Bakı 15˚C Mostly sunny

"Pul üçün heç vaxt filmə çəkilməmişəm" Tariyel Qasımov - MÜSAHİBƏ

Eksklüziv 11:30 02 avq, 2022

“Mən təkliflərdən imtina edirəm”

"Pul üçün heç vaxt filmə çəkilməmişəm" Tariyel Qasımov - MÜSAHİBƏ

Görkəmli incəsənət xadimi, teatr və kino aktyoru, Xalq artisti Tariyel Qasımovun müsahibəsini təqdim edirik. 

Qazet.az xəbər verir ki, Tariyel Qasımov müsahibənin əvvəlində sənətə gəlməyi barədə məlumat verib. O, bildirib ki, ilk olaraq təhsil həyatıma Bədən Tərbiyəsi və İdman Akademiyasında başlasam da, akyorluğa olan həvəsim məni bu sahəyə gətirdi. İş həyatına Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına başlayan aktyor bir qədər sonra Gənc Tamaşaçılar teatrında fəaliyyətini davam etdirib. 1966-cı ildə Naxçıvan Dövlət Teatrının təklifi ilə oraya köçən Tariyel Qasımov teatr rəhbərliyinin ona göstərdiyi qayğı və diqqəti xüsusilə vurğulayıb. 1967-ci ildə İrəvan Dövlət  Dram Teatrı "Sevil" tamaşasının səhnəyə qoyulması ilə fəaliyyətə başladı. Balaş obrazını canlandıran akyor 1 il 6 ay orda çıxış edib. 
 

-Səhnə fəaliyyətinizin kino hissəsi hansı film ilə əlamətdar olub?

-Mən İrəvandan qayıdan kimi, 1969-cu ildə "Tacikfilm" kinostudiyası məni "Rüstəm və Söhrab" adlı 3 seriyalı filmə dəvət etdi. Bu təklifə qədər mən cəmi bir filmə çəkilmişdim ki, bu da 1965-ci ildə lentə alınan "Liftçi qız" qısametrajlı filmi idi. Orda bizim görkəmli aktrisamız Xuraman Qasımova ilə eyni filmdə çəkildik. Daha sonra "Özbəkfilm", "Türkmənfilm", "Mosfilm", və Almaniyanın "DEFA" film kinostudiyalarında filmlərə çəkildim. Kino fəaliyyətimin əlamətdar anları 1979-cu ildə "Əməkdar artist", 1991-ci ildə isə "Xalq artisti" fəxri adlarını almağım oldu. 

-Karyeranız müdddətində hansı mükafatlarla təltif olunmusunuz?

-Düzdür, oynadığım tamaşalarda 2 mükafata namizəd olmuşam. Bununla belə, oynadığım digər rollara görə xalq artisti adını qazandım. Özüm teatrlarda quruluşlar vermişəm. Ən böyük mükafatım isə layiq görüldüyüm "Xalq artisti" fəxri adı olub. Ən son aldığım ən dəyərli mükafat isə 2018-ci il dekabr ayının 10-u möhtərəm cənab Prezidentin məni təltif etdiyi 3-cü dərəcəli Əmək ordeni oldu. 

-Özbəkistanla kino əlaqələri necə başladı?

-Ümumilikdə, Özbəkistanda 7 filmə çəkilmişəm və onlardan biri 17 seriyadan ibarət olan "Alovlu Yollarla" filmi olub. Burada Şöhrət Abbasov, Dəmir Salamov, Hacımurad İbrahimov kimi böyük rejissorlarla işlədim.

-Dünya film mediasının və kinostudiyalarının sizə olan marağı hansı səviyyədədir? Qeyd etdiniz ki, Almaniyada fəaliyyətiniz olub, bəs bu kinostudiya ilə necə tanış oldunuz?

-Almaniyanın "DEFA" film kinostudiyasına mən SSRİ Kinomatoqrafiya İttifaqının üzvü olarkən dəvət olundum. 15 Respublikanın kinostudiyalarında mənim portretim olub. Qorki adına Moskva kinostudiyasında olan portretimi görən alman rejissoru Ştefan Bernxard kinostudiyaya dəvət edilməyim barədə müraciət edib. Moskvadan təklif gəldikdən sonra oraya getdim və mənə geyim verildi. Bu geyimdə olan şəklimi çəkərək Berlinə yollayacaqlarını bildirdilər. Bakıya qayıtdıqdan 20 gün sonra teleqram gəldi ki, Mayor Andrey rolu üçün mən təsdiq olunmuşam. 1983-cü ildə mən Berlində "DEFA" film kinostudiyasının hazırladığı "Sonya raport verir" filmində həmin rola çəkildim.
 

-Bəs həmin kinostudiyada qalıb fəaliyyətinizi orada davam etdirməyə sizə nə mane oldu?

-Əslində, mənim bu rolu ifa etməyim rejissor və çəkiliş heyətinin çox xoşuna gəlmişdi. Hətta mənə təklif etdi ki, Berlində qalıb filmlərə çəkilim. Mən azərbaycandan gəldiyim üçün tərəddüdlə yanaşdım. O, mənə Yuqoslaviyanın aktyoru Qoyka Metiçi misal göstərdi. Bu aktyorun yuqoslav olmasına baxmayaraq, hal-hazırda Berlində yaşadığını qeyd etdi. Amma mən öz ölkəmi sevdiyim üçün bura qayıtdım. Digər tərəfdən, mənim teatra sevgim var idi, bu amil də məni Bakıya qayıtmağa məcbur etdi. 

-Almaniyada gördüyünüz şərait ilə buranı müqayisə edə bilərsiniz?

-Deyə bilərəm ki, Almaniya ilə Azərbaycanın bu sahədə olan şəraiti əvəzolunmazdır. Çünki orada aktyora qayğı, hörmət və böyük miqdarda qonorar var. Bizdə isə həmin dövr üçün vəziyyət başqa idi. Aktyorlar səhər saat 9-da çağırılırdı və axşam saat 5-ə qədər tamaşalarda rollar ifa edirdi, bunun nəticəsi kimi aktyor yorulub əldən düşürdü. Almaniyada isə dəqiqlik yüksək səviyyədə idi. Məsələn, bir dəfə Potsdamda oteldə qalarkən səhər 9-da almanlar mənimlə görüşəcəklərini bildirdilər və mən 9-a 15 dəqiqə qalmış gəlmişdim. Onlar isə düz saat 9-da gəldilər. Çatandan sonra mənə dedilər ki, ilk dəfə görürük ki, Sovet aktyoru dəqiqdir.

-Ən uğurlu filminiz hansı olub?

-Çəkildiyim filmlər arasında mənə şöhrət gətirən "Özbəkfilm" kinostudiyasının lentə aldığı "Alovlu Yollarla" filmində ifa etdiyim Mahmudəli obrazı olub. Belə baxanda isə özümü tərifləmək kimi çıxmasın, bütün oynadığım rollar uğurlu olub. 

-Bu sahəni seçərkən əsas amil sizin üçün nə oldu?

-Akyorluğu seçərkən heç vaxt düşünməmişdim ki, mənim pulum olacaq, Prezident təqaüdçüsü olacam, fəxri ad alacam. Mənim yeganə arzum o idi ki, akyor olum, filmlərə çəkilim. 

-Rejissorlarla münasibətiniz necə idi?

-Heç bir rejissor ilə problem yaşamamışam. Mənim təəssüfləndiyim məqam odur ki, Azərbaycan rejissorları məndən az istifadə edirlər. Yalnız mən başqa ölkələrdə filmə çəkildikdən sonra onlar məni dəvət etməyə başladılar. 

-Müasir dövrdə ölkəmizdə olan kino və teatrlar barədə fikirləriniz?

-Hal-hazırda bizdə dövlət filmi yoxdur. Filmlərin çəkilməməsi, lentə alınan filmlərdə isə heyətdə qeyri-professional insanların yer alması onların keyfiyyətini xeyli aşağı salır. Mən 5 il ərzində 3 dövlət filminə çəkildim. Son dövrlər cənab Prezidentin bu sahəyə olan diqqəti və film sektoruna ayırdığı 5 milyon manat vəsait qeyd olunmalıdır. Ümid edirəm ki, bundan sonra filmlərin keyfiyyəti keçmişdə olduğu vəziyyətinə qayıdar. 

-İndiki dövrdə sizə hansı rol təklif olunsa ürəklə onu ifa edərsiz?

-Açığını desəm, bütün seriallara dəvət alıram və mənə film təklifləri də olur. Bəzi hallarda ssenarinin zəif olması səbəbilə və ya komanda işinin olmamasına görə mən təkliflərdən imtina edirəm. Bütün rejissorlara ilk olaraq, ssenarini mənə təqdim etmələrini xahiş edirəm. Qonorar mənimçün vacib deyil. İfa etdiyim rol ilk növbədə tamaşaçıların xoşuna gəlməlidir. Pul üçün heç vaxt filmə çəkilməmişəm. 

-Ən çox sevdiyiniz rol hansı olub?

-"Doğma Sahillər" filmində rol aldığım Polkovnik Nəsibov obrazı mənimçün çox əzizdir. Burada mən Rasim Balayev ilə eyni filmdə yer almışam. O, İran tərəfdən polkovnik, mən isə SSRİ tərəfdən polkovnik obrazını canlandırdım. 

-Tamaşalarda ən çox bəyəndiyiniz tərəfdaşınız kim olub?

-Xuraman Hacıyeva, Nübar Novruzova, Naibə Allahverdiyeva, Yusif Vəliyev, Süleyman Ələsgərov, Yasin Qarayev, Elşən Rüstəmov.

- Teatr və film sahəsində qarşılaşdığınız çətin məqamlar hansılardır?

-1966-cı ildə Naxçıvana gedərkən yeni ailə qurduğum üçün burada mənim həm maaşım az idi, həm də evim yox idi. Naxçıvanda isə məni evlə təmin etdilər və münasib məbləğdə qonorar da ödədilər. 

-Qeyd etdiniz ki, İdman İnstitutunda bir müddət təhsil almısız. İndi sizə idmançı obrazı təklif olunsa qəbul edərdiniz?

-Tacikfilm kinostudiyasında "Rüstəm və Söhrab" filminə çəkilərkən orada bir səhnə var idi. At çapmaq səhnəsi və bu səhnədə at məni yıxmalı idi. Gəlib görəndə ki, mənim ifa edəcəyim obrazın geyimini kimsə geyinib, mənə dedilər ki, bu rolu dublyor ifa edəcək. Mən təkid etdim ki, bu səhnəni özüm oynamaq istəyirəm və rejissor Boris Alekseyeviçə deyəndə cavab verdi ki, sən şəhər adamısan və bu at Rostovdan gətirilib və çox möhkəm qaçırlar. Bununla belə mən səhnəni canlandırdım və 3-cü dublda at məni yıxarkən qolum çıxdı. Amma indiki məqamda o səhnədən qolumda qalan ağrılar səbəbilə idmana aid rolları ifa edə bilmərəm. 

-Gənc aktyorlara məsləhətiniz nə olardı?

-Əsas olan filmə çəkilib tanınmaq deyil, mənimçün əsas peşəyə olan sevgi və hörmətdir. İndiki gənclər tez tanınmaq istəyir, onlar akyorluğu yox, özlərini sevirlər. Ancaq bu sənəti sevib gəlmək lazımdır. Aktyor sənəti çətin sənətdir. İlk olaraq bu sənətdə olan əsas amillər peşəyə olan sevgi və istedaddır.



 



Söhbətləşdi: Azad Nuriyev