Bakı 14˚C Sunny

"Pis millət yoxdur" ifadəsinə yenidən baxmalıyıq - Niyazi Mehdi

Eksklüziv 18:01 30 sen, 2021

Azərbaycan Prezidenti İlham Əliyev ermənilər, ruslar və avropalılar tərəfindən həddən artıq mülki şəxs kimi qəbul edilirdi

"Pis millət yoxdur" ifadəsinə yenidən baxmalıyıq - <span style="color:red">Niyazi Mehdi</span>


Ordusu, xalqı, siyasi rəhbərliyi ilə birgə bütün Azərbaycan Vətən Müharibəsi zamanı vəhdət göstərdi. 

Azərbaycan işğalçı düşmənə qarşı birlik göstərərək 30 illik həsrət son qoydu. Bu qələbə bütün xalqın əzmkarlıq nümunəsinə çevrildi və əsrlər boyu yaddaşlara həkk olunacaq. 

Qazet.az “44 GÜN” adlı yeni layihəsində şanlı savaş tariximizin hər bir günü Azərbaycan ziyalılarının yaşantılarını parça-parça, damcı-damcı bir bütövə toplayır. Bu gün 41-ci gündür.

44 GÜN LAYİHƏSİ
 

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü, filosof Niyazi Mehdi müharibə dövrü və Azərbaycan cəmiyyəti haqda fikirlərini Qazet.az-a müsahibəsində açıqlayıb.

–  44 günlük Vətən Müharibəsini necə qiymətləndirirsiniz?
–  44 günlük Vətən Müharibəsi gerçəklik qatında başlayıb, sürsə də, sanki Azərbaycan dövləti tərəfindən Aristoteldən, ortaçağ mədəniyyətimizdən gələn təəccüb doğuran mətn kimi qurulmuşdu. Derrida deyirdi ki, hər şey mətndir. Bu mənada 44 günlük Vətən Müharibəsini də mətn adlandıra bilərik və bu mətnin Dövlət və Ali Baş Komandan tərəfindən təəccüb paradiqmasında biçilib yapılmışdır.
Böyük şeyləri gizlətmək olmaz
Azərbaycan ordusunun yüksək hazırlığı hamımız üçün gözlənilməz oldu. Böyük şeyləri gizlətmək olmur. Ordunun texniki imkanlarını, yüksək döyüş peşəkarlığını indiki kəşfiyyat-izləmə vasitələri ortamında gizlətmək mümkün deyil. Ancaq Azərbaycanda bu sirr elə qapalı saxlanılmışdı ki, hətta bizim vəzifəsinə görə xəbəri olmalı olan yetkililər üçün də ordumuz, gənclərimiz təəccüblü oldu. Hamının “ağzı yırtıq” olduğu bu dünyada heç kim bilmirdi ki, Azərbaycan ordusu axıracan gedəcək. Ona görə də qələbəmiz hamını mat qoydu.


–  Vətən müharibəsi ermənilər haqda olan miflərə necə təsir etdi?

– Azərbaycanlılarda tarixən ermənilər haqqında “bic millət”, "bacarıqlı millət" düşüncə qəlibi formalaşıb. 44 günlük savaşdan sonra bu qəliblər dağıldı: erməni politoloqların, bloqerlərin çoxusu düşüncə və siyasi mədəniyyət baxımından aşağı səviyyədə olduğu bəlli oldu.

Azərbaycan elmi "pis millət yoxdur" ifadəsinə yenidən baxmalıdır

Hər bir milli mədəniyyətin mahiyyətində düşmənçilik və humanizm başlanğıcı gizlənir. Ancaq ideologiyalar yalnız bu başlanğıclardan birini yetkinləşdirib qabarıq edə bilir. Erməni millətçiliyi erməni millətinin mahiyyətindəki düşmənçilik potensialını aktivləşdirdiyi üçün azərbaycanlılarda bu millətə nifrət və qəzəb yaranıb. Biz bu qəzəbimizə, nifrətimizə görə utanmamalıyıq. Yaralarımız qaysaqlanacan bu müqəddəs nifrəti saxlaya saxlaya bilərik. Dağıdılmış Ağdam, Füzuli Ermənisatnın bizə, Türkiyəyə torpaq iddiaları tək-tük erməninin xisləti deyil, ermənilərin çoxunun əqidəsidir. Ağdam, Füzuli, Xocalı qətliamına görə utanan, peşman olan təkəm-seyrək erməni tapılar. Bu üzdən bütün qonşular birləşib erməniləri xəstə psixologiyadan arındırmalıdır ki, onlar millət kimi nifrətli qavranılmasınlar.

Qafqaz və yalançı stereotiplər

Ermənilər azərbaycanlılarla bağlı öz miflərinin qurbanı oldu. Bir mif o idi ki, Azərbaycanda yeni nəsil Qarabağın itirilməsi ilə barışıb. İkinci mifsə o idi ki, Rusiya və Qərb Azərbaycan Prezidentinə basqı etsə, o geri çəkiləcək, ona görə də o, bunu bilib sürəkli savaşa erişməz. Ermənilərin bu inamını və gözləntilərini dağıtdığı üçün Azərbaycan prezidenti və ordusu onları mat qoydu. Ancaq bu təəccüb təbii ki, erməniləri estetik ləzzətə yox, dərin mənəvi böhrana uğratdı.


–  Müəyyən bədbin stereotipləri necə aşdıq ki, bu, bizi qələbəyə apardı?

–  44 günlük Vətən savaşı bir daha göstərdi ki, bizdə öz millətimiz və eyniyyətimiz haqqında olan düşüncələr çox prozaik imiş, yəni gündəlik yaşamın ritmi əxlaqi ziddiyətləri bir-birini bəyənməz adamları və bizdə çox bədbin stereotiplər yaradır. Hətta Mübariz İbrahimovun igidliyi belə bu stereotipin yanlış anlaşılmasına gətirmişdi. Vətən savaşı millətimiz və eyniyyətimiz ilə bağlı bu stereotipi darmadağın etdi. Çoxlarımız millətimizdə olan adamların fədakarlığına mat qaldı. Savaş bizi bilmədiyimiz yöndən tanıtdı. Bu gözlənilməzlik bizi təəccübləndirdi

 

–  Qələbədə siyasət və strategiya nisbətini necə dəyərləndirirsiniz?

–  Bütün mədəniyyət sanki anti-gözlənməzlik paradiqması üzərində qurulur və insana gərəkli olmasını bununla anladır. Normalar, qanunlar, törənlər, gələnəklər hamısı insan ilişkilərini proqnozlaşan sıraya salır. Hətta siyasətdə belə, nə və necə edəcəyi proqnoz olunan dövlət daha yaxşı tərəfdaş sayılır. Karl Popperə görə, dövlətin iqtisadi davranışı gözlənilməz olmamalıdır, yəni qəfildən tutalım vergi qanunvericiliyi dəyişdirilməməlidir, öncədən iş adamlarını xəbərdar etməlidir ki, işlərini bilib ölçü götürsünlər.

Biz gənclərimizdən amalsız, məsuliyyətsiz yaşayan məxluqlar kimi narazı idik

Prezident İlham Əliyev 27 sentyabr 2020-ci ildə min ağızdan gələn avazın arasında birdən-birə hamını mat qoyan unison yaradıb, hamını heyran etdi. Bizə Azərbaycanı kəşf etdi. Biz gənclərimizdən amalsız, məsuliyyətsiz yaşayan məxluqlar kimi narazı idik. Elə etdi ki, şəhidliyə hazır gəncliyimizə, millətimizə gözlərimiz açıldı. Bildik ki, hamısı erməni işğalı üzündən dərin əzabda imiş, üzdə bayram şənlikləri edəndə belə. Bizə Prezident İlham Əliyev möcüzəsi lazım imiş ki, işğalçı düşmənimizə qarşı dağılan evlərin, şəhid itkilərinin ağrısına baxmayaraq sərt qaya kimi dura bilək. Ordumuz və Prezidentimiz bizi belə bir möcüzəyə saldı.

Azərbaycan Prezidenti İlham Əliyev ermənilər, ruslar və avropalılar tərəfindən həddindən artıq mülki şəxs kimi qavranılırdı

Azərbaycan Prezidentinin erməniləri barış danışıqları uzansa, savaşla hədələməsi ermənilərə, ruslara və avropalılara poker oyunundakı blöf kimi görünürdü. Savaşın 3-4 günündən sonra dayanmayıb davam etməsi hamını mat qoydu. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ermənilər, ruslar və avropalılar tərəfindən mülki şəxs kimi qəbul edilirdi. 44 günlük savaşda o, hamını hərbi starteq və siyasi istedad kimi mat qoydu.

 

Dönməz Hüseyin


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.