. Bu qələbə bütün xalqın əzmkarlıq nümunəsinə çevrildi və əsrlər boyu yaddaşlara həkk olunacaq. 

Qazet.az “44 GÜN” adlı yeni layihəsində şanlı savaş tariximizin hər bir günü Azərbaycan ziyalılarının yaşantılarını parça-parça, damcı-damcı bir bütövə toplayır. Bu gün 21-ci gündür.

44 GÜN LAYİHƏSİ
 

 

Azərbaycanın hərbi jurnalisti, hərbi analtik Heydər Mirzə İkinci Vətən müharibəsi zamanı yaşadıqları və Azərbaycan jurnalistikasının vəziyyətilə bağlı Qazet.az-a müsahibə verib.

 

–  44 günlük zəfər tarixini necə xatırlayırsınız?
–  Şəxsən mənim yadımda44 günlük Vətən müharibəsi bir tərəfdən gələcəyinə bir saniyə belə tərəddüd və şübhə etmədiyim haqq-ədalət davası, digər tərəfdənsə ən şirin yuxumda belə ağlıma gətirə bilmədiyim bir nağıl kimi qaldı. Bilmirəm Ulu Tanrıdan mənə nə qədər həyat sürmək qismət olacaq, lakin həyatımın qalan hissəsini o 44 günü təkrar-təkrar yaşamağa vermək üçün bir an belə düşünməzdim.

Heydər Mirzə - Xudafərin körpüsü

–  Qələbə sevinci hər bir insanda fərqli oldu. Bəs siz Şuşanın 30 ildən sonra qayıtmasını necə qarşıladınız?
–  Bilirsiniz, müharibə dövrü bütün xalqımız üçün bir sınaq oldu. Həmçinin bizim üçün də. Bütün Azərbaycan mediası öz işini bacardığı və bacardığından artıq gördü. Yadımdadır ki, artıq bizim hərbi qüvvələr Şuşa yaxınlığına çıxdıqda çəkliş qrupumuz Bakıya geri çağrıldı. Artıq aydındır ki, qələbəyə 3-4 günün qalıb, 36 günlük ezamiyyətdən sonra bizi geriyə çağırdılar. Çünki o günlərdə Bakıda daha çox lazım idik. İş o qədər idi ki, açığı Şuşanın azad olunması, qələbə sevincini biz o an hiss etmirdik. Həmçinin bir məqam da varıydı ki, cəbhə adrenalini və emosiyalarından sonra Bakıdakı hisslər, müqayisədə adama bir qədər küt gələ bilirdi. Şuşa azad olunan gün, kapitulyasiya gecəsi mən İctimai Tv-də iş başındaydım. Sanki bir kaleydoskop idi və nəsə hiss etməyə vaxtımız yox idi. O studiya, bu studiya, əyin-baş dəyiş, yenidən çəkiliş, yenidən montaj. Yalnız “Qələbə” paradı günü, mənə deyildikdə ki, “Heydər, bu gün sən İctimai TV-nin birbaşa yayımında bu tarixi paradı şərh edəcəksən...”. O zaman mən sanki yuxudan ayıldım... Nə bilim, sözlər kifayət etməz bunları izah etməyə...    

Döyüşlər zamanı aparılan çəkilişdən

–  Apardığınız informasiya müharibəsində qarşılaşdığınız ən çətin anlar hansılar idi?

–  İnformasiya müharibəsində rastlaşdığım ən çətin anlar düşmənin bacarığı, fərasəti, fəaliyyəti və sairlə deyil, bizim özümüzün buraxdığımız səhvlər, zəifliklər, diqqətsizliklərlə və ən çoxu da geniş kütlənin, əhalinin, ortastatistik sadə bir insanın həqiqəti yalandan bəzən nəinki ayırmaq istəyib istəməməsindən, çox vaxt buna həvəsi belə olmamasından irəli gəlir. Təbii ki, dövlət sirri təşkil edən bir çox məqam var ki, onları açıqlaya bilmərəm – informasiya müharibəsi sahəsində işim İctimai TV-də deyil, uzun illər öncə Prezidentin yanında Straterji Araşdırmalar Mərkəzində başlayıb. Əslində bu uzun və mürəkkəb mövzudur, ayrıca söhbət tələb edir.

Heydər Mirzə

–  Azərbaycan hərbi jurnalsitikasının əsas qüsurları hansılardır və buna səbəb nə görürsünüz?

–  Bir daha deyim, biz 44 günlük müharibə haqda danşırıqsa, hesab edirəm ki, mövcud şəraitdə, mövcud imkanlarla Azərbaycan jurnalistikası bacardığı qədər deyil, bacardığından çoxunu etdi. Bu haqda dərinə getdiyim zaman, özümü də öyməyim kimi görünə bilər, ona görə istəmirəm. Ön xəttdən danışırıqsa, təbii ki, fərdi cəsarətdən və peşəkarlığından asılı olaraq müxtəlif jurnalistlər iş zamanı müxtəlif üslublara üstünlük verdi. Hərçənd ki, qüsurlar da ola bilərdi, amma mövzu Vətən sevgisi və fədakarlıqdırsa, orada nəinki hər bir jurnalist, hər bir operator, hər bir sürücü, hər bir texniki yardımçı gözünü qırpmadan həyatını qurban verməyə hazırıydılar. Müharibədən sonra düşmənin iyrənc təxribatı: mina partlaması nəticəsində şəhid olan iki həmkarımız, Məhərrəm və Sirac, bunu bir daha sübut etdilər. Mənim zənnimcə, ümumən dedikdə jurnalistikamızın əsas qüsuru təhsil və intelekt səviyyəsinin aşağı olmasıdır.


–  Hərbi-konflikt jurnalistikasının 3 əsas prinsipini formalaşdırsaydınız necə ifadə edərdiniz?
–  Düşünmürəm ki, nə vaxtsa konkret olaraq üç prinsip haqda düşünmüşəm. Açığı sual məni bir az hazırlıqsız yaxaladı. Şəxsən mənim həyatım bu müharibədən əvvəl və sonraya dəyişdi. Mənim üçün heç vaxt heç nə əvvəlki kimi olmayacaq. Sanki adam özünü kliniki ölüm yaşayaraq, həyata qayıdan, lakin buna heyfslənən birisi kimi hiss edir. Hərbi jurnalistika təcrübəsinə gəldikdə, məncə bunun tam şəkildə dərk və həzm edilməsi zaman tələb edir. Hal-hazırda hərbi jurnalistika korpusunun buna vaxtı yoxdur – müharibə bitsə də, informasiya müharibəsi davam edir. İstisna deyil ki, əldə olunan təcrübə əsasında jurnalistikamızın bu 44 gün ərzində özünə məxsus spesifik prinsipləri də ortaya çıxa bilər. 

 

Dönməz Hüseyin


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.