Bakı 21˚C Sunny

"Orada mədəniyyəti boğub, məhv edən düşmən ünsürü var" - Arif Hüseynov

Eksklüziv 22:01 27 okt, 2021

“Bu dağıntılar vəhşiliyin nəticəsidir və bunu edən insan varlığı var, o da Azərbaycanın düşmənidir”

"Orada mədəniyyəti boğub, məhv edən düşmən ünsürü var" - <span style="color:red">Arif Hüseynov</span>

Ordusu, xalqı, siyasi rəhbərliyi ilə birgə bütün Azərbaycan Vətən Müharibəsi zamanı vəhdət göstərdi. 

Azərbaycan işğalçı düşmənə qarşı birlik göstərərək 30 illik həsrət son qoydu. Bu qələbə bütün xalqın əzmkarlıq nümunəsinə çevrildi və əsrlər boyu yaddaşlara həkk olunacaq. 

Qazet.az “44 GÜN” adlı yeni layihəsində şanlı savaş tariximizin hər bir günü Azərbaycan ziyalılarının yaşantılarını parça-parça, damcı-damcı bir bütövə toplayır. Bu gün 14-cü gündür.

44 GÜN LAYİHƏSİ
 

 

Azərbaycanın Xalq rəssamı Arif Hüseynov Qarabağ müharibəsi və “Qarabağnamə” silsiləsilə bağlı Qazet.az-a müsahibə verib.

 

–  44 günlük Vətən müharibəsi sizin üçün hansı mənanı ifadə edir?

–  Bir çox insanlar bilirlər, mən hardasa 5 ildir “Qarabağnamə” silsiləsi edirəm. 2019-cu il fevralın 26-da sərgimi açdım və həmin gün bir çox jurnalist mənə sual verdi: bundan sonra “Qarabağnamə” silsiləsi bitdi?. Mən isə dedim, bitməyib və əlavə etdim ki, qələbə qazanıldıqdan sonra bu bitəcək. Heç ağlıma gəlmirdi ki, 1 ildən sonra müharibə başlayacaq və Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək. Həmin günlərdə hər bir azərbaycanlı xüsusi maraq içindəydi. Mən də Şuşanın azad edilməsindən sonra 5 dənə əsər yaratdım. Bunu etməkdə məqsədim “Qarabağnamə” silsiləsini tamalamaq idi. Həmin günlərdə keçirdiyim hissləri, qələbənin verdiyi ruh yüksəkliyini sözügedən əsərlərimdə əks etdirdim. Ancaq sonra gördüm ki, bu iş hələ tamamlanmayıb. Müharibə bitdikdən sonra mən Ağdama getdim. Həmin günü müharibəyə, Qarabağa həsr etdiyim işlərimi dağıdılmış binalar qarşısında nümayiş etdirdim. Həmin uçmuş binaları, dağıdılmış Ağdamı gördükdən sonra mən dedim ki, Qarabağ yaradıcılığımda hələ çox yer alacaq. 

Müharibədən sonra artıq ayrı bir təəssürat gəldi, qələbə duyğusuyla yeni əsərlər işləməyə başladım. Mən bunu edirəm ki, tariximizi gələcəyə daşıya bilək. Bununla haqq savaşımızı sadəcə bizlər yox 2 il bundan sonrakı nəsil yox, daha sonrakı nəsillər də bilsin.

Novruz bayramı - Arif Hüseynov

–  Yaradıcılığınızda Azərbaycan mədəniyyətinə xüsusi önəm verirsiniz, burada Qarabağ hansı halda rol alır və yaradıcılığınızın əsas misyası nədir?

–  Düzdür, mənim əsas yaradıcılığım Azərbaycanın folklorlarıyla bağlıdır, amma Qarabağın da xüsusi yer alır. Mən hər zaman əsərlərimdə tarixi digər nəsillərə ötürməyə çalışıram. Misal üçün, Novruz bayramına xas bir xeyli əsərlərim var ki, məhz orada Azərbaycan mədəniyyətini, adət-ənənələrini gələcək nəsillərə aşılamaq əhəmiyyətli tariximizi əks etdirmişəm. Bunu deməkdə məqsədim odur ki, yaradıcılığımda ümumi olaraq Azərbaycan tarixini ifadə edirəm. Dəyərlərimizi vizual sənətdə əks etdirmək mühümdür, çünki vizual sənət hər zaman yaddaşda qalır. Misal üçün, Qobustanda olan qaya üstündəki əsərlər, Leonardon da Vincinin klassikləri, Əzim Əzimzadənin əsərləri ki, bu gün biz onlardan bir çox məlumatlar əldə edirik. Məhz mənim də məqsədim odur ki, yaradıcılığımla insanlarda vizual da olsa düşüncə yaradım. Həmçinin mənim üçün bir qürurdur ki, bir xalq rəssamı olaraq əsərlərimdə Azərbaycan tarixini, dəyərlərini əks etdirirəm. Mənim əsas məqsədim gələcəyə düzgün olanı çatdırmaqdır.

Üzeyir Hacıbəyovun portreti - Arif Hüseynov

–  “Qarabağnamə” silsiləsinə Şuşa hansı dəyəri qatır?

–  Mən bir dəfə çoxdan Şuşada olmuşam, amma hələ yeni Şuşanı görməmişəm. Amma tarixini bilirəm və bildiyimiz kimi bu gün Şuşa mədəniyyət paytaxtı olaraq yenidən canlanır. Şuşaya xas olaraq “Qarabağnamə” silsiləsində bir çox muğam ustalarının rəsmlərini çəkmişəm. Habelə həmin muğam ustalarının köhnə rəsmlərini tapmışam və qrafik üsulla cavanlaşdırmışam. Bunu etməklə tək istəyim olub, o da, “Şuşa muğam məktəbi insanlarda bir dəyər kimi daim qala bilsin”, deyə.

Qarabağnamə -Ağdam (AZƏRTAC)

–  Qarabağda açıq havada olan sərgidə əsas duruş nə idi?

–  Ağdamda uçmuş binaların qarşısında “Qarabağnamə” əsərlərimi nümayiş etdirmişəm. Düzdür, belə baxanda onlar adi bina kimi gələ bilər, amma əsas orada olan obrazları tuta bilməkdir. 

Mən kreativ addım atdım, əsərləri çəkdim və aparıb həmin abidələrin qarşısında ictimaiyyətə təqdim etdim. Mən heç bir halda istəmirdim ki, həmin əsərlər muzeylərdə nümayiş olunsun. Mənim istəyim o idi ki, dağılmış Ağdam teatrı qarşısında əsərləri nümayiş etdirim və buna da nail oldum. 
Düşünürəm ki, bununla dünyaya bir mesaj verdim. “Bu dağıntılar vəhşiliyin nəticəsidir və bunu edən insan varlığı var, o da Azərbaycanın düşmənidir”.
 

Xalq rəssamı Arif Hüseynovun Ağdam şəhərində “Ağdam Cümə məscidində azan səsi”, “Ağdam teatrının məhvi”, “Şahbulaq qalası” adlı əsərlərini nümayiş etdirib.

Dram Teatrının qalıqlarının qarşısında keçirilən təqdimat mərasimində çıxış edən zaman Xalq rəssamı Arif Hüseynov təqdim olunan əsərlər barədə belə deyib: "Təqdim etdiyim, “Ağdama ithaf” üçlüyü işğaldan azad olunmuş Qarabağa səfəri ilə bağlı təəssüratının yeni bədii ifadəsidir. “Ağdam teatrının məhvi”, “Şahbulaq qalası” və “Ağdam Cümə məscidində azan səsi” adlanan triptixin başlıca ideyası xeyir və şər qüvvələrin mübarizəsi, erməni xislətinin ifşasını təşkil edir. Triptixin mərkəzi hissəsi Ağdam teatrının acı taleyinə həsr olunub. Teatr binasının üçtağlı fasadının qarşısından səhnəyə uzanan pillələrin ətrafında şər qüvvələrin “Leyli və Məcnun”, “Don Kixot” və “Otello” tamaşalarındakı obrazlara həmləsinə təsirli bədii görkəm vermişəm".

 
 

 

–  Ağdamda olan zaman ən çox sizə təsir edən nə oldu?

–  Orada mənə ən çox təsir edən qəbirləri dağıtmaqları oldu. Ağdamda qəbirstanlığa getdim və orada məzarları traktorla dağıtmışdılar. Görünən o idi ki, düşmən qəbirlərə qarşı da vəhşilikdən qaçmır. Mən məhz bayaq dediyim obrazları edərək dünyaya mədəniyyət düşmənı bir milləti tanıtdım. Düzdür, bina elə bir ünsür deyil, amma orada mədəniyyəti boğub, məhv edən düşmən ünsürü var.

Açıq havada sərgi - Ağdam (AZƏRTAC)


–  Gələcəkdə yaradıcılığınızla erməni vandalizmini əks etdirməklə bağlı bir planınız varmı?

–  Məhz sonuncu olaraq Ağdamda atdığım addım bu məqsədi daşıyırdı. Gələcək üçün isə belə bir layihəm var ki, dağıdılmış şəhərlərimizi, rayonlarımız, qəsəbə və kəndələrimizi bir sıra rəssamlarla birgə gedib çəkək. Bununla biz tarixi yaşadaq və gələcəyimizə təhvil verə bilək.

 

Dönməz Hüseyin


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.