Bakı 14˚C Sunny

Psixiatr: “Qaziləri aqressiv münasibətdən qorumaq lazımdır”

Gündəm 16:09 27 iyl, 2022

Posttravmatik stres pozuntusu müalicə olunur

Psixiatr: “Qaziləri aqressiv münasibətdən qorumaq lazımdır”

“Vətən müharibəsində iştirak edən qazilər əksər hallarda özlərinə qapanır və əsəbi olurlar. Təəssüf ki, sonradan etdiklərini xatırlamırlar. Bunun təsiri ilə də onlarda depressiv əlamətlər meydana çıxır”.

Qazet.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, psixiatr Aydan Cabbarova nazirliyin “Instagram” hesabında postmüharibə dövründə reabilitasiya prosesi ilə bağlı danışarkən deyib.

O bildirib ki, posttravmatik stres pozuntusu müalicə olunur:

“Hər kəsin yanaşı travmaları var. Lakin müalicənin gecikdirilməsi başqa problemlərin yaranmasına da səbəb ola bilər. Bir çoxları dərman müalicəsindən yuxu və asılılıq səbəbindən imtina edirlər. Sağlamlıqlarına yan təsir etməməsi üçün diqqətlə dərman müalicəsi təyin edilir. Yan təsirlər barədə də məlumatlar verilir ki, dərman müalicəsi bitdikdən sonra yan təsirlər də qalmasın”.

Psixiatrın sözlərinə görə, dərman müalicəsi minimum 3-6 ay davam etsə də, bu o demək deyil ki, effekti yalnız 6 aydan sonra görmək olar:

“Dərman qəbulundan ilk 10 gün sonra müalicənin effektini görmək olur. Mənfi halların geri qayıtmaması üçün müalicə davamlı şəkildə aparılır. Qazilərin travmasından asılı olaraq ortalama terapiya müddətini təyin etmək olar. Qazinin müalicəsi stasionar qaydada aparılması travmanın ağırlıq dərəcəsindən asılıdır.

Ailə üzvləri, yaxın ətrafı qazilərin həssas durumunu nəzərə almalıdır. Onları yüksək və qəfil səsdən, aqressiv münasibətdən qorumaq lazımdır. Hamı aqressiv ola bilər, amma qazilərin vəziyyəti fərqlidir. Dərmanlar effektini göstərməyə başlayanda onsuz da əvvəlki həyatlarına qayıtmış olacaqlar”.